Sual: Mən milliyətcə Almanam. 5 il bundan qabaq müsəlmanlığı qəbul etdim. İslam dininin vacibatını yerinə yetirirəm. Çalışıram ki, əsl müsəlman kimi yaşayım. İnanıram ki, düzgün yolu seçmişəm. Bir neçə gün bundan əvvəl bir dostumun atası öldü. Mənə uzun müddət dəstək olub kömək edən və xətrini çox istədiyim bu insanın cənazə mərasimində iştirak etmək istədim. Bu ailə mən müsəlman olandan sonra da mənə hörmət edən bir ailədir. Mənə dedilər ki, müsəlman olmayanların dəfn mərasimində iştirak etmək, eləcə də, qəbrini ziyarət etmək olmaz. Dəlil olaraq da Tövbə surəsinin 84-cü ayəsini göstərdilər. Mən isə müsəlmanların qeyri-müsəlmanlarla əlaqələrində Mumtəhinə surəsinin 8 və 9-cu ayələrindən başqa bir sərhəd görmürəm. Bu məsələ ilə maraqlandım. Ancaq bir nəticəyə gələ bilmədim. Müsəlman bir qardaşım sizin saytınıza yazmağımı məsləhət gördü. Əsl sualım budur: Mənim ailəmdə və ətrafımda olanlar xristiandırlar. Ata-anam və bacı-qardaşlarım məndən əvvəl ölsələr, onların dəfn mərasimində iştirak edə bilərəm? Onlar İslamı seçmirlər. Ona görə də dəfn mərasimləri də İslama əsasən keçirilməyəcək. Mən bu məsələdə nə cür hərəkət edə bilərəm? Bütün məqsədim İslam dininin qayda-qanunları daxilində hərəkət etməkdir. Təşəkkür edirəm və işlərinizdə müvəffəqiyyət diləyirəm.
Cavab: Ailə, qohum-əqrəba və dost-tanışlarınızdan ölənlərin dəfn mərasimində iştirak edə bilərsiniz. Bu məqsədlə kilsəyə gedib başsağlığı da diləyə bilərsiniz. Amma onlar üçün dua oxumağınız münasib deyil. Çünki qeyri-müsəlman olaraq öldükləri qəti surətdə bilinən insanlara rəhmət oxumaq caiz deyil. Yəni, düzgün deyil. Bu, aşağıdakı ayələrə əsasən qadağandır:
“Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər”. (Tövbə, 9/84)
“Cəhənnəm əhli olduqları açıq-aydın məlum olduqdan sonra qohum olsalar belə, (Allaha) şərik qoşanlar üçün mərhəmət diləmək nə peyğəmbərə yaraşır, nə də möminlərə”. (Tövbə, 9/113)
Siz ailə üzvləriniz və tanışlarınıza qarşı yaxşı rəftar edin. Dostluq etmək qadağan olan şəxslərin xüsusiyyətləri belədir:
1) Onların bizimlə dinimizə görə müharibə etmələri;
2) Bizi yurd-yuvamızdan çıxartmaqları;
3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.
Biz müsəlmanlar bu xətləri keçənlərlə dostluq əlaqəsi qurmuruq. Sualınızda qeyd etdiyiniz şəxslər bu xüsusiyyətləri daşımadıqlarına görə onlarla münasibətlərinizi yaxşı saxlamaqda bir problem yoxdur.
Bu məsələ ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/434.html
http://www.muselmanlar.com/fitvalar/2078.html
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.