Dişləri təmiz saxlamaq və onun sekslə əlaqəsi
İslam dinində dişləri təmiz saxlamağa xüsusi əhəmiyyət verilir. Peyğəmbərin (əs) bu məsələ ilə bağlı hədisləri həqiqətən də, çoxdur. Belə ki, o, dişləri təmizləməyin insanı Allahın razılığına çatdırdığını bildirib. Yeməkdən sonra dişlərini təmizləyənləri gözəl bəndələr kimi səciyyələndirmiş, öz hüzuruna saralmış dişləri ilə gələn əshabələrini də məzəmmət etmişdir. İlk müsəlmanları bu işə həmişə belə həvəsləndirmişdir:
“Əgər mənim ümmətimə (mənə iman gətirənlərə) ağır gələcəyindən çəkinməsəydim, məsləhət görməklə kifayətlənməz, hər namaz üçün (dəstəmaz aldıqda) mütləq (misvakdan istifadə edib) dişlərini təmizləməyi əmr edərdim.” ((Buxari, Cümə, 8.))
Dişləri təmizləməyin seks baxımından əhəmiyyəti
Dişləri təmizləmək bədənin ümumi sağlamlığı baxımından böyük əhəmiyyətə malikdir. Eynilə bunun kimi, seksual doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.
Sevişməyə necə deyərlər, start verən və bundan irəli gələn həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və dodaqlardır. Dişlərin təmizlik və sağlamlığına fikir verilmədiyinə görə pis qoxu verən bir ağız, yaxud da misvaklanmadığı-fırçalanmadığı üçün dişlərinin arasında xörək qırıntıları qalan bir ağız sevişməyə mənfi təsir göstərir. Məlumdur ki, bu hal cinsi əlaqənin romantikliyini aradan qaldırır, üstəlik də nifrətamiz hislər yaradır. Ona görə də şübhə etmirik ki, diş sağlamlıq və təmizliyinə laqeyd yanaşan ər-arvad bir-birinə müvafiq olmayan bir cütlük formalaşdırırlar. ((Şübhə yoxdur ki, əsas olan dişlərin təmizliyidir.
Peyğəmbərin (əs) dövründə insanlar dişlərini misvakla təmizləyirdilər. Bu səbəbdən bu məsələ ilə əlaqədar hədislərdən həmişə misvak sözü işlədilir.
“Misvak bir növ fırçadır. Ağac kökündən düzəldilir. Diş ətinə tətbiq olunan masaj sahəsində ideal bir vasitədir. Bu xüsusiyyətlərinə görə fırçadan fəqlənir: Fırçanın telləri ya tükdən, ya da neylondan olur. Qopub udulduğu vaxt qismən olsa da, təhlükəli olur (appendisitə səbəb ola bilər). Misvakdakı tellər isə bitki mənşəli – nəbatidir. Onu udmaqda fırçada olduğu qədər təhlükə yoxdur. Əlavə olaraq, onun lifləri də çoxdur və həmişə ucundan azaldıqca təzəsini çıxartmaq olur. Hətta onda az olsa da, antiseptik xassəyə malik olan özək mayesi var. Bu da öz növbəsində ağızdakı mikrobların xəstəlik törətməyinə mane ola bilər. Ən yaxşı misvak Ərəbistanın Hicaz bölgəsində bitən Ərak adlı ağacın kökündən olur. Əgər həmin ağacdan düzəldilmiş misvak olmasa, tut və zeytun ağacından istifadə olunur.”
Doktor Bəşir Akınalın qələmindən nəql etdiyimiz xüsusiyyətlərinə görə, eyni zamanda iqtisadi bir sərmayə və satışı tələb etmədiyinə görə biz də ona (misvak) üstünlük veririk. Üstəlik onu daşımaq da asandır. Bahalı da deyil. Avropada 18-ci əsrdə diş fırçasından istifadə etməyə başlanılıb. Buna baxmayaraq müsəlman dünyasında 1400 ildən artıqdır ki, işlədilir. Görünür ki, bunun səbəbi dini bir məsləhət/öhdəlik olmaqla yanaşı, onu daşımaq və işlətməyin asanlığıdır.))
Allahın elçisi (əs) dişlərin sağlamlıq və təmizliyinə ona görə böyük əhəmiyyət verib ki, bu məsələnin ictimai münasibətlər və seks arasındakı əlaqəsini yaxşı bilib.
Allahın səlatu-salamı onun üzərinə olsun, onun dəstəmazla yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair elementar bir tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır.
Yadınıza salaq ki, Allahın elçisi (əs) hər bir xanımın yanına daxil olduğu vaxt onunla cinsi əlaqədə olmadan da maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir:
كَانَ رَسُولُ الله اِذَا قَامَ مِنَ اللَّيْلَ يَشُوصُ بِالسَّوَاكِ
“Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini ovxalayıb təmizləyirdi.” ((Buxari, Təhəccüd, 9; Nəsai, Təharət, 1.))
Onun hörmətli xanımı, əziz anamız həzrəti Aişə soruşulan bir suala belə cavab vermişdir:
– Allahın elçisi evinə gəldiyi vaxt hər şeydən əvvəl misvakdan istifadə edirdi. ((Müslim, Təharət, 43; İbn Macə, Təharət, hədis nömrəsi 290.))
Yenə həzrəti Aişə (ra) nəql edir:
Allahın elçisi dişlərini misvaklayır, sonra da onu yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da yuyub ona verirdim.
Bu hədislərdəki sekslə əlaqədar məqamları dərk edə bilməyənlərə peyğəmbərin (əs) elçi-görücü sifətilə göndərdiyi Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı:
“Ey Ümmü Süleym! O qadının bədənini iylə. Ayaqlarına nəzər sal.” ((Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502.))
İndi isə mirvari kimi ağappaq dişləri olan və ağız iylərini qətiyyən xoşlamayan peyğəmbərimizdən (əs) bu mövzu ilə əlaqədar bir təhlil də nəql etmək istəyirik.
Belə ki, həzrəti peyğəmbərin (əs) xanımlarından biri olan həzrəti Həfsa peyğəmbər ona baş çəkdiyi vaxt (özünə göndərilən) baldan şərbət hazırlayıb və ona içirdib. Bu hal həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və lətifəvari təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və həzrəti Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy verir. Allahın elçisi isə bu əhvalatın üstündən bal yeməyəcəyinə dair and içib. ((Haqq dini, Quran dili, 7/5085; Əlavə olaraq baxın: əl-Lu-lu-u və-l-mərcan, hədis nömrəsi 940.))
Quranın Təhrim surəsinin ilk ayəsinin nazil olma səbəblərindən biri kimi izah edilən bu hadisədə bizim əsl mövzumuz baxımından mühüm bir məqam var: O da budur ki, Allahın elçisi (əs) xanımlarının o sözündən sonra həssas hərəkət edərək o cür bir bal yeməməyə and içib. Təbii ki, sonra bu andından daşınmış, kəffarəsini də vermişdir.
Bu cür həssas bir ruha malik olan həzrəti Muhəmmədin (əs) misvaklanmaqla əlaqədar tapşırıq və əməllərindəki seksual xarakterli məqamları görə bilməməyi, eləcə də, özünü görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz.
MƏNBƏ: Əli Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.