Müsəlmanlar

Oruc: ümumi məlumat

ORUC

Oruc, İslamın 5 əsasından biridir. Oruc kəlməsi bizim dilimizə Fars dilindəki ruzə sözündən keçmiş, əvvəllər gündəlik mənasında oruzə olaraq işlədilmiş, sonra oruc kimi tələffüz edilmişdir. Ərəb dilində isə oruca savm deyilir. Savm kəlməsi də öz növbəsində bir şey yeməmək, içməmək, hərəkətsiz qalmaq əl-ətəyini hər şeydən çəkmək mənaları verir.

Oruc tutmaq artıq terminləşmiş bir ifadə kimi aşağıdakı mənaları daşıyır:

Dan yerinin ağardığı vaxtdan günəşin batmasına qədər keçən vaxt ərzində yemək, içmək və cinsi əlaqədən uzaq durmaq.

Oruc tutmaq əslində keçmiş ümmətlərə (bizdən əvvəlki xalqlara) də vacib buyurulub. Bu barədə Qurani-Kərimdə belə deyilir:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib qılındığı kimi sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz”. ((Bəqərə, 2/183.))

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

“Oruc insanı qoruyan qalxandır”. ((Buxari, Savm, 2, 9, Libas, 78; Müslim, Siyam, 164.))

Ramazan ayı qəməri bir aydır; yəni, bu ay ayın göydəki hərəkətlərinə əsasən müəyyənləşdirilir. Bu səbəbə görə Ramazan ayı hər il o ildən əvvəlki ilə nisbətən 10 və ya 11 gün əvvəl gəlir. Başqa sözlə, bəzən qış, bəzən də yayda oruc tutmaq lazım gəlir. Beləliklə, müsəlman bir şəxs istər soyuq, istərsə isti olsun, Allahın vacib qıldığı oruc ibadətini hər mövsümdə yerinə yetirmək imkanına malik olur.

Oruc tutmaq insanın davranışlarına müsbət təsir göstərməlidir. Muhəmməd peyğəmbər (s. a. v.) bu barədə belə buyurmuşdur:

“Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənlərin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur”. ((Buxari, Savm, 8; Tirmizi, Savm, 16.))

Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: “Mən orucluyam, mən orucam”, – desin və dalaşmasın”. ((Buxari, Savm, 2; Müslim, Siyam, 164.))

“Kim Ramazan ayının orucunu inanaraq və savabını ancaq Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. ((Buxari, Savm, 6.))

ORUC TUTMAQ KİMLƏRƏ VACİBDİR?

Oruc tutmağın bir insana vacib olması üçün 3 şərt vardır:

1 – Müsəlmanlıq, başqa sözlə, bir şəxsin müsəlman olması;

2 – Ağıllı olmaq;

3 – Həddi-buluğa çatmaq.

Qızlar aybaşı olmağa başladıqları, oğlanlar da ehtilam (cünub) olduqları vaxtdan etibarən həddi-buluğa çatmış hesab edilirlər. Onlar 15 yaşlarına gələnə qədər bu cür hallarla (aybaşı və cünub olmaq halları ilə) qarşılaşmayıblarsa, hökmən həddi-buluğa çatmış sayılırlar. Artıq bütün ibadətlərini səhlənkarlıq etmədən yerinə yetirməlidirlər.

Oruc tutmaq xəstə və səfər üstə olanlara da vacibdir. Amma onlar oruclarını Ramazan ayında tutmayıb sonradan qəza edə bilərlər. Lakin oruc tutsalar, daha yaxşı olar. Quranda deyilir:

“Sayılı günlərdə (Orucu sayılı günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. ((Bəqərə, 2/184.))

SƏHURA QALXMAQ (SƏHUR YEMƏYİ ÜÇÜN OYANMAQ)

Dan yerinin ağarmasından etibarən oruc tutmağa başlanılır. Şərqdə göylə yerin birləşdikləri üfüq xətti boyu uzanmağa başlayan səhər aydınlığı dan yerinin ağardığını göstərir. Buna imsak vaxtı deyilir. Qurani-Kərimdə belə deyilir:

“Şəfəqin qara cizgisi ağ cizgisindən sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın”. ((Bəqərə, 2/187.))

İmsak vaxtından qabaq yeyilən yemək səhur yeməyi adlanır. Peyğəmbərimiz bu barədə belə buyurub:

“Səhur yeməyi yeyin. Çünki səhurda bərəkət var”. ((Buxari, Savm, 20; Müslim, Siyam, 45.))

Bizim orucumuzla əhli-kitabın (yəhudi və xristianların) orucları arasında fərq bizim səhur yeməyi üçün qalxmağımızdır”. ((Tirmizi, Savm, 17.))

Səhur yeməyini vaxtının axırına kimi gecikdirmək, iftarı isə gecikdirmədən etmək müstəhəbdir.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Oruc imsak vaxtından iftar vaxtına qədər ibadət niyyəti ilə bir şey yeməmək, içməmək və cinsi əlaqəyə girməməkdir. Allah Təala belə buyurur:

“Oruc günlərinin gecələrində qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah sizin özünüzə olan arxayınlığı aradan aparan işlər gördüyünüzü bildi və tövbələrinizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz; Allah sizin üçün nə yazıbsa, onu axtarın. Şəfəqin qara cizgisi ağ cizgisindən sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın. Məscidlərdə etikaf (ibadət) halında olduğunuz zaman onlara yaxınlaşmayın. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”. ((Bəqərə, 2/187.))

Yuxarıda verilən ayədən belə çıxır ki, nəsə yemək yaxud içmək və cinsi əlaqəyə girmək orucu batil edir. Ayənin son hissəsində deyilir ki, bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın. Buna görə də insanı o hədlərə yaxınlaşdıran şeyləri də etməmək, nəsə yemək, içmək və cinsi yaxınlıq etmək qəbilindən olan hər bir şeydən uzaq durmaq lazımdır. Buna əsasən ağız yolu ilə qəbul edilən dərmanlar və siqaret çəkmək orucu batil edir. İynə vurdurmaq və göz damcısı istifadə etmək isə yemək-içmək hesab edilmədiyinə görə orucu batil etmir. Təngnəfəs olanların istifadə etdikləri və xalq arasında fıs-fıs deyilən dərmanlar da orucu batil edir. Çünki bu cür dərmanlar ağız yolu ilə qəbul olunan dərmanlardandır.

Yuxuda qüsl etmək lazım gələn bir halla qarşılaşmaq (cünub olmaq), qan vermək, göz və qulaq damcısından istifadə etmək orucu batil etmir.

Oruc tutduğunu unudaraq nəsə yemək, içmək və cinsi əlaqəyə girmək orucu batil etmir. Peyğəmbərimiz belə demişdir:

“Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. ((Buxari, Savm, 26, Əyman, 15; Müslim, Siyam, 171; Tirmizi, Savm, 26; Əbu Davud, Savm, 39.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.