Sual: Mən yaxın bir vaxtda hərbi xidmətə yollanacağam. Ümid edirəm ki, orada gündəlik namazlarımı birtəhər qıla bilərəm. Bəs cəm halda qılınmalı olan Cümə namazını necə qılacağam? Xahiş edirəm, mənə bu məsələdə bir məsləhət verin.
Cavab: Allah Təala Qurani-Kərimdə Cümə namazının fərz olduğunu bildirir:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)
Quran ayələrində heç bir namaz haqqında: “Daha xeyirlidir”, – deyilmir. Bu ifadə təkcə Cümə namazı haqqında işlədilib. Odur ki, gündəlik (5 vaxt) namazları hər bir şərait (hətta müharibədə belə) və vəziyyətdə qılınmalıdır. Bununla belə, Cümə namazı bəzi hallarda qılınmaya bilər. Muhəmməd peyğəmbərdən (s. a. v.) bununla əlaqədar olaraq aşağıdakı hədislər nəql edilmişdir:
“Abdulla ibn Abbas (r. a.) yağışlı bir gündə müəzzinə dedi ki, azan oxuduğun vaxt: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”, – dedikdən sonra: “Hayyə alə-s-saləəh”, – demə. De ki, namazlarınızı evlərinizdə qılın.
İnsanlar Abdulla ibn Abbasın bu hərəkətini qəribsədilər. O da bunun müqabilində cavab verdi ki, bunu mən yox, məndən daha yaxşı və xeyirli olan (Muhəmməd peyğəmbər) belə edib. Cümə namazını qılmaq fərz (vacib) olduğuna görə mən sizə çətinlik törətmək istəmədim. Əgər elə olsaydı, palçıqlı və sürüşkən bir yerdə yeriməli olacaqdınız.” (Buxari, Cümə, 14)
Peyğəmbərin xanımı Aişə belə nəql etmişdir:
“Camaat öz yerlərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. Gəldikləri vaxt toz-torpaq içində olurdular; toz-torpağa və qan-tərə batırdılar. Onlardan elə hey tər axırdı. Peyğəmbər mənim yanımda olduğu vaxt həmin adamlardan bir nəfər gəlmişdi. Peyğəmbər buyurdu ki, kaş ki, bu gün üçün təmizlənmiş olaydınız.” (Buxari, Cümə, 15)
Bu rəvayətlər göstərir ki, bəzi məcburi hallarda Cümə namazı tərk edilə bilər. Əsgərlik də bu məcburi hallardan biridir. Belə hallarda o günün günorta (zöhr) namazını qılmaq lazımdır.
Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/3934.html
http://www.muselmanlar.com/fitvalar/2847.html
http://www.muselmanlar.com/fitvalar/2845.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.