Sual: Müsəlmanların müsəlman olmayanlarla münasibətləri necə olmalıdır? Quran bunu necə izah edir?
Cavab: Qurani-Kərimdə belə deyilir:
“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)
Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:
1) Onların bizimlə dinimizə görə müharibə etmələri;
2) Bizi yurd-yuvamızdan çıxartmaqları;
3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.
Biz bu xətləri keçənlərlə dostluq münasibəti qura bilmərik.
TÖVBƏ SURƏSİNİN 5-Cİ AYƏSİ
Yeri gəlmişkən, belə bir fikir irəli sürülür ki, Tövbə surəsinin 5-ci ayəsi müsəlmanlarla qeyri müsəlmanlar arasındakı münasibətlərdə əsas götürülür. Həmin ayə belədir:
“Haram olan aylar çıxanda (onlara verilən 4 ay möhlət başa çatanda) o müşrikləri harada görsəniz, öldürün; onları yaxalayın, həbs edin və bütün keçid başlarını (yollarını) tutun. Amma əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Allah bağışlayandır, Onun yaxşılığı sonsuzdur”. (Tövbə, 9/5)
Bu ayə qeyd etdiyimiz “qırmızı xətlərin” hamısını keçmiş, yəni, həddini aşmış, Hüdeybiyyə sülh müqaviləsini pozmuş, Məkkənin fəth edilməsindən sonra 1 il toxunulmamış, bununla yanaşı, 4 ay əlavə möhlət verilmiş Məkkə müşriklərinə edilən axırıncı xəbərdarlıq ilə əlaqədar ayələrdən biridir. Burada bəhs edilən hallara oxşar bir vəziyyət yaranmasa, bu hökmlər tətbiq edilməməlidir. Ayəyə başqa bir məna vermək da düzgün deyildir.
MÜSƏLMAN OLMAYANLARIN TƏHQİRLƏRİ
Allah belə buyurur:
“Siz mallarınız və canlarınızla çətin bir imtahandan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən çox təhqiramiz sözlər eşidəcəksiniz. Əgər səbr edib qorunsanız, əlbəttə, bu, əzm lazım olan işlərdəndir”. (Ali-İmran, 3/186)
İnsana əziyyət verən sözlər və təhqirə məruz qalmaq yuxarıda göstərilən “qırmızı xətlərdən” olmadığına görə belə şeylərə qarşı səbirli, tədbirli və təmkinli olmaq lazımdır.
Peyğəmbərimiz Məhəmməd (s. a. v.) əvvəlcə müsəlman olan, lakin sonradan dindən üz döndərən və problem yaradıb çətinlik törədən ikiüzlü insanların əlindən çox bəlalar çəkmiş, amma onlara qarşı faktiki bir cəza tətbiq etməmişdir.
Munafiqun surəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir:
“O münafiqlər sənin yanına gələndə belə dedilər: “Biz şahidik ki, sən həqiqətən, Allahın elçisisən”. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, o münafiqlər tamamilə yalan danışırlar. Onlar öz andlarını qalxan edib, Allahın yolundan çıxdılar. Onların əməlləri necə də pisdir! Bunun səbəbi odur ki, onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər. Sonra qəlblərində başqa bir təbiət meydana gəldi. Artıq onlar anlamazlar! Onları gördüyün zaman cüssələri xoşuna gəlir, əgər danışsalar, sözlərinə qulaq asırsan. Onlar, sanki söykəldilmiş dirəkdirlər. Hər bir səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, onlara qarşı diqqətli ol! Allah onlarını canını alsın, necə də yalana yuvarlanırlar!
Onlara: “Gəlin, Allahın elçisi sizin bağışlanmağınızı diləsin”, – deyildiyi vaxt başlarını bulayırlar. Bir də görürsən ki, təkəbbürlə üz döndərirlər. Sən onların bağışlanmağını diləsən də, diləməsən də, fərqi yoxdur (nəticə dəyişmir). Allah onları bağışlamayacaqdır. Çünki Allah fitnə-fəsad törədənləri doğru yola gətirməz.
Onlar hətta belə dedilər: “Allahın elçisinin yanındakılara bir şey verməyin ki, dağılışıb getsinlər”. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur, ancaq münafiqlər bunu anlamazlar. Onlar: “Hələ bir Mədinəyə qayıdaq, güclü zəifi oradan mütləq çıxardacaqdır”, – dedilər. Halbulki, güc-qüvvət Allaha, Onun elçisinə və möminlərə məxsusdur, lakin münafiqlər bunu başa düşməzlər”. (Munafiqun, 63/1-8)
Zeyd ibn Ərqam bu ayələrlə əlaqədar olaraq aşağıdakıları rəvayət etmişdir:
Biz bir dəfə peyğəmbər əleyhissəlamla birlikdə bir döyüşə getmişdik. Ordumuzun vəziyyəti çətin idi. Abdulla ibn Übeyy öz dostlarına belə dedi: “Allahın elçisinin yanındakılara nəfəqə verməyin ki, dağılışıb getsinlər. Hələ bir Mədinəyə qayıdaq, güclü zəifi oradan mütləq çıxardacaqdır”. Mən bunu dərhal peyğəmbər əleyhissəlama xəbər verdim. O, Abdulla ibn Übeyyi çağırtdırıb bunu onun özündən soruşdu. Abdulla and içdi ki, belə bir şey deməyib. Orada olanlar isə mənim yalan danışdığımı dedilər. Bu, mənə çox pis təsir bağışladı. Sonra Allah Təala tərəfindən Əl-Munafiqun surəsi nazil edildi. ((Buxari, Munafiqun surəsinin təfsiri, 4.))
Elmalılı Muhammed Hamdi Yazır bu məsələ ilə əlaqədar olaraq aşağıdakı məlumatları verir:
Abdulla ibn Übeyy öz tayfasında nüfuzlu və hörmət sahibi bir şəxs idi. Bir gün Üseyd ibn Hudeyr gəlib peyğəmbərə: “Ey Allahın elçisi! Ona fikir vermə, onunla xoş rəftar et. Vallah, Allah səni peyğəmbər göndərdiyi vaxt Abdulla ibn Übeyyin tayfası ona tac geyindirmək üçün muncuq düzürdü. Ona elə gəlir ki, sənin hökmdarlığını əlindən alıb”.
Abdulla ibn Übeyyin oğlu Abdulla isə atasından fərqli olaraq təmiz bir mömin idi. O, atasının etdiklərini öyrənən kimi peyğəmbər əleyhissəlamın hüzuruna gəlib belə dedi:
“Ey Allahın elçisi! Eşitmişəm ki, atamı sizə gəlib çatan sözlərinə görə öldürmək istəyirsiniz. Əgər belə edəcəksinizsə, əmr verin, onun başını sizə mən gətirim. Vallah, bütün Xəzrəc (məşhur Ərəb qəbilələrdindən biri) bilir ki, onların arasında öz atasına məndən çox hörmət göstərən yoxdur. İndi isə qorxuram ki, başqa bir adama əmr verəsiniz və o, atamı öldürə. Belə olarsa, mən atamın qatilinin el-oba arasında gəzməyinə dözə bilməyib onu öldürərəm. Beləliklə, bir kafirin əvəzinə bir mömin öldürüb Cəhənnəmlik olaram”.
Peyğəmbər əleyhissəlam Abdullanın bu sözlərindən sonra ona:
“Xeyr, biz ona qarşı alicənablıq edərik. O, bizim aramızda olduqca onunla onunla xoş rəftar edərik”, – deyə buyurdu. ((Elmalılı Muhammed Hamdi Yazır, Haqq Dini, Qur’an Dili, VI cild, İstanbul, 1936, s. 5005-5008.))
Burada Abdulla ibn Übeyyin hərəkətləri çox pis olsa da, haqqında danışdığımız üç “qırmızı xətdən” heç birini “keçmədiyinə” görə peyğəmbər (s. a. v.) onunla yuxarıdakı ayələrə əsaslanaraq yaxşı rəftar etmişdir. Abdulla kimi şəxsləri ən çox narahat edən məsələ də onların həqiqətlərlə üz-üzə gəlmələridir. Bu şəxslərin pis əməllərini ayələrdəki kimi saydıqdan sonra cəmiyyətdə belə bir rəy formalaşır ki, onlar mütləq cəzalandırılmalıdırlar. Bundan sonra onlarla yaxşı rəftar etmək əslində onların özlərini tək-tənhalığa aparır və hətta öz tərəfdarlarını da itirirlər. Həqiqətən də, peyğəmbərimizin xoş rəftarı Abdulla ibn Übeyyin ətrafındakı insanların müsəlman olmasına gətirib çıxarmışdır.
DİNDƏN ÜZ DÖNDƏRƏNİN VƏ PEYĞƏMBƏRİ TƏHQİR EDƏNLƏRİN ÖLDÜRÜLMƏSİ MƏSƏLƏSİ
Yuxarıda göstərilən ayələrdəki «onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər» ifadəsi bizə bu şəxslərin mürtəd olduqlarını açıq-aşkar bildirir. Lakin məzhəblərin hamısı bu və ya buna bənzər ayələrin məzmununa baxmayaraq mürtədlərin öldürülməli olduqlarınu deyirlər.
Ayələrdə “Onlar düşməndirlər, onlara qarşı diqqətli ol”, – deyilir və burada bundan başqa bir hökm yoxdur. Məzhəblər yenə buna baxmadan və tutarlı bir dəlilə əsaslanmadan peyğəmbəri (ə. s.) təhqir edənlərin öldürülməli olduqlarını irəli sürürlər. ((Vəhbə Əz-Züheyli, Əl-fiqhul-İslami və ədillətuh, 3. nəşr, Dəməşq, 1409/1989, VI cild, s. 184.))
Bütün bunlardan belə bir nəticə çıxır ki, indiki dövrdə bu məsələlər ilə əlaqədar ən böyük çətinliyimiz müsəlmanları Qurani-Kərimin ətrafında toplamaqdan ibarətdir. ((Müəllif: Abdulaziz Bayındır (İlahiyyat elmləri doktoru, İstanbul Universitetinin İlahiyyat fakültəsində profesor))
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.