Müsəlmanlar
Aypara məsələsi

Aypara məsələsi

Hilalı görmək

İslami hesablamalara əsasən gün axşam günəş batanda başa çatır və ertəsi gün başlayır. Təravih namazını oruca başlamadan qılmağımız və bayram axşamı da təravih namazı qılmağı dayandırmağımız bunu göstərir.

Qəməri aylar bəzən 29, bəzən də 30 gün çəkir. Bu ayların nə vaxt başlayıb qurtardığı məsələsi aparılan müşahidələrlə müəyyənləşdirilir. Cari qəməri ayın 29-cu günü günəş batdıqdan sonra ertəsi gün ayın hilalı müşahidə edilir. Bu təzə hilal günəşin batmasından bir müddət sonra batdığına görə onu diqqətlə müşahidə etmək lazımdır. Qərb üfüqündə toz, tüstü, duman, bulud, sis və ya tutqunluq olduğu vaxt müşahidə aparmaq çox çətin, hətta qeyri-mümkün olur. Hilal görülmədiyi təqdirdə cari ay 30 günə tamamlanır. Artıq 30-cu gün axşam vaxtı hilalı müşahidə etməyə ehtiyac qalmır. O gün günəşin qürub etməsi ilə ikinci ay başlayır. Çünki heç bir qəməri ay 30 gündən artıq olmur.

Peyğəmbərimiz Məhəmməd əleyhissəlam bu məsələ ilə əlaqədar belə buyurub:

“Ramazan hilalını görəndə oruc tutmağa başlayın, Şəvval hilalını görəndə isə oruc tutmağa son verin. Əgər bulud ucbatından hilalı müşahidə etmək mümkün olmasa, Şaban ayını 30 günə tamamlayın”. ((Buxari, Savm, 11.))

Hilalın təsbit və elan edilməsi üçün bir sıra tədbirdən də söz açmaq mümkündür. Belə ki, əgər üfüqdə görünüşə mane olan bir şey varsa, etibarlı bir müsəlmanın  Ramazan hilalını gördüyünə dair şahidliyi əsas götürülür və elan edilir ki, Ramazan ayı artıq başlayıb. Əgər üfüq açıqdırsa, o vaxt yalan demək üçün bir-biri ilə öz aralarında sözü bir yerə qoymaqları qeyri-mümkün olan bir qrupun şahidliyinə müraciət edilir.

Bir yerdə hilalın görülməsi sübut olunsa, bütün müsəlmanlar oruc tutmağa başlamalıdırlar. Namaz vaxtlarında müxtəlif zonalara görə dəyişiklik olduğu kimi hilalın görülməsində də müəyyən fərqliliklər ola bilər. Amma hilalın görülməsi bir zonada təsbit edildiyi vaxt bu cür fərqlər nəzərə alınmır.

Ramazanın 29-cu günü günəş batdıqdan sonra qərb üfüqündə Şəvval ayının hilalı arınır. Orucu başa vurmaq üçün hilalın bir şəxs tərəfindən görülməsi kifayət deyil. Əgər üfüq qapalıdırsa, müsəlman olan və etibarlı 2 kişi ya da 1 kişi və 1 qadının şahidlik etməsi lazımdır. Bu məsələdə etibarlılığın sübut olunması üçün də bir çox metod var. Əgər üfüq aydındırsa, ertəsi gün bayramı qeyd edə bilmək üçün hilalın böyük bir camaat tərəfindən görülməsi və bu barədə şahidlik etməsi şərti qoyulur. Çünki ertəsi gün oruc tutmağın haram olması üçün Ramazan ayının başa çatdığını düzgün bir şəkildə müəyyənləşdirmək lazımdır.

Bu məsələdə nəyə görə birlik və həmfikirlilik təmin edilmir?

Biz istəyirik ki, hamı hesablamalarla müəyyən edilən təsbitə tabe olsun. Halbuki hilalın hesablama ilə təsbit edilə bilməsinin mümkünlüyünə dair fikir sadəcə olaraq bir ictihaddan ibarətdir. Bunun müqabilində peyğəmbərimizin (əleyhissəlam) müşahidə aparılması barədə buyruğu var. Belə olan halda, bütün müsəlmanların yuxarıdakı ictihada tabe olmağını gözləmək düzgün deyil.

Həm peyğəmbərin (əleyhissəlam) əmrini yerinə yetirmək, həm də astronomiya mütəxəssislərinin məsələyə müntəzəm surətdə nəzarət etmələrini təmin etmək üçün hesablamalarla yanaşı, müşahidələr də aparılmalıdır. Lakin müşahidə aparmaq məsələsində səhlənkarlıq edilməməli, müşahidələrə yuxarıda göstərilən şərtlərə uyğun və müəyyən qaydalara əsasən nəzarət edilməlidir. Ancaq bu yolla arzu olunan birlik və həmfikirlilik əldə edilə bilər. Çünki yalnız hesablamaları əsas götürmək hamını qane etmir. Bu mövzuya belə bir dəqiqlik və ciddiyyətlə yanaşan ölkə zaman keçdikcə həmin məsələdə lider olur. Beləliklə, həm o ölkənin öz vətəndaşları, həm də bütün dünya müsəlmanları arasında birlik təmin edilir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.