Müsəlmanlar

Ölüyə təlqin etmək müstəhəbdir?

Sual: Bəzi adamlar deyirlər ki, qəbirə təzə basdırılan ölülərə təlqin etmək lazımdır; çünki bu, müstəhəb bir əməldir. Bu məsələ həqiqətən də, belədir, yoxsa yox?

Cavab: Təlqinə sübut kimi göstərilən rəvayətlər mötəbər hədis mənbələrində qeyd edilməyib. Əlavə olaraq, hədis alimləri bu rəvayətləri zəif qəbul ediblər. Başqa sözlə, həmin rəvayətlər höccət kimi götürülə bilməz.

Təlqinə dəlil-sübut olduğu deyilən ayələri isə konteksdənkənar formada mütaliə ediblər.

Quranda belə deyilir:

“Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah meyarına müvafiq olana (haqqı) eşitdirir. Sən isə qəbirlərdə olanlara bir şey eşitdirə bilməzsən.” (Fatir, 35/22)

Ölmək üzrə olan şəxsə müsəlman və ya kafir olub olmadığına əsasən hərəkət olunur. Əgər mömindirsə, canını ona əsasən alırlar. ((Vaqiə, 56/90-91.)) Kafirin canı isə müəyyən bir əzabla alınır. ((Fussilət, 41/30.)) Öləndən sonra xeyir və ehsanı davam edənlər ölməmişdən qabaq arxada nəsə qoyub gedənlərdir. Allah onlarla əlaqədar olaraq belə buyurur:

“Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik.” (Yasin, 36/12)

Peyğəmbərimizin belə bir hədisi ((Hədisi Əbu Hüreyrə rəvayət etmişdir.)) var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.” ((Müslim, Vəsiyyət, 14 (1631). Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8.))

İndi isə gəlin, təlqinlə əlaqədar hədis rəvayətlərini tədqiq edən bir yazıya nəzər yetirək:

“Məlum olduğu kimi, ölüyə verilən təlqin bidətdir. Bu məsələyə dəlil-sübut gətirilən rəvayət İbn Qayyimin (vəfat tarixi 1350-ci il) Zadu-l-məad adlı əsərində qeyd etdiyi kimi mötəbər (səhih) deyil. Ən-Nəvəvi (vəfat tarixi 1277-ci il) və digər alimlər də bu rəvayəti zəif hesab ediblər. Sənani (vəfat tarixi 1768-ci il) də Subulu-s-səlam adlı əsərində bu fikrə şərik olduğunu bildirib.

Əslində təlqin edən ölüyə təlqin etməklə onun təzədən müsəlman olmağını istəyir və bununla da gülünc vəziyyətə düşür. Həzrəti peyğəmbərin bu məsələdəki sünnəsi meyyit basdırıldığı vaxt edilən təlqindən ibarətdir.” ((Mənbə: Ali Çolak, “Ölmek üzere olan kişiye ve mezardaki ölüye yapılan telkin ile ilgili rivayetler”, Çukurova Üniversiteti İlahiyyat fakültəsinin elmi-nəzəri jurnalı, 2004-cü il, 4-cü cild, nömrə 2, s. 201-222.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/2510.html

http://www.muselmanlar.com/fitvalar/3390.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.