Müsəlmanlar
Münafiqlərin korluğu

Münafiqlərin korluğu

MÜNAFİQLƏRİN (RİYAKARLARIN) KORLUĞU

Bəqərə surəsi, 17-ci və 18-ci ayələr ((Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi (Azərbaycan dilinə tərcümə edən: Dr. Fəqani Bəylərov), Bakı, Təknur nəşriyyatı, 2005, s. 87-88.))

Onların halı od yandıran şəxsin halına oxşayır. Yandırdığı od ətrafını işıqlandırdığı zaman, Allah gözlərinin nurunu söndürüb onları qaranlıq içərisində qoyar və heç bir şey görməzlər.

Onlar kar, lal və kordurlar. Artıq fikirlərindən daşınıb, geri qayıtmazlar.

Münafiq əvvəlcə inanan, sonra Allahı inkar etməyə başlayan, buna baxmayaraq, özünü yenə inanclı kimi görən və başqalarına da belə göstərən insana deyilir. Allah Təala belə buyurur:

Münafiqlər sənin yanına gəldikləri vaxt: “Biz sənin həqiqətən də, Allahın elçisi olduğuna şahidlik edirik”, – deyirlər. Allah sənin Onun elçisi olduğunu (onsuz da) bilir. Allah həm də münafiqlərin əsl yalançı olduqlarına şahidlik edir.

Onlar andlarını özlərinə qalxan edib, [insanları] Allah yolundan döndərirlər. Onların etdikləri necə də pis əməllərdir!

Bu ona görədir ki, onlar inandılar, ancaq sonra kafir oldular. Sonra onların qəlblərinə möhür vuruldu və artıq heç bir şey anlamazlar (Münafiqun, 63/1-3).

Allaha heç inanmadığı halda, özünü iman gətirmiş kimi göstərənlər də var. Quranda deyilir:

Elə insanlar da var ki, inanmadıqları halda: “Biz Allaha və axirət gününə inandıq”, – deyirlər. Allaha və möminlərə oyun qururlar [elə zənn edirlər ki, Allahı və möminləri aldadırlar]. Halbuki, onlar bilmirlər ki, ancaq özlərini aldadırlar (Bəqərə, 2/8-9).

Bəqərə surəsinin 7-ci ayəsində Allahı inkar edən kafirlərin həqiqətləri görə bilməmək kimi bir alışqanlıq qazanmağına və elə buna görə də onların gözlərinə bir pərdə çəkilməyi məsələsinə toxunulub. Eyni pərdə münafiqlərdə də olur. Əslində «onların halı od yandıran şəxsin halına oxşayır» ifadəsi münafiqlərin əvvəllər ilahi vəhy vasitəsi ilə özlərini günahlardan qoruyub xeyirxah işlərə meyl göstərdiklərini bildirir. İlahi vəhy bəzi həqiqətləri meydana gətirəndə isə narahat olub özlərini görməməzliyə vurur və yenidən qaranlığa yuvarlanırlar. Özlərini kar, lal və kor vəziyyətinə salırlar. Həqiqətləri nə eşitmək, nə görmək, nə də danışmaq istəyirlər. Onların bütün bunlardan daşınmaq fikirləri də yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.