Müsəlmanlar

Nəsx və daşqalaq cəzası

Nəsx və daşqalaq cəzası

Biz bir ayəni [ayənin hökmünü] dəyişdirir [ləğv edir] və ya onu unutdururuqsa, ondan daha xeyirlisini, yaxud ona oxşarını gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?! (Bəqərə, 2/106)

Nəsx sözü lüğətdə bir şeyi başqa bir şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq mə’nası verir. ((Lisanu’l-‘Ərəb lüğəti, ن س خ (Nun, SinXa hərfləri) bəndi.)) Allah Təala belə buyurur:

Biz bir ayənin yerinə başqa bir ayə qoyanda [onun hökmünü ləğv edib, yerinə başqa bir ayə gətirəndə] – ki, Allah nə nazil etdiyini çox yaxşı bilir – [kafirlər Məhəmməd əleyhissəlama] belə dedilər: “Sən ancaq bir iftiraçısan!”. Xeyr! Onların əksəriyyəti bilmir (Ən-Nəhl, 16/101)!

Yuxarıdakı ayədən başa düşüldüyü kimi, nəsx bir ayənin öz bənzəri, yaxud ondan daha yaxşısı ilə dəyişdirilməsidir. İlahi vəhydə ilk peyğəmbərdən sonuncu peyğəmbərə qədər bir bütünlük var. Qur’anda bu barədə belə deyilir:

Allah Nuha buyurduğunu, sənə vəhy etdiyini, İbrahim, Musa və İsaya əmr etdiyini sizin üçün bu dinin şəriəti qılmışdır. Dini doğru-dürüst tutun [onu qoruyun], onda ixtilafa düşməyin (Əş-Şura, 42/13)!

Deməli, Qur’ani-Kərim əvvəlki ilahi kitabları nəsx edib. Qur’an ayələrinin böyük əksəriyyəti Nuh, İbrahim, Musa və İsaya vəhy edilənlərə uyğun və bərabərdir. Bir qismi isə yalnız peyğəmbərimizə vəhy buyurulan və yüngülləşdirici hökmlər ehtiva edən ayələrdir.

Beləliklə, nəsxin iki şərti meydana çıxır:

1) Ayələr arasında olması;

2) Nəsx edilən ayənin özündən əvvəlki ilə eyni hökmü və ya ondan daha faydalı bir hökmü daşıması.

Sünnə Qur’ani-Kərimin bir növ şərhi olduğuna görə ona tabedir. Tabe olana isə ayrı bir hökm verilmir. Bir ayədə belə deyilir:

Sənə bu Zikri [Qur’anı] nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən (Ən-Nəhl, 16/44).

İnsanlar peyğəmbərimizdən bə’zi şeylər tələb etmiş, bunların üstündən belə bir ayə nazil olmuşdur:

Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, bizimlə görüşəcəklərinə [qarşılaşacaqlarına] ümid etməyənlər: “Ya bundan başqa bir Qur’an gətir, ya da bunu dəyişdir!”, – dedilər. [Onlara] De: “Mən onu özbaşıma dəyişdirə bilmərəm. Mən ancaq mənə nə vəhy edilirsə, ona tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük bir günün [Qiyamət gününün] əzabından qorxuram” (Yunus, 10/15).

Belə mə’lum olur ki, bir ayə nəsx edildiyi zaman, peyğəmbərimizin o ayə ilə əlaqədar kəlam və tətbiqatları da nəsx edilir. Çünki peyğəmbər ona nə vəhy buyurulursa, o vəhyə tabe olur.

Bir ayənin sözlərinin ləğv edilib mə’nasının davam etdiyini irəli sürmək olmaz. Çünki bir ayə yalnız yeni bir ayə ilə nəsx edilə bilər. Beləliklə, yeni ayə əvvəlki ayənin sözlərini nəsx etdiyi kimi, onun mə’nasını da nəsx edir.

Nəsx edən ayə nəsx edilən ayədən daha ağır bir hökm daşımır. Bunu bu ayədə də görmək olar:

Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub, pis işləri qadağan edər. Onlara gözəl şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb, boyunlarındakı dəmir halqaları açar… (Əl-Ə’raf, 7/157)

Bir ayənin ondan daha yaxşı bir ayə tərəfindən nəsx edilməsinə zina cəzasını misal göstərmək olar. Tövrat və İncildə zinanın cəzası ölümdür. Peyğəmbərimiz də bu cəzanı bir müddət tətbiq edib. Sonra bu hökm Qur’ani-Kərim tərəfindən nəsx edilib.

A) TÖVRATDA ZİNA ÜÇÜN MÜƏYYƏNLƏŞDİRİLMİŞ CƏZA

Levililərin 20-ci fəslində aşağıdakı hökmlər vardır:

10 – “Bir şəxs başqa birisinin arvadıyla, yə’ni, qonşusunun arvadıyla zina etsə, həm onun özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir”.

11 – “Atasının arvadı ilə cinsi əlaqəyə girən şəxs atasının namusuna ləkə vurur. İkisi də mütləq öldürülməlidir. Ölümə layiqdirlər”.

12 – “Bir adam öz gəliniylə cinsi əlaqəyə girsə, ikisi də mütləq öldürülməlidir. Rüsvayçılıq ediblər və ölümə layiqdirlər”.

13 – “Bir kişi başqa bir kişi ilə cinsi əlaqə qursa, onların ikisi də iyrənclik edir. Mütləq öldürülməlidirlər. Ölümə layiqdirlər”.

17 – “Bir şəxs ana və ya ata tərəfindən öz ögey bacısı ilə evlənib, onunla cinsi əlaqəyə girsə, bu bir utancdır. Açıq-aşkar biabır edilib, xalq arasından qovulmalıdırlar. Bir adam öz bacısıyla cinsi əlaqəyə girdiyinə görə günahının cəzasını çəkməlidir”.

19 – “Öz xalanla ya da bibinlə cinsi əlaqəyə girmə. Çünki yaxın qohumunun namusudur. İkiniz də öz günahınızın cəzasını çəkməlisiniz”.

20 – “Əmisinin arvadı ilə cinsi əlaqəyə girən şəxs əmisinin namusuna ləkə vurur. İkisi də günahlarının cəzasını çəkməli və uşaq sahibi olmadan öldürülməlidir”.

21 – “Qardaşının arvadı ilə evlənən adam biabırçılıq edib, öz qardaşının namusuna ləkə vurur. Övlad sahibi olmamalıdırlar”.

Təsniyənin 22-ci fəslində də bu hökmlər var:

22 – “Əgər bir adam başqa birisinin arvadı ilə yatarkən tutulsa, həm o, həm də qadın öldürülməlidirlər. Pislik İsraildən (İsrail oğullarının ailəsindən) uzaqlaşdırılmalıdır”.

23 – “Əgər bir şəxs şəhərdə başqa birisi ilə nişanlı olan bakirə bir qızla qarşılaşıb, onunla yatsa,

24 Onların ikisini də şəhərin qapısına aparıb, daşlayaraq öldürməlisiniz. Çünki qız şəhərdə olduğu halda, kömək üçün bağırmadı; oğlan da öz qonşusunun arvadıyla cinsi əlaqəyə girdi. Siz aranızdakı pisliyi yox etməlisiniz”.

25 – “Əgər bir adam çöldə-bayırda nişanlı bir qızla qarşılaşsa və onu yaxalayıb təcavüz etsə, yalnız təcavüz edən adam öldürülməlidir”.

26 – “Qıza heç bir şey edilməməlidir. Çünki o qızın ölümə layiq olacağı heç bir günahı yoxdur. Bu vəziyyət qonşusuna hücum edib, onu öldürən şəxsin halına oxşayır”.

B) İNCİLİN ZİNAYA VERDİYİ CƏZA

Yuhanna İncilinin 8-ci fəslində belə bir əhvalat vardır:

Din xadimləri və Ferisilər zina edərkən yaxalanmış bir qadın gətirdilər. Qadını meydana çıxarıb İsaya: “Müəllim, bu qadın zina etdiyi vaxt yaxalandı. Musa qanunda bizə bu cür qadınların daşqalaq edilməsini buyurdu, sənin fikrin nədir?”, – dedilər. Onlar bütün bunları İsanı sınamaq məqsədilə deyirdilər; onu təqsirləndirmək üçün bir səbəb axtarırdılar. İsa isə əyilib barmağı ilə torpağa yazı yazırdı. Onların fasiləsiz bir şəkildə eyni sualı soruşmasının üstündən qamətini düzəltdi və: “O qadına ilk daşı sizin aranızda günahsız olan şəxs atsın!”, – dedi. Sonra yenə əyildi və torpağa yazı yazmağa davam etdi. Onlar da bunu eşidən kimi başda yaşlılar olmaqla, hamısı bir-bir çıxıb getdilər və İsanı tək buraxdılar. Qadın isə ortalıqda dayanmışdı. İsa doğrulub qadına: “Qadın, onlar haradadır? Heç biri səni mühakimə etmədimi?”, – dedi. Qadın: “Heç biri, ağam!”, – deyə cavab verdi. İsa qadına: “Mən də səni mühakimə etmirəm. Get! Artıq bundan sonra günah etmə!”, – dedi.

İsa əleyhissəlam bu sözü ilə rəcm ((Daşqalaq etmək, daşa tutmaq cəzası. Bu cəza vaxtilə zina edənlərə tətbiq edilirdi. Cəza verilən insan qurşağa qədər torpağa basdırılır və daşqalaq edilərək öldürülürdü.)) cəzasını ləğv etməmiş, sadəcə olaraq günahkar insanların verdiyi xəbərə və onların şahidliyinə əsaslanmayıb, qadına bu qədər ağır bir cəza verməmişdir. Matta İncilində onun belə bir sözünə yer ayrılıb:

Siz mənim Müqəddəs Qanunu və ya peyğəmbərlərin sözlərini aradan qaldırmaq üçün gəldiyimi zənn etməyin. Mən onları qüvvədən salmağa deyil, tamamlamağa gəldim. Sizə düzünü deyim; yer və göy aradan qalxmadan, hər şey həqiqətə çevrilmədən Müqəddəs Qanundan ən kiçik bir hərf, yaxud nöqtə belə əskilməyəcək. Buna görə də bu əmrlərin ən kiçiklərindən birinə itaət etməyən və başqalarına da belə davranmağı öyrədən hər kəs göylərin səltənətində “ən kiçik” sayılacaq. Ancaq bu əmrləri yerinə yetirən və başqalarına öyrədən şəxs göylərin səltənətində böyük qəbul ediləcək (Matta İncili, 5-ci fəsil).

C) PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD ƏLEYHİSSƏLAMIN ZİNA İLƏ ƏLAQƏDAR TUTUMU VƏ TƏTBİQ ETDİYİ CƏZALAR

Məhəmməd əleyhissəlamın önündən üzü qaraldılmış və çubuqla döyülmüş bir yəhudi aparırdılar. Onları çağırıb belə dedi: “Sizin kitabınızda zinanın cəzası belədir?”. Onlar: “Bəli”, – deyə cavab verdilər. Sonra Məhəmməd əleyhissəlam onların alimlərindən birini çağırıb soruşdu: “Musaya Tövratı endirən Allah naminə soruşuram, sizin kitabınızda zinanın cəzası belədir?”. Alim: “Əgər sualı bu cür soruşmasaydın, cavab verməzdim. Bizim kitabımızda zina haqqında rəcm cəzası var. Ancaq yüksək təbəqəyə mənsub insanlar arasında zina geniş yayıldı. Biz onlardan birini yaxalasaq, onu azad buraxırdıq, lakin əgər zəif birini tutsaq, ona rəcm cəzası verirdik. Bir-birimizə dedik ki, gəlin yüksək təbəqədən olan insanlara da, zəiflərə də tətbiq edə biləcəyimiz bir cəza barəsində bir qərara gələk. Sonra da rəcm cəzasının yerinə üz qaraltmaq və çubuqla döymək cəzası qoyduq”, – dedi. Allahın elçisi Məhəmməd əleyhissəlam belə buyurdu: “Allahım! Sənin əmrini ilk dəfə həyata keçirib, canlandıran mən olacağam! Çünki onlar öldürüblər!”. Bundan sonra dərhal əmr verdi və o yəhudi rəcm edildi; yə’ni, daşqalaq edilib öldürüldü. Sonra Allah Təala bu ayəni nazil etdi:

Bə’zi yəhudilər sözlərin yerlərini sonradan dəyişdirib təhrif edir və belə deyirlər: “Əgər sizin haqqınızda bu qərar [təhrif edilmiş hökm] verilsə, ona uyun. Əgər verilməsə, ona uymayın…” (Əl-Maidə, 5/41).

Belə ki, yəhudilər: “Məhəmmədin yanına gedin, əgər üz qaraltmaq və çubuq cəzası versə, ona tabe olun. Rəcm, yə’ni, daşqalaq etməklə öldürmə cəzası versə, qaçın!”, – deyirdilər. Bundan sonra aşağıdakı ayələr nazil oldu:

Allahın nazil etdiyi ilə hökm verməyənlər şübhəsiz ki, kafirdirlər!

Allahın nazil etdiyi ilə hökm verməyənlər əlbəttə, zalimlərdir!

Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə, fasiqdirlər [günahkardırlar] (Əl-Maidə, 5/44, 45, 47)! ((Müslim, Hüdud, 28.))

Bir yəhudi qadınla kişi zina etmişdilər. Bir şəxsə belə dedilər: “Bizi o peyğəmbərin yanına aparın. Çünki o, yüngülləşdirici hökmlərlə göndərilib. Əgər bizə rəcm cəzasından daha yüngül bir cəza versə, qəbul edərik; bu da Allahın hüzurunda bizim üçün bir dəstək olar. Bir peyğəmbərin verdiyi qərara tabe olduğumuzu deyərik”. Beləliklə, Məhəmməd əleyhissəlamın yanına gəldilər. Bu əsnada peyğəmbər əleyhissəlam məsciddə əshabı ilə birlikdə oturmuşdu. Yəhudi qadınla kişi belə dedilər: “Ey Əbu’l-Qasım! ((Qasımın atası mə’nasındadır. Peyğəmbərimizin ilk oğlunun adı Qasım idi.)) Zina etmiş bir kişiylə qadın barəsində fikrin nədir?”. Allahın elçisi heç bir şey deməyib, onların Tövratın tə’lim və tədrisi ilə məşğul olduqları mərkəzə gəldi. Qapıda ayaq saxlayıb soruşdu: “Tövratı Musaya nazil edən Allah naminə soruşuram, Tövratda evli ola-ola zina edənin cəzası nədir?”. Onlar belə cavab verdilər: “Üzünə kül sürtülüb qaraldılır, çubuqla döyülür və eşşəyə tərs mindirilib, gəzdirilir”. Gənc bir yəhudi isə səssiz durub, heç bir şey demədi. Məhəmməd əleyhissəlam onun susduğunu görüb, and verdirdi və çox tə’kid etdi. O gənc: “Allahım! Sən bizə and verdin! Biz Tövratda rəcm cəzasının olduğunu görürük”, – dedi. Peyğəmbər əleyhissəlam: “Allahın əmrinə ilk dəfə qarşı çıxmağınız necə oldu?”, – deyə soruşdu. Yəhudilər belə cavab verdilər: “Bizim başçılarımızdan birinin qohumu zina etdi. Başçımız ona rəcm cəzası verməyi tə’xirə saldı. Sonra xalq arasından sıravi bir şəxs zina etdi. Başçımız onu rəcm etmək istədi. Zina edən şəxsin tayfası araya girib dedi ki, əgər sən öz qohumuna rəcm cəzası tətbiq etməsən, bizim qohumumuza da rəcm cəzası verilə bilməz. Bundan sonra tərəflər zina edənlərə veriləcək cəza barəsində bir qərara gəldilər”. Bunu eşidən peyğəmbər əleyhissəlam: “Mən Tövratdakı ilə hökm verirəm!”, – deyə buyurdu. Sonra əmr verdi və beləliklə, zina edənlərin ikisi də rəcm edildi.

Zühri rəvayət edir ki, aşağıdakı ayə bu mövzu ilə əlaqədar olaraq nazil olub:

Şübhəsiz ki, Tövratı biz endirdik. Onda doğru yol və nur vardır. Allaha təslim olmuş peyğəmbərlər onunla hökm verirlər (Əl-Maidə, 5/44).

Məhəmməd əleyhissəlam da o peyğəmbərlərdəndir.

Bir gün Məhəmməd əleyhissəlamın yanına bir yəhudi kişi və yəhudi qadın gətirilmişdi. Onlar ikisi birlikdə günaha batmışdılar. Allahın elçisi: “Bu mövzuda sizin kitabınızda nə var?”, – deyə soruşdu. Onlar da öz növbələrində: “Alimlərimiz zina edənlərin üzlərinin küllə qaraldılması və eşşəyə tərs minidirlməsi cəzası qoydular”, – deyə cavab verdilər. Bu əsnada orada olan Abdulla ibn Salam: “Ey Allahın elçisi, əmr ver, Tövratı buraya gətirsinlər”, – dedi. Beləliklə, Tövrat gətirildi. Zinakar yəhudi qadınla kişidən biri əlini rəcm ayəsinin üstünə qoydu və o ayədən əvvəlki ayə ilə sonrakı ayəni oxudu, rəcm ayəsinin özünü oxumadı. Abdulla ibn Salam: “Qaldır əlini!”, – dedi və əlinin altında rəcm ayəsi dərhal göründü. Allahın elçisi əmr verdi və onların ikisi də daşqalaq edilərək öldürüldü. ((Əbu Davud, Hüdud, 26, 4450 nömrəli hədis. Məhəmməd əleyhissəlamın yəhudilər haqqındakı hökmü ancaq Allahın hökmü ola bilərdi. Allah Təala belə buyurur:

[Ya Məhəmməd!] Biz sənə bu kitabı haqq olaraq, özündən əvvəlki kitabları təsdiq edən və onları qoruyan kimi nazil etdik. Elə isə onların arasında Allahın endirdiyi ilə hökm ver! Sənə gələn haqqı qoyub [sənə endirilən doğrulardan ayrılıb], onların nəfslərinə uyma (Əl-Maidə, 5/48)!

Aşağıdakı ayə də bu zina əhvalatı ilə əlaqədardır. Əbu Cəfər Məhəmməd ibn Cərir Ət-Təbəri, vəfat tarixi hicri 310/miladi 922-ci il, Camiu’l-bəyan fi tə’vili’l-Qur’an, Beyrut 1412/1992, IV cild, s. 583.

İçərisində Allahın hökmü olan Tövrat öz əllərində olduğu halda, onlar səni necə hakim tə’yin edirlər? Sonra da ondan [sənin Tövrata uyğun verdiyin hökmdən] üz çevirirlər? Onlar inanmış kimsələr deyildirlər (Əl-Maidə, 5/43)!

Bu ayə Tövratdakı zina hökmünün Allahın hökmü olduğunu dəqiqləşdirib. Yəhudilərin peyğəmbərimizin hüzuruna gəlməsi əslində bu cəzadan qaçmaqdan ötrü idi. Buna görə də göndərdikləri adamlara: “Əgər sizin haqqınızda bu qərar [təhrif edilmiş hökm] verilsə, ona uyun. Əgər verilməsə, ona uymayın” (Əl-Maidə, 5/41), – demişdilər. ((Əbu Cəfər Məhəmməd ibn Cərir Ət-Təbəri, eyni əsər, s. 577.)) Beləliklə, Tövratdakı hökm Allahın hökmü olduğuna görə peyğəmbərimiz başqa bir cəza vərə bilməzdi. Hətta o, zina edən müsəlmanlara da bir müddət Tövratın hökmünü tətbiq edib. Aşağıdakı hədis bunu göstərir:

Əbu Hüreyrə və Zeyd ibn Xalid belə rəvayət edirlər: Bir gün peyğəmbər əleyhissəlamın yanında idik. Bir adam ayağa qalxıb, belə dedi: “Allah xatirinə, aramızda ancaq Allahın kitabı ilə hökm verməyini istəyirəm”. Bu adamın peyğəmbərə şikayət etdiyi digər adam da ayağa qalxıb: “Aramızda Allahın kitabı ilə hökm ver və məni dinlə”, – dedi. Peyğəmbərimiz ona: “Danış!”, – dedi. O kişi də danışmağa başladı: “Mənim oğlum bu kişinin fəhləsi idi. Onun arvadı ilə zina etdi. Mən də fidyə olaraq 100 qoyun və bir xidmətçi verdim. Bilənlərdən soruşdum, onlar da oğluma 100 çubuq və 1 illik sürgün cəzası, qadına isə rəcm cəzası tətbiq edilməsinin lazım olduğunu dedilər”.

Peyğəmbər əleyhissəlam buyurdu: “Canım əlində olana (Allaha) and olsun ki, sizin aranızda qadir Allahın kitabı ilə hökm verəcəyəm. 100 qoyun və xidmətçi geri qaytarılmalıdır. Sənin oğluna 100 çubuq vurulmalı və 1 il müddətinə sürgün edilməlidir. Ey Üneys! Bu kişinin arvadının yanına get, əgər günah etdiyini qəbul etsə, onu rəcm et!”. Üneys getdi və qadın günahı qəbul etdi. Dərhal rəcm edildi. ((Əl-Buxari, Hüdud, 30.))

Yuxarıda adı çəkilən kitab Tövratdır. Çünki o vaxtlar Qur’ani-Kərimdə zina ilə əlaqədar bir ayə yox idi, hələ nazil olmamışdı. Nazil olan ayələrin heç birində də rəcm cəzası yoxdur. Müasir Tövratda çubuq cəzası yoxdur. Bu cəza ehtimal ki, Tövratın Mədinə yəhudilərinin əllərindəki nüsxəsində vardır.

Qadınlar üçün ölüm cəzası Ən-Nisa surəsindəki ayələrlə ev həbsinə (göz dustaqlığına) çevrilmiş və bununla yanaşı, qadınla kişiyə onlar özlərini düzəldənə qədər əziyyət verilməsi məsələsi hökmə bağlanmışdır. Allah Təala bu barədə belə buyurur:

Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan [mö’min şəxslərdən] dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, qadınları ölənə qədər, ya da Allah onlara bir yol açanadək evlərdə həbs edin!

Sizin içərinizdən belə qəbahətli bir iş görənlərin hər ikisinə əziyyət verin. Əgər onlar tövbə edib, özlərini düzəltsələr, buraxın. Şübhəsiz ki, Allah tövbələri qəbul edən və bağışlayandır (Ən-Nisa, 4/15-16)!

Bu ayələr həm Tövratdakı rəcm, yə’ni, daşqalaq edərək öldürmə cəzasını aradan götürüb, həm də subaylara verilən 100 çubuq və sürgün cəzasını yüngülləşdirib. Bakirə bir qızın bir il ərzində sürgündə qalmağı yeni bir ayə ilə yolunun açılmasına qədər öz evində qalmağından daha çətindir. Burada evli-subay ayrı seçkiliyi də edilməyib. Birinci ayədəki «Allah onlara bir yol açanadək» ifadəsi cəzanın daha çox yüngülləşdiriləcəyini göstərir. Bu yüngülləşdirmə öz əksini Ən-Nur surəsinin ikinci ayəsində tapıb:

Zinakar kişi və zinakar qadının hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində [bu işi icra edərkən] ürəyiniz onlara qarşı yumşaq olmasın. Mö’minlərdən bir dəstə də onlara verilən əzaba şahid olsun [öz gözləriylə görsün] (Ən-Nur, 24/2).

Bu ayə evli və subayı ayırmadan zina cəzasını 100 çubuq olaraq hökmə bağlayıb. Bu cəza Ən-Nisa surəsindəki ölənə qədər ev həbsində qalmaqdan və “artıq özünü düzəldib” qənaəti hasil olana qədər əziyyət çəkməkdən yüngül bir cəzadır.

Bir dəfə bir kişi zinakar olduğunu e’tiraf etmişdi. Allahın elçisi bir çubuq gətirilməsini tələb etdi. Qırıq bir çubuq gətirildi. Peyğəmbər əleyhissəlam: “Daha yaxşısı olsun!”, – dedi. Sonra təzə bir çubuq gətirildi, bu çubuğun da budaqları budanmamışdı. Peyğəmbər: “Bundan yüngülü olsun!”, – deyə buyurdu. Sonra hamar və yumşaq bir çubuq gətirdilər. Allahın elçisi əmr verdi və o kişiyə çubuq vuruldu. Bundan sonra peyğəmbər əleyhissəlam belə buyurdu:

Ey insanlar! Artıq Allahın qoyduğu məhdudiyyətlərdən qaçınıb çəkinməyin vaxtı gəldi! Kim bu pis işlərdən birini görsə, Allahın pərdəsi ilə pərdələnsin (Allahın örtüyünə bürünsün, yə’ni, bunu büruzə verməsin)! Çünki üzünü bizə göstərənə Allahın kitabındakı hökmü tətbiq edirik. ((Əl-Muvatta’, Hüdud, 2/12.))

Burada günahkara onun evli, yaxud subay olduğuna baxılmadan 100 çubuq vurulması və beləliklə, Allahın kitabındakı hökmün tətbiq edildiyinin ifadə edilməsi mahiyyət e’tibarilə bu məsələ barəsindəki bütün şübhələri aradan qaldırır. Çünki Allahın kitabında 100 çubuq vurma cəzasından başqa bir cəza yoxdur.

Əş-Şeybani rəvayət edir ki, bir gün Abdulla ibn Əbu Əvfadan belə bir sual soruşdum: “Allahın elçisi rəcm cəzası tətbiq etdimi?”. Abdulla ibn Əbu Əvfa: “Bəli”, – deyə cavab verdi. Mən: “Ən-Nur surəsindən əvvəl, yoxsa o nazil olduqdan sonra?”, – deyə soruşdum və o: “Bilmirəm”, – dedi.

Qur’ani-Kərim Tövratda olan və peyğəmbərimizin də bir müddət tətbiq etdiyi zina cəzası ilə əlaqədar hökmləri nəsx edib, yə’ni, onları ləğv edib. Bə’zən elə olub ki, insanlar peyğəmbərimizin əvvəlki cəzalandırmalarına baxaraq  Ən-Nur surəsinin yalnız subaylara verilən cəzanı nizamladığını fikirləşiblər. Bə’zən də onlarda belə bir qənaət hasil olub ki, Qur’anda evlilərlə bağlı bir hökm yoxdur və onlara rəcm cəzası vermək lazımdır. Halbuki, Qur’ani-Kərimdə üç ayənin üçündə də evlilərə verilən cəza 100 çubuq zərbəsi olaraq açıq-aşkar göstərilib:

1. Arvadının zina etdiyini iddia edən kişi ilə əlaqədar ayələr:

Arvadlarına zina suçu atıb, özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi özünün doğru dediyinə dair dörd dəfə Allahın adına and içərək şahidlik etməsi, beşinci dəfədə isə əgər yalan deyirsə, Allahın lə’nətinin öz üzərinə olmasını diləməyidir.

Qadının isə ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması və beşinci dəfədə əgər əri doğru deyirsə, Allahın qəzəbinin öz üzərinə olmasını istəməsi o cəzanı öz üstündən götürür (Ən-Nur, 24/6-9).

8-ci ayədəki «o əzab (əl-əzab)» ifadəsi özündən 4 ayə əvvəlki 100 çubuq cəzasını göstərir. Oradakı əl artiklı əhddən ötrüdür; yə’ni, əvvəlinə keçdiyi sözə əvvəlcədən müəyyənləşdirilmiş bir mə’na yükləyir. Qur’ani-Kərimdə zina barəsində müəyyən edilmiş cəza yalnız 100 çubuq vurmaq cəzasıdır. Ərəb dili baxımından o sözün başqa bir şeyə dəlalət etməsi mümkün deyil. Əri tərəfindən zina ilə təqsirləndirilən qadının evli olması da qətidir.

2. Evli cariyələrin zina etməsi ilə əlaqədar ayə:

Əllərinizin altında olan mö’min cariyələr… Evləndikləri zaman fahişəlik etsələr, cəzaları azad qadınlara verilən o əzabın [əl-əzab] yarısı qədərdir (Ən-Nisa, 4/25).

Əgər evli azad qadınların cəzası rəcm olsa idi, belə olan halda, daşqalaq edilib öldürülməyin yarısı da olmazdı. Çünki bə’ziləri bir daşla ölür, bə’ziləri üçünsə çox daş lazım olur. Yarı bölünməli olan isə sadəcə olaraq 100 çubuq zərbəsidir.

3. Peyğəmbərin xanımları ilə əlaqədar ayə:

Ey peyğəmbərin xanımları! Sizdən hansı biriniz açıq-aşkar bir həyasızlıq [çirkin iş, günah] etsə, onun üçün o əzab [əl-əzab] ikiqat olar (Əl-Əhzab, 33/30).

Təbii ki, peyğəmbərin xanımları evlidir; onların əri peyğəmbər əleyhissəlamdır. Onlara verilən cəza da dözülməsi mümkün olan bir cəza olmalıdır. Ölüm cəzasının isə iki qatı olmur, lakin 100 çubuq cəzası ikiqat ola bilər.

Bu ayələrdəki əl-əzab sözü yalnız Ən-Nur surəsindəki 100 çubuq cəzasına dəlalət edir. Çünki onlardakı əl artiklı da əhddən ötrüdür. Buradan belə bir nəticə çıxır ki, zina günahının yeganə cəzası 100 çubuq vurmaqdır. Bu qədər açıq-aydın dəlillərdən sonra bunun ziddi iddia edilə bilməz. Allahın elçisi də belə deyib: “Mümkün olduqca, şübhələrlə tətbiq edilən hədd cəzalarını  aradan qaldırın”. Bu qədər açıq bir sübut ola-ola şübhəli bir dəlilə istinad edib, rəcm cəzasını müdafiə etmək olmaz. Beləliklə, Qur’ani-Kərim zina cəzası barəsində həm Tövratı, həm də İncili nəsx etmişdir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004-2010 Bütün hüquqları qorunur.