Sual: Adətən ölü torpağa tapşırıldıqdan sonra qəbrin üstündə ən axıra molla qalır. Mən eşitmişəm ki, bunun belə bir səbəbi var: Ölən insan özünün öldüyünü ancaq qəbrin içində başa düşüb dərk edir və oradan durmağa çalışdıqda başını qəbrin içindəki betona vurur. Molla da bu səsi eşitmək üçün orada gözləyir. Səsi eşidən kimi oradan uzaqlaşıb gedir. Bu məsələ nə dərəcədə düzdür? Xahiş edirəm, izah edəsiniz.
Cavab: Bu düz deyil; düzgün olmaq ehtimalı da yoxdur. Molla qəbrin üstündən ona görə ən axırda uzaqlaşır ki, camaat arasında “təlqin” kimi bilinən və İslamda heç bir əsası olmayan işi görsün.
Təlqin vaxtı çalışırlar ki, bir sıra dini məlumatları ölüyə aşılasınlar. Ancaq təlqin ölülərə yox, dirilərə və ölmək üzrə (can üstündə) olan insanlara aiddir.
Əbu Səid Əl-Xudridən (r. a.) nəql olunduğuna görə Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“Can üstündə (ölüm ayağında) olanlara: “La ilahə illəllah”, – deməyi təlqin edin”. ((Müslim, Cənaiz, 1, 2.))
Burada belə bir sual yarana bilər: Meyyit dəfn olunduqdan sonra qəbrin üstündə nə kimi işlər görmək lazımdır?
Bu suala cavab vermək üçün peyğəmbərimizdən nəql olunan bir hədisə müraciət edə bilərik:
Əbu Əmr Osman ibn Əffandan (r. a.) rəvayət olunduğuna görə Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“Qardaşınızın bağışlanmağını diləyin və Allahdan ona müvəffəqiyyətlər arzu edin. Çünki o bu dəqiqə sorğu-sual edilir”. ((Əbu Davud, Cənaiz, 69.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.