Mutəvatir hədis
Mutəvatir ərəb dilində bir sözdür. Təvatur sözündən törəyib. Lüğətdəki mənası «ard-arda, ardıcıllıq» deməkdir. Allah-Təala buyurur:
“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik.” («Muminun» surəsi, 44).
Mutəvatir hədisin terminoloji (istilahi) mənası isə belədir: Ravilərin (hədis rəvayət edənlərin) yalan üzərində həmrəy olması mümkün olmayan bir qrupun bənzər bir qrupdan rəvayət etdiyi və gördüklərinə, yaxud eşitdiklərinə əsasən rəvayət etdikləri hədisdir.
Hər hansı bir hədisin mutəvatir sayılması üçün alimlər dörd şərt müəyyən ediblər:
1. Geniş sayda ravilər tərəfindən rəvayət olunmalıdır.
2. Ravilərin sayı yalan üzərində həmrəy olmasına imkan verməyəcək dərəcədə çox olmalıdır.
3. Rəvayətin isnadının (rəvayət zənciri, həlqəsinin) hər bir mərhələsində ravilər geniş sayda olmalıdır. Yəni hədisi çox sayda ravi yenə çox sayda ravilərdən (hədisin sənədi) birbaşa Peyğəmbərə (s) çatana kimi rəvayət etməlidirlər.
4. Rəvayət onların gördüyünə, yaxud eşitdiklərinə əsaslanmalıdır. Yəni onlar “Biz eşitdik”, yaxud “Biz gördük” söyləməlidirlər. Çünki bu cür olmasa, xəta olma ehtimalı ola bilər və hədis mutəvatir sayılmaz.
Mutəvatir hədislərin növləri
1. Ləfz (söz) baxımından mutəvatir. Yəni, hədisin həm mətni, həm də mənası mütəvatir olmalıdır.
Məsələn, “Hər kim bilərək mənim adımdan yalan danışarsa, cəhənnəmdə yerini hazırlasın”. Hədisi Buxari (107), Muslim (3), Əbu Davud (3651), Tirmizi (2661), İbn Macə (30, 37) və Əhməd (2/159) rəvayət ediblər. Bu hədisi 72-dən çox səhabi rəvayət edib və onlardan bunu rəvayət edən ravilərin sayı o qədər çoxdur ki, burada onların adını sadalamaq mümkün deyil.
2. Mənaca mütəvatir. Bu, eyni məna daşıyan bununla belə eyni mətnin olmadığı hədis növüdür.
Məsələn, dua edərkən əlləri yuxarı qaldırmaq barədə olan hədislər. Bu barədə Peyğəmbərə (s) istinadən təxminən 100 hədis rəvayət olunub. Bu hədislərin hər birində bildirilir ki, Peyğəmbər (s) dua edərkən əllərini qaldırırdı. Suyuti bu hədisləri «Faddul via fi əhədis rafəl yədeyn fid-dua» adlı bir fəsildə toplayıb.
Mutəvatir rəvayətlərin hökmü
Mutəvatir rəvayət mütləq qəbul olunur. Çünki bu rəvayətlər bunu gücləndirəcək digər sübut-dəlillərə ehtiyac olmadan qəti elmə əsaslanır. Burada ravilərin tərcümeyi-hallarını yoxlamağa ehtiyac yoxdur. Bu elə bir məsələdir ki, heç bir aqil insan bu barədə şübhə etməz.
İstinadlar:
«Nuzhatun-nazri», Hafiz ibn Həcər,
«Hədis əl-mutəvatir», Dr. Xəlil Mulla Xatir,
«əl-Hədis əd-daif va hukm əl-ihticəc bihi», Şeyx Dr.Abd əl-Kərim ibn Abdullah əl-Xüdeyr.
«Mucəm mustalahat əl-hədis və lətaif əl-əsənid», Dr. Muhəmməd Diya əl-Rəhman əl-Əzəmi.
MƏNBƏ: www.din.az
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.