Müsəlmanlar
Namaz mütləq məsciddə qılınmalıdır?

Namaz mütləq məsciddə qılınmalıdır?

Sual: Mən peyğəmbərin belə bir hədisini eşitmişəm: “Xüftən və sübh namazlarını camaatla qılmaq münafiqlərə çox ağır gəlir. Əgər bunların nə qədər çox savabı olduğunu bilsəydilər, sürünə-sürünə də olsa, cəm namazına gələrdilər”. Bir də: “Namaza gəlməyənlərin evlərini yandırmaq istədim” hədisini necə başa düşmək olar? Bir də məscidə gedərkən təhiyyatu-l-məscid namazı qılmaq vacibdir?

Cavab: 1) Namazları mümkün olduqca məsciddə qılmaq lazımdır. Əsas məsələ budur. Əlbəttə ki, namazı tək başına da qılmaq olar. Ancaq yaxşı olar ki, məsciddə camaatla qılınsın. Bu məsələyə çox fikir vermək lazımdır.

2) Məscidə getməyənlərinin evlərinin yandırılması ilə əlaqədar hədisi insanları camaat namazına həvəsləndirmək məqsədi güdür. Burada söhbət məscidə getməyənin evini yandırmaqdan gedə bilməz. Muhəmməd peyğəmbər (s. a. v.) camaat namazı üçün məscidə getməyin çox mühüm olduğunu göstərmək üçün belə bir ifadə işlətmişdir. Çünki ibadət məsələsində heç kəsə təzyiq göstərmək olmaz. İstəyən ibədət edər, istəməyən də etməz. Ətraflı məlumat üçün bu keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/3226.html

3) Təhiyyatu-l-məscid məscidi salamlamaq, məscidi canlandırmaq deməkdir. Bir məscidə daxil olub məscidi salamlamaq məqsədilə qılınan namazdır. Bəzi alimlər deyirlər ki, məscidə namaz qılmaq üçün gedən şəxs onsuz da orada vaxt namazını qılır. Odur ki, təhiyyatu-l-məscid namazını mütləq qılmaq lazım deyil. Bununla belə, istək və vaxtdan asılı olaraq 2 rükət təhiyyatu-l-məscid namazı qılmaq yaxşı bir haldır.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.