QURANDA ƏŞYALARIN DİLİ ((Bu məqalə İstanbul Universitetinin İlahiyyat fakültəsində keçirilmiş beynəlxalq “Ətraf mühit və din” simpoziumunda təqdim edilmiş (15-16 may 2008-ci il), eyni fakültənin elmi məcmuəsində nəşr olunmuşdur (s. 289-293).))
Qurani-Kərim istər canlı, istərsə də cansız olsun, bütün varlıqların dilindən, hiss, ibadət və vəzifələrindən bəhs edir. Biz də bu tədqiqatımızda cin və mələklərdən başqa varlıqlardan bəhs edən Quran ayələrinə nəzər yetirəcək və onları qısa şəkildə insanla müqayisə edəcəyik.
1. GÖYLƏR VƏ YER
Göylər və yer bütöv halda ikən partladılıb yaradılmışdır. Allah Təala belə buyurur:
“O özünü görməməzliyə vuranlar görmədilərmi? Biz göyləri və yeri bütöv halda ikən partlatdıq ((Burada فَتَقْ – ya “partlatmaq” mənasını verməyimizin səbəbi bu hadisədən sonra göylərin duman halına gəməyidir.)) və hər canlı şeyi sudan yaratdıq. Hələ də inanmırlar?” (Ənbiya, 21/30)
1.1. Göylərin və yerin Allaha söz verməyi
Allah əvvəlcə yeri yaratmışdır. Sonra da belə demişdir:
“De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və (bütləri) Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir!
O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi.
Sonra O, duman halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.
O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür”. (Fussilət, 41/9-12)
Göylər öz işlərini gördükdə yarılacaq və yer üzündə dəyişiklik baş verəcək. Allah buyurur:
“Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (Məhz o gün Axirət başlayacaqdır. İnsan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!”. (İnşiqaq, 84/1-5)
1.2. Göylərin və yerin əmr almağı
Nuh tufanında: “Ey yer, suyunu ud! Ey göy, suyunu saxla”, – deyildi. Su çəkildi. İş başa çatdı. Gəmi Cudiyə oturdu”. (Hud, 11/44)
Nəmrud İbrahim peyğəmbəri oda atdırdıqda Allah: “Ey od! İbrahimə qarşı sərin və zərərsiz ol!”, – demiş, o da elə olmuşdur. (Ənbiya, 21/69-71)
1.3. Göylərin və yerin kədərlənməsi
İnsanların səhv hərəkələri göylərə və yerə pis təsir edir:
“Rəhman (Allah) özünə övlad götürmüşdür”– dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)! Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Rəhmana övlad isnad etdiklərinə görə”. (Məryəm, 19/88-91)
Günahkarların cəzalandırılması isə göylərə və yerə təsir etmir. Biz bunu aşağıdakı ayələrdən öyrənirik:
“Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
(O dedi): “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
Allah belə dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; (Habelə) əkinlər, möhtəşəm yerlər! Və içində həzz aldıqları nemətləri də (qoyub getdilər).
Bax belə! Biz o (nemətlərə) başqalarını varis etdik.
Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi”. (Duxan, 44/17-29)
1.4. Dağlar və daşlar
Allah belə buyurur:
“Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər”. (Bəqərə, 2/74)
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”. (Haşr, 59/21)
2. QUŞLARIN DÜNYASI
Quşlar uçan varlıqlardır. Uça bildiklərinə görə qarışqalar da bu kateqoriyaya daxildir. Bu məsələ ilə əlaqədar olaraq quş dilini bilən Süleyman peyğəmbərin vasitəsilə bizə bəzi məlumatlar gəlib çatmışdır. Belə ki, Quranda deyilir:
“Süleyman üçün cin, insan və quşlardan ordular toplandı. Onlar müntəzəm bir halda idilər. Qarışqa dərəsinə qədər gəldilər. Bir qarışqa belə dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi basıb əzməsinlər!”.
Süleyman qarışqanın bu sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Mənə özümə və valideynlərimə ehsan etdiyin ne’mətə şükr etmək və sənin istədiyin yaxşı işi görmək üçün ilham ver! Məni öz rəhmətinlə [mərhəmətinlə] saleh bəndələrinin arasına qat!”.
Sonra Süleyman quşlardan ibarət olan ordunu yoxlayıb belə dedi: “Nə oldu ki, Hüdhüd quşunu görmürəm. Yoxsa o burada deyil? And olsun ki, ona ağır bir cəza verəcəyəm, ya da onu tutub kəsəcəyəm! Yaxud da o mənə [niyə burada olmadığına dair] açıq-aşkar bir dəlil gətirsin!”.
Süleyman çox gözləyəsi olmadı. Hüdhüd quşu çıxıb gəldi və belə dedi: ”Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm; orada hökmdarlıq edən bir qadın gördüm. Onun hər şeyi var, üstəlik çox böyük bir taxtı da var. Gördüm ki, o qadın və tayfası Allahı qoyub, günəşə sitayiş edirlər. Şeytan gördükləri pis işləri onlara gözəl kimi göstərib və onları doğru yoldan çıxardıb. Buna görə də onlar hidayət olmurlar [doğu yolu tapa bilmirlər]”.
Göylərdə və yerdə gizli olan şeyləri üzə çıxardan, onların gizlətdikləri və aşkar etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə [şeytan belə edib].
O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah [tanrı] yoxdur!
[Süleyman Hüdhüd quşuna] dedi: “Biz görəcəyik, görək doğru deyirsən, yoxsa sən yalançısan!?
Mənim bu məktubumu aparıb onlara at, sonra bir az kənara çəkil. Bax gör nə cavab verəcəklər!”.
[Səba hökmdarı] belə dedi: “Ey əyanlar! Mənə qiymətli [hörmətli] bir məktub göndərilib. Bu məktub Süleymandan gəlib və «Bismillahi’r-Rəhmani’r-Rəhim»lə başlayır. Məktubda: “Mənə qarşı təkəbbür göstərməyin və [Allaha] təslim olaraq yanıma gəlin”, – deyilir.
[Səba hökmdarı] dedi: “Ey əyanlar! Bu məsələ barəsində mənə öz fikrinizi bildirin. Mən sizinlə məsləhətləşmədən heç bir iş görən deyiləm!”. (Nəml, 27/17-32)
3.ƏŞYALARIN İBADƏTİ
Bütün varlıqlar, canlı və cansız olmağından asılı olmayaraq Allahı təsbih edirlər:
“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır”. (İsra, 17/44)
Quşlar fərqlidirlər; onların təsbihlə yanaşı, ağıllı varlıqlar kimi səlatları da var. Səlat Quranda dua və namaz mənasında işlədilir. Başqa bir ayədə belə deyilir:
“Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir”. (Nur, 24/41)
4. AXİRƏTDƏ YERİN DANIŞMAĞI
Axirətdə yer üzü danışacaq və onda olan məlumatları bildirəcək:
“Yer titrəyib lərzəyə gələcəyi zaman;
Yer öz yükünü bayıra atacağı,
İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını danışacaqdır.
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!”. (Zilzal, 99/1-5)
5. İNSAN VƏ ƏŞYALAR
Allah yerə və göyə: “İstəyərək və ya istəməyərək əmrimə tabe olun”, – dediyi vaxt ikisi də: “Biz istəyərək gəldik”, – demişdilər. (Fussilət, 41/11) Ancaq istəməsələr belə, onun əmrindən çıxa bilməzdilər. Buna görə də Allah əmanəti – kitablarına tabe olmaq tapşırığını göylərə və yerə yükləsəydi, onlar bunu yerinə yetirmək üçün özlərini sanki həlak edirmiş kimi, hər şeyi edərdilər. Haşr surəsindəki ayə də bunu göstərir:
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”. (Haşr, 59/21)
Göylərin və yerin Allahın əmrinə zidd hərəkət etmək kimi bir gücü yoxdur. Ona görə də onların imtahana çəkilməyindən də söhbət gedə bilməz. Amma insan başqa cürdür. Allah onunla əlaqədar olaraq belə deyir:
“Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun”. (İnsan, 76/3)
Əmrə etiraz etmək gücünə malik olan insana əmr verildikdə bir imtahan şəraiti yaranıb. Çünki insan göylər və yer kimi deyil. Əgər o istəməsə, Allahın əmrinə tabe olmaz. Onsuz da insanın istəmədən gördüyü iş nə iman hesab olunur, nə də ibadət:
“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahil hala gəldi”. (Əhzab, 33/72)
Ayədə cahil ifadəsi ilə bilməyən deyil, biliyinə əsasən hərəkət etməyən şəxs ((Cahil sözünün mənalarından biri belədir: فعل الشيء بخلاف ما حقه أن يفعل، سواء اعتقد فيه اعتقادا صحيحا أو فاسدا)) nəzərdə tutulur. İnsan əslində zalım və cahil deyil. Ancaq o, özünü o hala salır. Zalım və cahil olsaydı, Allah ona əmanəti tapşırmazdı. Çünki Allah qabil olmayana əmanət verməz:
“Allah əmanətləri əhlinə verməyinizi əmr edib”. (Nisa, 4/58)
Sonrakı ayə bu məsələni yaxşı başa düşməyimizi asanlaşdırır:
“(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab, 33/73)
Münafiqlik və müşriklik zalımlıq və cahillik deməkdir. İnsan öz fitrətini korlamasa, bu hala düşməz.
Fitrət varlıqların əsas quruluşunu, onu təşkil edən yaradılış, dəyişmə və təkamülün prinsip və qanunlarını ifadə edir. Göylərin, insanların, heyvan və bitkilərin, yəni, hər şeyin fəaliyyəti bununla sıx əlaqədardır. Quranda bu qanunlar və onlarla formalaşan varlıqların hər biri bir ayə hesab edilir. Həmin ayələrlər Quran ayələrinin arasında bütöv bir müvafiqlik var. Başqa sözlə desək, fitrəti korlamaq Allahın ayələrini korlamaqdır. Allah bu kimi insanlara gördükləri işlərin müqabilində cəzanın bir hissəsini bu dünyada verir. Allah Təala belə buyurur:
“İnsanların öz əlləri ilə etdikləri şeylər ucbatından quruda və suda fitnə-fəsad əmələ gəldi. Allah bunu onlara öz etdiklərinin bir qismini daddırmaq üçün edir. Bəlkə, onlar bu yoldan dönələr”. (Rum, 30/41)
Müəllif: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.