VƏRDİŞLƏR
Bəqərə surəsi, 7-ci ayə (1) ((Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi (Azərbaycan dilinə tərcümə edən: Dr. Fəqani Bəylərov), Bakı, 2004, s. 80-83.))
Allah onların qəlblərinin və qulaqlarının üzərində izlər yaradıb. Gözlərində də bir pərdə var. Onlar üçün böyük bir əzab var!
Qurani-Kərim fitrətdən bəhs edir: Sən üzünü doğru bir dinə – Allahın fitrətinə çevir. Allah insanları bu dinə uyğun yaradıb. Allahın yaratdığının yerini tuta bilən heç bir şey yoxdur. Doğru din budur. Amma insanların çoxu bunu bilmir!
Fitrət varlıqların əsas quruluşunu və onu təşkil edən yaradılış, dəyişmə və inkişafın başlıca prinsip və qanunlarını ifadə edir. Göylərin, yerin, insanların, heyvanların, bitkilərin və ümumiyyətlə hər şeyin quruluşu və fəaliyyəti fitrətə uyğun planlanıb. Qurani-Kərimin hökmlərinə tabe olanlar fitrətə uyğun rəftar edir və beləcə göylərdən və yer üzündən ən səmərəli surətdə istifadə edirlər. Ölümdən sonra Cənnətə gedir və sonsuz xoşbəxtliyə qovuşurlar.
Quran bizə fitrətin nə olduğunu bildirir və ona zidd hərəkət edənlər əslində həqiqətə zidd rəftar edərək tarazlığı pozurlar. Bu pozulma əvvəlcə belə insanların özündən başlayır. Onları bu cür davranışlara vadar edən şeylər öz mənfəətləri, gümanları, həyatdan umub gözlədikləri şeylər və həvəsləridir. Belə hərəkətlər etməkdən çəkinməsələr, dəmirin paslandığı kimi paslanır və yeni bir xarakter qazanırlar. Allah Təala belə buyurur:
Xeyr, belə deyil! Onların qəlblərini etdiklərinin [günahlarının] pası tutmuşdur (Mutəffifin, 83/14).
İnsan pis vərdişlərə alışır və onlardan həzz almağa başlayır. Məsələn, siqaret çəkən şəxsin ağzında ilk dəfə çəkdiyi vaxt xoşagəlməz dadlar və qoxular olur. Buna görə ikinci siqareti də nifrətlə çəkir. Çəkməyə davam etdikcə onun orqanizmində yeni bir sahə formalaşır və artıq siqaretdən ləzzət almağa başlayır. Yalançılar da belədir. Dedikləri yalanlar əvvəlcə onları narahat edir; ancaq yalan danışmağa davam etdikcə yeni bir xarakter qazanır və yalan danışmağı bir ehtiyac hesab edirlər.
İnsanın əsas kontrol mərkəzi onun öz qəlbidir. Ağıl doğru şeyləri axtarıb tapır. Qəlb isə insanın mənfəətlərinin, onun güman və həvəslərinin təsiri ilə bunları ya qəbul edir, ya da rədd. Çünki ağlın verdiyi hökmlərə tabe olmaq bir növ fədakarlıq tələb edir; başqa sözlə, bunun üçün zəhmətə qatlanmaq lazım gəlir. Zəhmət çəkmək istəməyən insan özünün doğru kimi qəbul etdiyi bir çox işi görə bilməz. Əsl problem də elə burada başlayır. Bundan sonra göz bəzi şeyləri görmək, qulaq da bəzi şeyləri artıq eşitmək istəmir. Bu insanın öz doğruları ilə ümumbəşəri dəyərlərin yeri dəyişir. Onun üçün yeni bir dünya yaranır və orada özünə təzə dostlar tapır. Allah Təala bu barədə belə buyurur:
Öz arzularını [nəfsini] özünə tanrı edəni gördünmü? Bunu bilə-bilə etdiyi üçün Allah onu azğın saymış, qulağını və qəlbini möhürləmişdir. Gözünə də bir pərdə çəkmişdir. Allahın bu qərarından sonra kim onu doğru yola gətirə bilər? Məgər düşünmürsünüz (Casiyə, 45/23)?
Qulaqla qəlbin möhürlənməsi və gözün önünə pərdə çəkilməsi artıq formalaşmış olan yeni bir xarakteri bildirir. Bəqərə surəsinin 7-ci ayəsi də bunu ifadə edir. Aşağıdakı ayə də bu mövzuya aydınlıq gətirir:
Kim inandıqdan sonra Allahı inkar etməyə başlasa ((Burada qəlbi imanla dolu olduğu halda, məcburi vəziyyətə düşənlər istisna təşkil edirlər.)) və qəlbinin qapısını kafirliyə açsa, belələri Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab var!
Bu ona görədir ki, onlar bu dünya həyatını axirətdəkindən üstün tuturlar. Allah kafirləri doğru yola gətirməz.
Bunlar o şəxslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləyib. Onlar qafildirlər (Nəhl, 16/106-108)!
Bu kimi ayələrdəki xətm və təb‘ kəlmələri lüğətlərdə həm möhür kimi bir şeyin iz qoyması, həm də buraxdığı iz mənaları verir. ((Rağib Əl-İsfahaninin Müfrədat lüğəti, خ ت م (Xa, Tə və Mim hərfləri) və ط ب ع (Ta, Bə və ‘Eyn hərfləri) bəndi. Xətm və təb‘ sözləri bəzən məcazi mənada etibar və səlahiyyət mənası verir; məsələn, «onun əlində möhürü var» deyilir. Bəzən də maneə mənası bildirir; misal üçün, «onun qapısı möhürlüdür» deyilir. Nadir hallarda, bir şeyin izini tapmağı ifadə edir. Bəzən də bir şeyin axırına çatmaq mənası verir; məsələn, «filankəs Quranı xətm etdi» deyilir. Təb‘ kəlməsi eyni zamanda yaradılışdan, yaxud da vərdişlər üzündən bədəndə formalaşan təbiət və xarakter mənalarını ifadə edir.)) Qurani-Kərimin müxtəlif tərcümələrində bunlara möhürləmək, möhür vurmaq mənaları verilib və Bəqərə surəsinin 7-ci ayəsi aşağıdakı kimi tərcümə edilib:
Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir. ((Quranın bu tərcüməsi Əli Özək, Xeyrəddin Qaraman, İbrahim Kafi Dönməz, Mustafa Çağrıcı, Sədrəddin Gümüş və Əli Turqut tərəfindən hazırlanıb və həm Səudiyyə Ərəbistanında çap edilərək Türk hacılara paylanır, həm də Türkiyə Diyanət Vəqfi tərəfindən çap edilib satılır.))
Bizim qənaətimizə görə bu cür tərcümə Quranın bütünlüyünə ziddir. Çünki əgər Allah kafirlərin qəlblərini və qulaqlarını möhürləyib gözlərini də pərdə ilə örtübsə, bu vəziyyətdə onların əllərindən bir şey gəlməz. Belə bir şəraitdə onlara cəza vermək haqsızlıq olar. Halbuki, Allah haqsızlıq etməz və heç vaxt haqsız davranmaz. Alah Təala belə buyurur:
Onlar üz döndərəndə Allah da onların qəlblərini döndərdi. Allah fasiqləri [yoldan çıxan günahkar bir qövmü] doğru yola gətirməz (Səff, 61/5)!
Bu və buna bənzər Quran ayələrində pis vərdişlərin insanlara verdiyi pis xasiyyət və xüsusiyyətlərdən bəhs edilir. Bu, Allahın qanunudur. Bu imtahan dünyasında yaranma və dağılma yan-yanadır.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.