Müsəlmanlar

Şagirdlər Quran dərsində mütləq dəstəmazlı olmalıdırlar?

Sual: Quran oxumaq üçün dəstəmaz almaq lazımdır? Qurana toxunmaq və onu oxumaq istəyən qız və qadınlar başlarını örtməlidirlər?

Cavab: 1) Qurani-Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur. Maidə surəsinin 6-cı ayəsi və Muhəmməd peyğəmbərin mötəbər hədislərinə əsasən dəstəmaz almaq Quran oxumaq və ona toxunmaq üçün deyil, təkcə namaz üçün lazımdır. Başqa cür desək, dəstəmaz almaq ancaq namaz qılmaq üçün lazımdır. Kitablarda qeyd olunan “Qurana dəstəmazsız toxunmaq olmaz, onu dəstəmazsız oxumaq olmaz” hökmü zəif hədislərə istinad edir; onlara əsasən əməl etmək mümkün deyil.

Qeyd edək ki, təkcə Quran kitabına deyil, Quranın yüklü olduğu hər növ kompyuter, mobil telefon, USB kart və oxşar cihazlara da dəstəmazsız toxunmaq olar. Bunda dini cəhətdən heç bir eyib və qadağa yoxdur.

Bu, zərurət halına əsasən təkcə Quran oxumağı öyrənən şagird və tələbələr üçün qüvvədə olan bir şey deyil. Eyni zamanda Quran oxumaq və ya ona toxunmaq istəyən hər bir müsəlman və ya müsəlman olmayan bir şəxs üçün də qüvvədədir. Qısa desək, hamı Quran kitabını oxuya bilər.

2) Şagird və tələbə olan və olmayan bütün qızlar xüsusi günlərində (menstruasiya dövrü) Quranı istər Ərəb dilində orijinaldan, istərsə də hər hansı bir dildəki tərcüməsindən oxuya bilərlər. Ona toxuna və dua edə bilərlər. Yaddan çıxartmamaq lazımdır ki, qızlar xüsusi günlərində sadəcə olaraq namaz qıla bilməzlər.

3) Həddi-büluğ dövrünə çatmış hər bir müsəlman qız ona dini cəhətdən yad olan kişilərin yanında başını bağlamalıdır. Bu, dinin qəti bir əmridir. Ancaq başı bağlamaq Quran oxumaq üçün şərt deyil. Odur ki, Quran dərsində qızlar başlarını bağlamasalar, olar. Çünki bu, onların Quran oxumağına və dərsdə iştirak etməklərinə mane olan bir şey deyil.

Burada bir sual yarana bilər: Bəs Quran oxuduğumuz vaxt nə edək?

Allah bununla əlaqədar olaraq belə deyir:

“Quran oxunduğu vaxt qovulmuş şeytandan Allaha pənah apar (Ona sığın).” (Nəhl, 16/98)

Bu ayədən də məlum olur ki, Quran oxuduqda şeytandan Allaha sığınmaqdan başqa bir iş görmək lazım deyil.

Səhabə Abdulla ibn Abbasın rəvayətinə əsasən bir dəfə Muhəmməd peyğəmbər (s. a. v.) ayaqyolundan çıxmışdı. Ona xörək hazırlamışdılar. Oradakılar: “Dəstəmaz almağın üçün su gətirək?”, – deyə, soruşdular. O da cavab olaraq belə dedi:

“Mən ancaq namaza durduğum vaxt dəstəmaz alıram. Çünki mənə Allah tərəfindən belə buyurulub.” ((Tirmizi, Ətimə, 40; Əbu Davud, Ətimə, 11.))

Peyğəmbərimiz bu sözü ilə: “Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun. Başınıza məsh çəkin, ayaqlarınıza da topuqlara qədər” (Maidə, 5/6) ayəsinə işarə vurub və bildirib ki, dəstəmaz ancaq namaz qılmaq üçün şərtdir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/1789.html

http://www.muselmanlar.com/fitvalar/1981.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.