Müsəlmanlar

İslamda geyim ədəbi

İslamda geyim ədəbi

Maddi imkan və gücü kifayət qədər olan insanların bu maddi imkanlarını əks etdirəcək şəkildə geyinməsi təkəbbür və lovğalıq mənasına gəlmir. Hətta insanın maddi gücünü göstərəcək şəkildə geyinməsinin insanlara Allahdan gələn bir haqq olduğu xatırlanmalıdır.

Səhabələrdən Əvf ibn Malik atasından belə nəql edir: “Əynimdə adi paltar olduğu halda Rəsulullahın (s) yanına gəlmişdim. Məndən soruşdu:

“Sənin malın yoxdurmu?”

Mən “Var!” dedikdə “Hansı növ maldandır?” deyə soruşdu. Mən yenə “Allah hər cür maldan mənə vermişdir. Dəvə, öküz, xırdabuynuzlu heyvanlar, at və kölə” dedikdə belə buyurdu:

“Elə isə Allah sənə bir mal verdiyi zaman bu nemətin əlaməti sənin üzərində görünməlidir!”. ((Nəsai, “Zinət”, 83, (8, 196); Tirmizi, “Birr”, 63 (2007).))

Rəvayətlərdən Rəsulullahın (s) kaftan (üst paltarı, xalat) kimi paltarlar geyindiyi aydın olur. Misvər ibn Mahrəmənin rəvayətinə görə, Rəsulullah (s) səhabələrinə bir qism kaftanlar payladı. Lakin Misvərin atasına (Mahrəməyə) heç nə vermədi. Bundan sonra atam: “Gəlin, Rəsulullahın (s) yanına gedək!” dedi və birlikdə getdik. Ora çatdıqda mənə belə dedi: “İçəri gir və Rəsulullaha (s) gəldiyimi bildir!” Mən də xəbər verdim. Rəsulullah (s) əynində payladığı kaftanlardan biri ilə qarşımıza çıxdı və belə buyurdu: “Bunu sənin üçün saxladıq”. Sonra Rəsulullah (s) atama baxdı və “Mahrəmə razı oldu!” dedi. ((Buxari, “Fazlul-Xumus”, 11, “Libas”, 12; Müslim, “Zəkat”, 129, (1058); Əbu Davud, “Libas”, 4, (4028); Tirmizi, “Ədəb”, 53, (2819); Nəsai, “Zinət”, 100, (7, 205).))

Kaftan formasında olan paltarlar geyinməklə yanaşı Rəsulullahın (s) zolaqlı parçalardan olan paltarları xoşladığı da aydın olur. Ənəs (r) belə nəql edir: “Rəsulullah (s) ən çox hibərə (çubuqlu Yəmən parçası) geyinməyimizi çox xoşlayırdı” (Buxari, “Libas”, 18; Müslim, “Libas”, 32; (2079); Əbu Davud, “Libas”, 15, (4060); Tirmizi, “Libas”, 45; (1788); Nəsai, “Zinət”, 95, (8/203)).

Rəsulullahın (s) ən gözəl paltarlar geyinməsi də rəvayət olunur. Rəsulullahın (s) bu hərəkəti səhabələrin sonrakı həyatlarında onların geyim tərzinə də təsir etmişdi. İndi qeyd edəcəyimiz rəvayət yalnız bu vəziyyəti təsdiq etmir, həmçinin təmsilçilik funksiyası olan vəzifələrdəki insanların xüsusən yaxşı və gözəl tərzdə geyinmələrinin zəruri olduğunu bildirir. İbn Abbas belə nəql edir: “Həruriyyə (xaricilər) çıxdıqda Əlinin (r) yanına gəldim. Mənə belə dedi: “O adamlara baş çək!” Mən də Yəmən geyimlərinin ən gözəlini geyindim. Hərurilərin yanına gəldim. Onlar mənə dedilər: “Xoş gəldin, ey İbn Abbas! Bu, nə paltardır geyinmisən?” Mən: “Məni məzəmmət edirsiniz? Mən Rəsulullahın (s) əynində mümkün olan ən gözəl paltarı gördüm!” dedim. ((Əbu Davud, “Libas”, 8, (4037).))

Təzə paltar geyinməklə bağlı ədəb qaydalarından biri də dua etməkdir. Bu dua insanın Allah tərəfindən qorunmasında vacib bir səbəbdir. Əbu Umamə belə nəql edir: “İbn Ömər (r) təzə paltar geyinmişdi və belə dua edirdi: “Ayıb yerlərimi örtdüyüm və həyatda gözəlliyimi təmin etmiş paltarı mənə nəsib edən Allaha şükürlər olsun”. Sonra belə dedi: “Mən Rəsulullaha (s) qulaq asdım: “Kim təzə paltar geyinib belə dua etsə və sonradan köhnə olan paltarı sədəqə kimi versə, həm həyatda, həm də vəfat etdikdən sonra Allah tərəfindən qorunar”. ((Tirmizi, “Daavat”, 119, (3555); İbn Macə, “Libas”, 2, (3557).))

Rəsulullahın (s) əsasən sarı paltarları xoşlamadığı bildirilir. Əlinin (r) bir rəvayətinə görə, Rəsulullah (s) sarı rəngli paltar geyinməyi ona hətta qadağan etmişdi. Lakin bunu da qeyd etməliyik ki, bu qadağa ümumi deyil, xüsusi idi. Əli (r) də bu məsələyə diqqət yetirirdi. Belə ki: “Rəsulullah (s) mənə qızıl üzük taxmağı, sarı rəngdə paltar geyinməyi qadağan etdi”. Əbu Davudun rəvayətində Əli (r) belə buyurur: “Bu qadağanın (sarı paltar geyinməyin) sizə də aid olduğunu demirəm”. ((Muslim, “Libas”, 31 (2078); “Muvatta”, 28, (1, 80); Əbu Davud, “Libas”, 11, (4044, 4045, 4046, 4060), Hatim, 4, (4225).))

Lakin buradan belə aydın olur ki, Rəsulullahın (s) bu xüsusi qadağası bəzi səhabələrə də aid olmuşdu. Amr ibn As (r) belə nəql edir: “Rəsulullah (s) əynimdə sarı rəngdə iki paltar gördü və belə buyurdu:

“Bunu sənə anan əmr etdi?”

Mən dedim:

“Mən onları yuyaram”.

Rəsulullah (s) isə belə buyurdu:

“Onları həm də yandır!”. ((Muslim, “Libas”, 28.))

Başqa bir rəvayətdə isə Rəsulullah (s) belə buyurur: “Bunlar qeyri-müsəlmanların paltarlarındandır, onları geyinmə”. ((Muslim, “Libas”, 27.))

Bəzi alimlər uşaqların geyəcəkləri paltar haqqında belə buyururlar: “Oğlan uşaqlarına ipək və rəngli yox, ağ paltarlar geyindirmək lazımdır. Haqqında söhbət edilən (yəni ipək və rəngli) paltarların qadınlara və qadın kimi davranan kişilərə aid olduğu, kişilərin bunlardan çəkinməsinin zəruri, yəni bunların məkruh olması uşaqlara başa salınmalıdır. Uşaq gözəl və bahalı paltarlara alışdırılan digər uşaqlardan qorunmalıdır”.

İpək paltar müsəlman kişilərə haram edilib. Əli (r) belə nəql edir: “Rəsulullah (s) bir qədər ipək götürüb sağ ovcuna qoydu, bir qədər də qızıl götürüb sol ovcuna qoydu və belə buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haramdır” (Tirmizi və Nəsaidə Əbu Musadan gələn digər rəvayətdə belə buyurulur: “Ümmətimin kişilərinə ipək paltar və qızıl haram, qadınlara isə halal edildi”). ((Əbu Davud, “Libas”, 14, (4057); Nəsai, “Zinət”, 40 (8, 160.))

Lakin bəzi xüsusi hallarda ipək paltarın geyilməsi ilə bağlı şəxsən Rəsulullahın (s) icazəsi var. Bir rəvayətdə belə deyilir: “Rəsulullaha (s) bitdən şikayət olundu. Rəsulullah (s) da onlara iştirak etdiyi döyüşlərdə ipək köynəklər geyinməyə icazə verdi”. ((Buxari, “Libas”, 29, “Cihad”, 91; Müslim, “Libas”, 25, (2076); Tirmizi, “Libas”, 2, (1722); Əbu Davud, “Libas”, 13, (4056); Nəsai, “Zinət”, 93, (8, 202.))

Səhabələr oğlan uşaqlarının ipək paltarlar geyinməməsi məsələsində diqqətli hərəkət edirdilər.

İmam Kəsani ipək paltar geyinməyin kişilərə haram buyrulması ilə bağlı belə deyir: “Kişilər üçün ipək paltar geyinməyin haram olması məsələsində yaşı az olan oğlan uşaqları ilə yetkin kişilər arasında fərq yoxdur. Çünki Rəsulullah (s) “İpək və qızıl ümmətimin kişilərinə haram edildi” buyurmaqla həmin hökmü bütün kişilərə aid etmişdir. Lakin ipək paltar geyinən kiçik oğlan uşağının günahı uşağa yox, bu paltarı ona geyindirənə yazılır. Çünki bu yaşda olan uşaq mükəlləf deyil və məsuliyyət daşımır. Eyni zamanda verilən içkini içən uşağın günahı uşağa yox, həmin içkini ona verənin üzərinə yazılır. Paltar məsələsi də belədir”. ((Kəsani, “Bədaius-Sanai”, 5/131.))

Müəllif: Mahmud Məmmədov

Mənbə: davet.az (“Dəvət” jurnalı)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.