Sual: Mən bu yaxınlarda Quranla əlaqədar bir televiziya filminə baxdım. Həmin film Alman elm adamı doktor Gerd Puinin tədqiqatları əsasında çəkilib. Filmdə əvvəlcə Quran təriflənir və təqdir edilir. Amma axıra yaxın deyilir ki, Quran dəyişilib, ona başqa dillərdən alınan sözlər daxil olub. Misal kimi huri sözü göstərilir. Deyilir ki, bu sözün əsl mənası üzüm deməkdir. Sizcə bunların bir əsası var, yoxsa yox? Əlavə olaraq, huri sözünün mənası həqiqətən üzüm olsa belə, Quran bu sözə təzə və orijinal mənalar gətirə bilməzmi? Yəni, biz hədislərdən də bilirik ki, hurilər o qədər şəffaf olacaqlar ki, onların iliklərini də görmək mümkün olacaq. Üzüm də şəffaf olur. İçərisi, çəyirdəkləri görünür. Xülasə, bu kimi fikir və iddialar internet şəbəkəsində çoxdur. Mən hamısını yazmadım. Buna bir cavab verməyinizi xahiş edirəm.
Cavab: Bu kimi iddiaların heç bir elmi əsası yoxdur. Quran xitab (müraciət) olunan ilk insanlar Ərəb olduqlarına görə Ərəb dilində nazil edilib. Bununla belə, təfsir və üsul kitablarında qeyd edilir ki, bir neçə söz o dövrdə yaşayan yaxın xalqların dillərindən alınıb və Ərəb dilinə keçib. Bu sözlər ərəbləşib. Nəzərə almaq lazımdır ki, bu sözlər məhz Allah tərəfindən işlədilib və sonralar insanlar tərəfindən dəyişdirilməyib. Bu barədə aşağıdakı keçiddən oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3236.html
Əlavə olaraq, sizin də qeyd etdiyiniz kimi, bütün dillərdə buna oxşar şeylər var. Mənşə etibarilə başqa bir dilə məxsus olan bir söz təzə bir məna qazanaraq ayrı bir dildə də işlədilə bilər. Bu, təbii bir haldır.
İndi isə gəlin, huri kəlməsinin mənşə və mənasına da nəzər salaq:
“Huri sözü ağ olmaq, ağarmaq mənası verən havər kökündən törəyən və sifət olan havranın cəmidir. Azərbaycan dilində tək formada işlədilən huri sözü Ərəb dilində yoxdur. Ərəblər səhrada yaşayan qadınların əksinə, şəhər xanımlarının bədənlərinin ağlığını ifadə etmək məqsədilə havariyyat sözünü işlədirlər.
Havər kökündən əmələ gələn sözlər müxtəlif ayə və hədislərdə bir gözəllik ünsürü kimi gözə nisbət edilib. Ərəb dilçiləri bu halda sözün nə məna verməsi ilə əlaqədar olaraq, yəni, havər sözü ilə ifadə olunan göz formasının hansı xüsusiyyətlərə malik olması barədə müxtəlif fikirlər irəli sürüblər. Məşhur dilçi alim Əbu Səid əl-Əsmai deyir ki, gözdəki havərin nə demək olduğunu bilmir. Ümumiyyətlə dilçilər huri barədə “ağ bədənli, gözünün ağı saf, qarası tünd və yumru, göz qapaqları incə və nazik” təsvirini verirlər. Buna əsasən huri ceyran gözlü, yəni, gözünün hər tərəfi qara olan deməkdir. Belə insan isə olmur.
Müvafiq ayə və hədislərdə hur sözü ilə yanaşı, bəzi hallarda “in” sifəti də qeyd olunur. Buna görə də iri gözlü (şahin gözlü) olmağı da bu təsvirə əlavə etmək lazımdır”. (Mənbə: İslam ensiklopediyası, Bekir Topaloğlu, “Huri” bəndi, 18-ci cild, s. 387. Türk dilində)
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.