Müsəlmanlar

Fitr sədəqəsi

Fitr sədəqəsi

Lüğəti mənaları yaratmaq, icad etməkkəsmək olan fətr kökündən əmələ gəlmiş fitr sözü orucu başa vurmaq və orucu açmağı (iftar) ifadə edir. Ramazan ayını yaşamağın, onun mükafat və bərəkətindən istifadə etməyin bir şükür ifadəsi kimi verilən sədəqəyə fitr sədəqəsi deyilir. ((Yunus Vehbi Yavuz, “Fitrə” bəndi, Türkiyə Diyanet Vakfı İslam Ensiklopediyası, İstanbul, 1996, XIII cild, s. 160.)) Qeyd edək ki, bu söz Azərbaycan dilində fitrə kimi işlədilir.

Fitr sədəqəsi vermək Ramazan orucunun fərz (vacib) qılındığı hicri 2-ci ildə fərz qılınmışdır. Peyğəmbərimiz də fitr sədəqəsini 1 ölçək (təxminən 3 kq) xurma və yaxud 1 ölçək arpa olmaq üzrə qadın, kişi, azad və kölə olub olmamağından asılı olmayaraq hər bir müsəlmana vacib buyurub. ((Buxari, Zəkat, 70; Müslim, Zəkat, 12 (984), 13-14.))

Əbu Səid əl-Xudridən gələn bir rəvayətdə belə deyilir:

“Biz peyğəmbərin dövründə fitrəni qida məhsullarından 1 sa’ ((Peyğəmbər dövründə istifadə edilmiş ağırlıq vahidi. Bir sa’ təqribən 3 kiloqramdır.)) olaraq verirdik. O vaxtlar bizim yediklərimiz arpa, kişmiş, xurma və yağı alınmış pendir idi”. ((Buxari, Zəkat, 74.))

Hədislərdə fitr sədəqəsinin miqdarı buğda, arpa və yaxud üzümdən bir sa (həzrəti peyğəmbərin dövründə istifadə olunan bir ağırlıq ölçüsü vahididir və təqribən 3 kiloqrama bərabərdir) kimi müəyyən edilmişdir.

Fitr sədəqəsinin məhz yuxarıda sadalanan məhsullara əsasən müəyyən edilməsi həmin dövr cəmiyyətinin iqtisadi şərtləri və yemək-içməklə əlaqədar vərdiş və adətlərindən irəli gəlir. Buradan belə bir nəticə çıxır ki, hər bir müsəlman fitrə verdiyi vaxt məhz özünün yaşadığı yerdə ən çox istifadə edilən qida məhsulundan fitrə verməlidir.

Fitr sədəqəsinin bir çox maddi-mənəvi hikməti var. Peyğəmbərimizdən bununla əlaqədar olaraq nəql edilən rəvayət belədir:

“Rəsulullah fitrəni oruc tutanı mənasız və pis davranışlardan uzaq saxlaması və möhtac olanlara bir loğma yemək olması üçün fərz (vacib) qılmışdır”. ((Əbu Davud, Zəkat, 17; İbn Macə, Zəkat, 21.))

Fitr sədəqəsi məsələsində zəkatda tələb olunan nisab miqdarında mal-dövlətə malik olmaq şərti yoxdur. İstər varlı, istərsə kasıb olsun, Ramazan ayında oruc tutmağa gücü çatan hər bir müsəlman fitrə verməlidir. Bu kateqoriyaya fitrə alan yoxsul müsəlmanlar da daxildirlər. Bunun sayəsində hər bir mömin möhtac vəziyyətdə olan digər mömin qardaşlarına kömək etməyin sevinc və gümrahlığını hiss edir.

Hər bir müsəlman fitrə verdiyi vaxt öz ətrafında yaşayan yoxsul bir insanı (miskin) bir gün doyuracaq miqdarda qidanı əsas götürməlidir.

Fitrə verməli olan bir şəxs əgər maddi vəziyyəti əlverişlidirsə, baxmalı olduğu ata-anası, həyat yoldaşı və uşaqları üçün də fitrə verə bilər.

Fitrələri ən gec bayram namazı vaxtına qədər vermək, necə deyərlər, ödəmək lazımdır. Bu məsələ ilə əlaqədar hədislərdə fitrənin bayramın birinci günü sübh namazı ilə bayram namazı arasındakı vaxtda verilməsinin münasib olduğu bildirilsə də, alimlər bunun möhtacların lehinə olacağını fikirləşərək bayramdan bir neçə gün əvvəl də verilməsinin mümkünlüyü qənaətinə gəliblər.

Fitrə möhtac vəziyyətdə olanlara verilir. Fitrə verən şəxsin daxilən niyyət etməsi kifayətdir. Onun fitrə verdiyi vaxt: “Bu, mənim fitrəmdir”, – deməyinə qətiyyən ehtiyac yoxdur. Hətta fitrəni verdiyi (fitrə alan) şəxsin xətrinə dəyəcəyi ehtimalına qarşı belə bir rəftardan xüsusilə uzaq durmaq lazımdır.

Fitrəni alan şəxsin aldığı şeyin fitrə olduğunu bilməyi vacib deyil. Eynilə bunun kimi, fitrə aldığına görə, daha doğrusu, fitrənin müqabilində hansısa bir iş görməyinə də ehtiyac yoxdur.

Müəllif: Yahya Şenol

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.