Sual: Ölən qeyri-müsəlman (xristian, yəhudi, buddist və sairə) insanlar haqqında: “Allah rəhmət eləsin”, - demək olar? Müsəlman belə deyə bilər? İslamda buna icazə var?
Cavab: İslam dininə əsasən müsəlman bir şəxs dini bir məsələyə dair fikrini bildirdiyi vaxt hər şeydən əvvəl dinin əsl mənbəyi olan Qurana müraciət etməlidir. Əks təqdirdə, dediyi şeylər ancaq öz sözlərindən başqa bir şey ola bilməz. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda öldükdən sonra müsəlman olmayan bir insana rəhmət diləmək və Fatihə oxuyub dua etməyi Quran ayələrinə əsasən izah etmək olar. Allah Təala müsəlman olmayanlara rəhmət oxumaq barədə başda peyğəmbər olmaqla, heç bir möminə icazə verməyib:
“(Kafir olaraq ölüb) Cəhənnəm əhli olduqları açıq-aydın məlum olduqdan sonra qohum olsalar belə, (Allaha) şərik qoşanlar üçün mərhəmət diləmək nə peyğəmbərə yaraşır, nə də möminlərə”. (Tövbə, 9/113)
Tövbə surəsinin növbəti ayəsi də bu məsələ ilə yaxından əlaqəlidir:
“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi”. (Tövbə, 9/114)
“Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər”. (Tövbə, 9/84)
Allah kimlərə rəhmət edəcəyini Quranda bildirib:
“Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək) Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”. (Əraf, 7/156)
Yuxarıdakı ayələr açıq-aydın göstərir ki, müsəlman olmadan ölənlərə Allahdan rəhmət diləmək olmaz.
Bu açıq-aşkar ayələrə baxmayaraq müsəlman bir insan müsəlman olmadan ölən bir nəfər barədə: “Allah rəhmət eləsin”, – desə, peyğəmbər də başda olmaqla, heç kəsə icazə verilməyən bir iş görmüş olar və aşağıdakı ayəyə əsasən bu diləyi heç qəbul da olunmaz.
“Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz”. (Tövbə, 9/80)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.