Sual: Məlumdur ki, donuz əti yemək olmaz; haramdır. Bəs aşılanmış (dabaqlanmış) donuz dərisi və ondan hazırlanan şeylər alınıb satıla bilər? Bunları geyinib namaz qılmaq olar?
Cavab: Aşılanan dəri təmiz olur. Abdulla ibn Abbas bu barədə Allahın elçisi Muhəmməd əleyhissəlamın belə buyurduğunu bildirmişdir:
“Aşılanan (dabaqlanan) dəri təmiz olur”. ((Nəsai, Fər, 4.))
Qurani-Kərim və hədislərdə donuz dərisindən bəhs edilmir. Ancaq Qurani-Kərimdə donuz ətinin haram olduğunu bildirən 4 ayə vardır. ((Əl-Bəqərə, 2/173, Əl-Maidə, 5/3, Əl-Ənam, 6/145 və Ən-Nəhl, 16/115.))
Bunlardan biri belədir:
“De ki, mənə vəhy edilənlər içərisində ölü (heyvan), axar qan, donuz əti – o, həqiqətən də murdardır – və ya yoldan çıxıb (günah olaraq) Allahdan başqasının adı ilə kəsilən heyvandan başqa yeyilməsi yeyənə haram qılınan bir şey görmürəm. Bununla yanaşı, məcburiyyət qarşısında qalan kəs həddi aşmadan və öz zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeyə bilər. Çünki sənin Rəbbin bağışlayandır və çox mərhəmətlidir”. ((Əl-Ənam, 6/145.))
Donuz əti bu ayədə nəcis, yəni, murdar sayılmışdır. Başqa sözlə, onun murdar olması ayədəki “donuz əti – (لحم الخنزير) – o, həqiqətən də murdardır” ifadəsindən başa düşülür. Buradan da belə məlum olur ki, murdarlıq xüsusiyyəti donuz əti ilə əlaqədardır. Lakin fəqihlərin ((İslam hüququna fiqh, onunla məşğul olan alimlərə isə fəqih deyilir.)) əksəriyyəti buradakı o əvəzliyinin donuz ətini deyil, ümumiyyətlə, donuzu bildirdiyini irəli sürüb belə bir qənaətə gəlmişlər ki, donuzun dərisi də əti kimi murdardır və aşılansa da, dini baxımdan təmiz olmur. Siz fəqihlərin öz fikirlərini nəyə əsaslandırdıqları ilə bu məqalənin sonunda tanış olacaqsınız. Fəqihlərin bu izahı zorakı bir izahdır. Çünki ayədəki “donuz əti – o, həqiqətən də murdardır” ifadəsini oxuyan hər bir şəxs o əvəzliyinin bütövlükdə donuz deyil, donuz əti haqqında olduğunu asanlıqla başa düşə bilər. Buna başqa bir sübut da haram olduqları bildirilən 4 şey ((Ölü heyvan, axar qan, donuz əti – o, həqiqətən də murdardır – və ya yoldan çıxıb günah olaraq Allahdan başqasının adı ilə kəsilən heyvan.)) istisna edildikdən sonra ayədə “mənə vəhy olunanlar içərisində yeyilməsi yeyənə qadağan edilən bir şey görmürəm” ifadəsinin olmasıdır. Belə hökmlər başqa ayələrdə də var və bütün bu ayələrdə donuz deyil, məhz donuz ətinin haram olması bildirilir. Bu isə öz növbəsində murdarlıq xüsusiyyətinin donuz əti ilə əlaqədar olduğunu göstərir. Ayədə yeyənə qadağan edilən bir şey deyilir. Buradan da belə məlum olur ki, haramlıq onu, yəni donuz ətini yeməklə əlaqədardır.
Həzrəti Meymunənin ((Meymunə bint əl-Haris ibn əl-Hilaliyyə. Peyğəmbərimiz Həzrəti Muhəmmədin (s. a. v.) evləndiyi sonuncu həyat yoldaşı. Hicri təqvimlə 51-ci, miladi təqvimlə 671-ci ildə vəfat etmişdir. Evlənməmişdən əvvəl adı Bərrə idi. Peyğəmbər əleyhissəlam onun adını Meymunə qoymuşdur. Meymunə sözü səxavətli, namuslu və itaətkar mənaları verir.)) azad etdiyi cariyələrindən birinə sədəqə olaraq bir qoyun verilmişdi. Həmin qoyun bir gün öldü. Peyğəmbər əleyhissəlam onu görüb:
“Bunun dərisini soyub götürsəydiniz, tabaqlayıb istifadə edərdiniz”, – deyə buyurdu. Ona qoyunun ölü olduğunu dedilər. O isə: “Onun ancaq yeyilməsi haramdır”, – dedi. ((Müslim, Heyz, 100.))
Həzrəti Muhəmmədin (s. a. v.) xanımı Sevdə belə bir hədis nəql etmişdir:
Bizim bir qoyunumuz öldü, onun dərisini aşıladıq və köhnələnə qədər içərisində nəbiz ((Nəbiz xurma və ya kişmişin suya atılıb suyun dada gətirilməsi ilə hazırlanan bir şərbət növüdür.)) hazırladıq. ((Nəsai, yenə orada.))
Bu məsələ ilə əlaqədar hədislərdən biri də belədir:
“Hansı xam dəri aşlansa, təmizə çıxır”. ((Müslim, Heyz, 105.))
Əvvəllər donuz dərisini dabaqlamırdılar. Fiqh kitablarında bununla əlaqədar belə deyilir:
“Donuzun dərisi dabaq tutmaz. Çünki insan dərisi kimi qat qatdır.
Donuz dərisi təmizləməyə uyğun deyil. Təmizləmək dabaqlamaqdır (aşılamaq). Çünki peyğəmbər əleyhissəlam dabaq vurmağın dərini təmizlədiyini bildirmişdir”. ((İbrahim Əl-Hələbi, Hələbi-i Kəbir (Qunyətul-Mütəməlli), Dərsəadət, 1325, s. 147 – 148.))
Donuz dərisi dabaqlansa belə, zahirur-rivayədə ((Zahirur-rivayə Hənəfi məzhəbinin ən mötəbər mənbələri hesab edilən 6 kitabda olan fikirlərdir. Bu kitablar İmam Muhəmməd tərəfindən yazılmışdır.)) bildirilir ki, o, təmizlənə bilməz. Zahirur-rivayə xaricində Əbu Yusifə ((Əbu Yusif Hənəfi məzhəbinin banisi olan Əbu Hənifənin qabaqcıl tələbələrindən və məzhəbin böyük fəqih-alimlərindən biridir. Əbu Yusif onun ləqəbidir. Əsl adı Yaqub, atasının adı isə İbrahimdir. Hicri təqvimlə 113, miladi təqvimlə 731-ci ildə Kufədə anadan olmuş, 799-cu (hicri 183-cü) ildə Bağdadda vəfat etmişdir.)) istinad edilən bir fikrə əsasən donuzun dərisi dabaqlananda təmiz olur. Elə isə onun satılması, istifadə edilməsi, içində və ya üstündə namaz qılınması caiz olur. Peyğəmbər əleyhissəlamın sözü ümumidir: Aşılanan dəri təmiz olur. Tirmizi bu hədisi İbn Abbasdan nəql edib səhih olduğunu bildirmişdir. Müslım isə bu hədisi başqa sözlərlə rəvayət etmişdir. ((İbrahim Əl-Hələbi, yenə orada.))
Quran ayələrində ölü heyvan və donuz ətinin yeyilməsi birlikdə ifadə edilir. Ölü heyvanın dərisi dabaqlanan vaxt təmizə çıxırsa, donuz dərisi də dabaqlanan vaxt təmiz olmalıdır. Çünki heyvan ölüsü deyildiyi vaxt heyvanın yunu və tükü, dərisi, buynuzu və sairə kimi şeylər başa düşüldüyü halda, donuz əti deyildiyi vaxt bunlardan heç biri nəzərdə tutulmur. Beləliklə, bütün bu dəlillər dabaqlanmış donuz dərisinin alınıb satılması, istifadə edilməsi, belə bir geyimin içərisində ya da ondan hazırlanmış bir səccadənin (canamaz) üstündə namaz qılınmasının mümkün olduğunu göstərir.
Fəqihlərin əksəriyyəti belə hesab edirlər ki, donuz dərisi dabaqlansa belə, nə istifadə edilə bilər, nə də onu alıb-satmaq olar. Bunun səbəbini, başqa sözlə, fəqihlərin bu məsələ ətrafında nəyə əsasən belə fikirləşdiklərini Hələbi-i Kəbir adlı fiqh kitabı aşağıdakı şəkildə izah edir:
“Donuz bismillah deyilib (Allahın adını çəkməklə) kəsilsə belə, onun əti və dərisi təmiz olmaz. Çünki onun hər şeyi nəcisdir. Allah Təala bu barədə belə demişdir: (ولحم الخنزير فإنه رجس) … Donuz əti ki, o həqiqətən də murdardır. ((Əl-Ənam, 6/145.)) Burada o əvəzliyi ilə ətə deyil, donuza işarə edilir. Belə də demək olar: Zeydin oğluna rast gəldim və onunla danışdım. Bu cümlədə də olduğu kimi cümlə daxilindəki təyini söz birləşməsində təyin edilən şey nəzərdə tutulduğuna görə ayədəki o əvəzliyi də donuz ətinə aid olmalıdır. Lakin bu, həmişə belə deyildir; qərinəyə əsasən dəyişiklik də ola bilər”.
Zahirur-rivayədə bildirilir ki, donuz dərisi dabaqlansa da, təmiz olmaz. Bütün fəqihlərin fikri belədir. Yuxarıda da göstərildiyi kimi donuz bütövlükdə nəcisdir, yəni murdardır. Onun dərisi dabaq tutmaz; çünki insan dərisi kimi qat qatdır və təmizlənməyə uyğun deyil.
Yuxarıdakı hədisdə bütövlükdə murdar olmayan, lakin əslində təmiz olduğu halda, öldüyünə görə murdar olan heyvanın dərisi nəzərdə tutulur. Şəriətdə dəridə ölüm nəticəsində meydana gələn nəcisliyin (murdarlığın) aşılanmaqla aradan qalxdığına dair hökm vardır. Bir müsəlmanın meyitindəki nəcisliyin yuyulmaqla aradan qalxacağına dair də hökm verilmişdir.
Bunlarla yanaşı, qeyd edilməlidir ki, hədisdə nəzərdə tutulan dəri dabaq tutan, başqa sözlə, aşılana bilən dəridir. Dabaq tutmayan siçan və ilan dəriləri bu cür dərilər deyil. Donuz dərisi də eynilə belədir; çünki o da dabaq tutmur. ((İbrahim Əl-Hələbi, yenə orada.))
Müəllif: Abdulaziz Bayındır. ((İlahiyyat elmləri doktoru, İstanbul Universiteti İlahiyyat fakultəsində professor. Bu məqalə İstanbul Universiteti İlahiyyat fakultəsinin elmi jurnalında nəşr edilmişdir: 2000-ci il, nömrə 2, s. 37 – 40.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.