Müsəlmanlar
İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir?

İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir?

Sual: Şeytan insan can üstündə olduğu vaxt gəlir ki, onun imanını əlindən alsın? Əgər belə bir şey varsa, ölmək üzrə olan adam əlavə olaraq şeytanla boğuşmalıdır? Yoxsa bu inanc ancaq təriqətlər tərəfindən ortaya atılıb və batildir?

Cavab: Bu inanc batildir. Təriqətlər tərəfindən irəli sürülüb. Onlar bu yalandan istifadə etməklə öz başçılarını (təriqətin şeyxini) müqəddəsləşdirməyə və onu bir növ “xilaskar” kimi göstərməyə çalışırlar.

Halbuki, Allah Təala möminlərlə əlaqədar olaraq belə buyurur:

“Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.

Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi”.

(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət, 41/30-33)

Məlum olduğu kimi, iman gətirən və sonra düzgün hərəkət edib yaxşı əməllərlə məşğul olanları mələklər də dəstəkləyəcək, onlarla dost olacaqlar. Bu insanların ölüm vaxtı imanların itirmək təhlükəsi də olmayacaq.

Quranda düzgün yoldan çıxanlarla əlaqədar olaraq belə deyilir:

“Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”- deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(-dediklərini) bircə görəydin.

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.” (Ənam, 6/93-94)

Bu məsələyə dair başqa bir sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2929.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.