Sual: Tutalım ki, bir insan gündəlik ibadətləri yerinə yetirir və günahlardan uzaq durur. Belə bir insanın ölüm dəqiqələrində imanını itirmək ehtimalı var?
Cavab: Bizim imtahanımız təkcə can üstündə gətirdiyimiz imandan və ya inkardan ibarət deyildir.
Qurani-Kərimə baxdıqda məlum olur ki, Allah kafirləri (Bax: Bəqərə, 2/264; Maidə, 5/67; Tövbə, 9/37) , fasiqləri (Bax: Maidə, 5/108; Tövbə, 9/24, 80; Saff, 61/5) , zalımları (Bax: Bəqərə, 2/258; Ali-İmran, 3/86; Maidə, 5/51; Ənam, 6/144) , yalançı və nankorları (Bax: Zumər, 39/3), həddi aşan yalançıları (Bax: Mömin, 40/28.) və ayələrinə inanmayanları (Bax: Nəhl, 16/104.) yola gətirməyəcək. Çünki onlar zəlalət və azğınlığı seçiblər. Buna görə də Allah onları azğınlıqda qoyur.
Ancaq Allah Ona üz tutanı (Rəd, 13/27; Şura, 42/13) , rizasını qazanmaq istəyəni (Maidə, 5/16) və yolunda nəsə etməyə çalışanı (Ankəbut, 29/69) da hidayətə çatdıracağını bildirmişdir. Uca Rəbbimiz Ali-İmran surəsinin 101-ci ayəsində belə demişdir:
“Kim Allaha bağlanarsa, qəti surətdə düzgün yola yönəldilmiş olar.”
Deməli, bu kimi insanlar hidayəti seçmiş, onu təkcə istəməklə qalmayıb lazımi səyləri də göstərmiş insanlardır. Buna görə də Allah onları hidayətə çatdırmışdır.
Siz Allahın istədiyi kimi yaşamağa çalışsanız, son nəfəsdə də Allah sizinlə olar, imanınızı puç etməz:
“Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Bəqərə, 2/277)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.