Müsəlmanlar

Etikaf

Etikaf və etikafa çəkilmək

Etikaf sözünə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh (İslam hüququ) termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir.

Etikafın şəriliyi Quran və Sünnə ilə sabitdir. Allah oruca tərif verdiyi ayənin axırında belə buyurur:

“Məscidlərdə etikaf halında olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”. ((Bəqərə, 2/187.))

Yuxarıda verilən ayədən də göründüyü kimi etikafa çəkilmək məsələsi Allah Təala tərəfindən münasib hesab edilib.

Peyğəmbərimiz Məhəmməd əleyhissəlam Mədinəyə hicrət etdikdən sonra vəfat edənə qədər hər il Ramazan ayının axırıncı 10 günündə etikafa çəkilirdi. Möhtərəm xanımlarından da onunla birlikdə etikafa gedənlər olurdu. ((Buxari, Heyz, 10, Etikaf, 10.))

Bu dəlillərə əsasən müsəlman bir şəxsin Ramazan ayının son 10 günündə etikafa çəkilməsi sünnəti-müəkkədə hesab edilir. İmkan tapa bilənlər peyğəmbərimizin bu gözəl sünnəsini həyata keçirsələr, böyük bir savaba nail olarlar.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.