Müsəlmanlar
Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər?

Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər?

Sual: Qonşuluğumuzda bir qız var. Bir oğlanla eyni evdə qalır. Evli deyillər. Bu nə dərəcədə düzdür? Bəs bu vəziyyəti bilə-bilə onlara ev verməyin hökmü nədir?

Cavab: Həzrəti Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

– Sizə (yanında məhrəmi olmayan) qadınların yanına getməyi qadağan edirəm.

Bu sözdən sonra Ənsardan bir nəfər soruşdu:

– Ey Allahın elçisi! Bəs (ərin ataları və oğullarından başqa o biri) kişi qohumları necə?

Rəsulullah cavab verdi:

– Onlarla xəlvət (təkbaşına qalmaq, xəlvəti yerdə qalmaq) ölümdür. ((Buxari, Nikah, 112; Müslim, Salam, 8/2171.))

Allah Təala Quranda qadınlarla əlaqədar olaraq belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Buna əsasən bir qadın təkcə yuxarıda qeyd edilən kişilərin yanında otura və başını aça bilər. Bu sadalananların xaricində qalanlar qohum olsalar da, yad hesab olunurlar. Qadın o kişilərin yanında məhrəm yerlərini aça bilməz. Eləcə də, onlarla qapalı bir yerdə qətiyyən təkbaşına qala bilməz. Ancaq onlarla ümumi yerlərdə danışmağı, salamlaşmağı qadağan deyil. Bu şəxslərin yanında hicabla dayana bilər.

Müsəlmanlar haramlardan uzaq durmalıdırlar. Eynilə bunun kimi, insanı harama aparan yollardan da uzaq durmalıdırlar. Allah Təala xüsusilə böyük günahları haram etdikdə: “Onlara yaxınlaşmayın!”, “Onlardan uzaq durun!” deyib.

Quranda zina ilə əlaqədar olaraq belə deyilir:

“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”. (İsra, 17/32.)

Yaxınlaşmamaq, yəni, uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Fitnə-fəsada aparan vasitə və yollar İslam dinində qadağandır. Müsəlman insan belə şeylərə xüsusi fikir verməlidir.

http://www.muselmanlar.com/fitvalar/3416.html

3-cü bir şəxsin bilə-bilə öz evini bu kimi şəxslərə verməyi də onların günahına şərait yaratmaq və zəmin hazırlamaq deməkdir. Elə isə bu da günahdır, günaha dəstək olmaqdır. Allah bu məsələ ilə bağlı olaraq belə deyir:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır.” (Nisa, 4/85)

“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və həddi aşmaqda bir-birinizə köməkçi olmayın.” (Maidə, 5/2)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.