I – NAMAZLARI BİRLƏŞDİRMƏKLƏ ƏLAQƏDAR HƏDİSLƏR
A) SƏFƏRDƏ BİRLƏŞDİRMƏK
Ənəs ibn Malik (r. a.) Məhəmməd peyğəmbərin (ə. s.) günorta namazı ilə ikindi namazını, axşam namazı ilə də gecə namazını birləşdirdiyini deyib. ((Buxari, Təqsirus-səlah, 13, 14, 16; Müslim, Səlatul-müsafirin, bab 5, hədis 46, 47 (704).))
Əbu Tüfeyl rəvayət edir ki, Muaz ibn Cəbəl (r. a.) belə demişdir: “Təbuk döyüşündə peyğəmbərlə birlikdən idik. Günorta namazı ilə ikindini bir, axşam namazı ilə gecə namazını da bir qılırdı. Mən soruşdum ki, niyə belə edirdi? Mənə: “O, öz ümmətini çətinliyə salmaq istəmədi”, – deyə cavab verdi”. ((Müslim, Səlatul-müsafirin, bab 6, hədis 52 (705), 53 (706).))
İbn Abbas (r. a.) nəql edib ki, peyğəmbər (ə. s.) səfərdə olanda günorta namazı ilə ikindini birləşdirib qılırdı. Axşamla gecə namazını da birlikdə qılırdı. ((Buxari, yenə orada.))
Abdulla ibn Abbas nəql edib ki, peyğəmbər (ə. s.) çıxdığı bir səfərdə – Təbuk döyüşündə namazı birləşdirib. Günorta ilə ikindini, axşamla da gecəni bir qılıb.
Hədisiib ki, rəvayət edən Səid ibn Cübeyr belə deyib: “Mən İbn Abbasdan peyğəmbəri buna sövq edən amilin nə olduğunu soruşdum; o da buna səbəb olan şeyin ümməti çətinliyə salmamaq istəyi olduğunu dedi”. ((Müslim, yenə orada.))
a) Cəmi-təqdim və cəmi-təxir
Cəmi-təqdim etmək günorta namazı ilə ikindi namazını günorta namazının vaxtında, axşam namazı ilə gecə namazını axşam namazının vaxtında qılmaq deməkdir. Cəmi-təxir etmək isə günorta və ikindi namazlarını ikindi namazının, axşam və gecə namazlarını da gecə namazının vaxtında qılmaqdır.
Qureyb İbn Abbasdan (r. a.) belə nəql edir: “Sizə peyğəmbərin (ə. s.) səfərdəki namazından danışımmı”, – deyə soruşdu. Biz: “Əlbəttə”, – dedik. Belə dedi: “Səyahət edənlər üçün dincəlmək yerində olduğu vaxtlarda günəş qərbə tərəf meyl edirdisə (günorta vaxtı daxil olurdusa), miniyinə minməmiş günorta və ikindi namazlarını birləşdirirdi. Dincəlmək yerində olanda günəş hələ qərbə meyl etməmiş olurdusa, ikindi vaxtına qədər yol gedir, sonra miniyindən düşüb günorta və ikindi namazlarını birləşdirirdi. Dincəldiyi yerdə günəş batırdısa, axşam və gecə namazlarını birləşdirib qılırdı. Əgər günəş hələ batmamış olurdusa, gecə namazının vaxtı girənə qədər yol gedir, sonra düşüb həmin namazları birləşdirərək qılırdı.” ((Əhməd ibn Hənbəl, I cild, s. 367-368.))
Muaz ibn Cəbəldən (r. a.) belə rəvayət olunub: “Peyğəmbər (ə. s.) Təbuk döyüşündə günəşin əyilməyindən əvvəl hərəkət edirdisə, günorta namazını birləşdirmək üçün ikindi vaxtına qədər təxirə salır və ikisini birlikdə qılırdı. Günəşin əyilməyindən sonra yola çıxırdısa, günorta və ikindini birlikdə qılır, sonra yoluna davam edirdi. Axşam namazından əvvəl yola çıxsaydı, axşamı namazını gecə namazı ilə birləşdirib qılmaq məqsədilə gecikdirirdi. Axşam namazından sonra yola çıxmalı olanda isə gecə namazını əvvələ keçirir və axşamla birlikdə qılırdı”. ((Əhməd ibn Hənbəl, V cild, s. 241.))
Aişə (r. a.) bildirib ki, peyğəmbər (ə. s.) səfər üstə olanda günorta namazını gecikdirib ikindi namazını əvvələ keçirir, axşamı da əvvələ salıb gecə namazını gecikdirirdi. ((Əhməd Abdurrahman Əl-Bənna, Əl-Fəthur-rəbbani li tərtibi musnədil-imam Əhməd ibn Hənbəl Əş-Şeybani ma şərhihi buluğil-əmani, Qahirə, VI cild, s. 120, hədis 1237. Bu hədisi Təhavi və Hakimdən nəql etmiş və sənədinin ceyyid olduğunu bildirmişdir.))
b) Günorta və ikindi namazlarının birləşdirilməsi
Ənəs ibn Malik (r. a.) demişdir: “Peyğəmbər (ə. s.) günəşin qərbə tərəf meyl etməyindən əvvəl yola çıxsaydı, günorta namazını ikindi vaxtına qədər təxirə salır, sonra miniyindən düşüb ikisini birlikdə qılırdı. Yola çıxmamışdan qabaq günəş qərbə tərəf əyilsəydi, günorta namazını qılır, sonra miniyinə minirdi”. ((Buxari, Təqsirus-səlah, 15, 16; Müslim, Səlatul-müsafirin, bab 5, hədis 46 (704).))
Əbu Kilabə İbn Abbasın belə dediyini rəvayət edib: “Peyğəmbər (ə. s.) yolda bir yerdə dincəldiyi vaxt o yer xoşuna gəlirdisə, günorta namazını gecikdirib ikindi namazı ilə bir qılırdı. Yolda ola-ola dincəlmək üçün yer tapılmayanda dincəlmək yerinə çatana qədər günorta namazını gecikdirir, beləcə, günorta ilə ikindi namazlarını birləşdirib qılırdı”. ((Əhməd Abdurrahman Əl-Bənna, eyni əsər, hədis 1239.))
c) Axşam namazı ilə gecə namazının birləşdirilməsi
Cabir ibn Abdulla (r. a.) deyib: “Peyğəmbər (ə. s.) günəş batdığı vaxt Məkkədən (yola) çıxdı. Şərifə gəlib çatana qədər namaz qılmadı. ((Əbu Davud, Səlah, 1215; Nəsai, Məvaqit, 45; Əhməd ibn Hənbəl, III cild, s. 305. Mətn Əhməd ibn Hənbəldən götürülüb.)) Ora Məkkədən 10 mil uzaqdadır.” ((Əbu Davud, Səlah, 1216; Nəsai, Məvaqit, 45, babul-vaqtil-ləzi yəcməu fihil-müsafir.))
Ondan başqa bir rəvayət də belədir: “Peyğəmbər (ə. s.) Şərifdə ikən günəş batdı. Peyğəmbər Məkkəyə gələnə qədər namaz qılmadı”. ((Əhməd ibn Hənbəl, III cild, s. 381.))
Ömər ibn Əli atasından, o da babasından belə rəvayət edib: “Əli (r. a.) günəş batıb qaranlıq düşənə qədər yoluna davam edir, sonra düşüb axşam namazını, onun arxasınca da gecə namazını qılırdı. Sonra da deyirdi ki, mən peyğəmbərin (ə. s.) belə etdiyini görmüşəm”. ((Əhməd ibn Hənbəl, I cild, s. 136.))
Nafi İbn Ömərin (r. a.) axşam namazı ilə gecə namazını birləşdirdiyini və belə dediyini nəql etmişdir: “Rəsulullah (ə. s.) səfərdə bir yerə tələsdiyi vaxt axşam namazı ilə gecəni birləşdirib qılırdı”. ((Müslim, Səlatul-müsafirin, bab 5, hədis 42 (703); Buxari bu hədisi salim yolu ilə rəvayət edib: Təqsirus-səlah, 13.))
İsmayıl ibn Abdurrahman dedi: “İbn Ömərlə HIMAYA qədər birlikdə getdim. Günəş batanda ona namazı xatırlatmağa çəkindim. Üfüqdəki ağartı və gecənin ala-bula qaranlığı gözdən itəndə dincəlmək üçün dayandı. Axşam namazını 3 rükət qıldırdı. Sonra 2 rükət də namaz qıldırdı ((Gecə namazının 4 rükətdən ibarət olan fərzini (vacib qismini) 2 rükət olaraq qılıb.)) və belə dedi: “Peyğəmbərin (ə. s.) də belə etdiyinə özüm şahid olmuşam”. ((Nəsai, Məvaqit, 45.))
Nafidən belə bir rəvayət gəlib çatıb: “Bir gün İbn Ömər Səfiyyənin imdadına yetişməli oldu. Elə o axşam (dərhal) 3 günlük yola çıxdı. Axşama qədər yol getdi. Mən: “Namaz!”, – dedim amma o, buna fikir vermədən yoluna davam etdi. Qaranlıq düşənə qədər yol getdi. Salim ya da başqa bir nəfər: “Axşam olub. Namaz vaxtıdır”, – dedi. Cavabında dedi ki, peyğəmbər (ə. s.) səfər vaxtı tələsməli olanda bu 2 namazı birləşdirirdi. Mən də birləşdirmək istəyirəm. Yolunuza davam edin! Şəfəq gözdən itənə qədər beləcə yol getdi, sonra 2 namazı birləşdirib qıldı”. ((Əhməd ibn Hənbəl, II cild, s. 51.))
Nafi deyib: “İbn Ömər 2 namazı bir dəfə birləşdirib. Bir gün ona xəbər gəldi ki, arvadı Əbu Übeyd qızı Səfiyyənin xəstədir. İkindi namazını qılandan sonra yol ehtiyatını götürməmiş yola çıxdı. Axşam namazı vaxtı olana qədər sürətlə yoluna davam etdi. Dostlarından (yoldaşlarından) biri dedi ki, namaz vaxtıdır. Ona cavab vermədi. Sonra başqa bir yoldaşı gəldi; ona da məhəl qoymadı. Üçüncü bir yoldaşı da məsələyə qarışanda İbn Ömər belə dedi: “Mən peyğəmbəri (ə. s.) görmüşəm. Səfərdə bir yerə tələsdiyi vaxt 2 namazı birləşdirmək üçün bu namazı gecikdirirdi”. ((Əhməd ibn Hənbəl, II cild, s. 150.))
Əbu Zübeyr deyib: “Cabirdən soruşdum ki, peyğəmbər (ə. s.) axşam və gecə namazlarını heç birləşdirib? Mənə: “Bəli, Bəni Müstəliq ((Bəni Müstəliq döyüşü hicrətin 5-ci ilində baş verib.)) döyüşü vaxtı birləşdirdi”, – dedi”.
Əmr ibn Şueyb atasından babasının belə dediyini rəvayət edib: “Peyğəmbər (ə. s.) Bəni Müstəliq döyüşündə 2 namazı birləşdirib”. ((Əhməd ibn Hənbəl. Bu iki hədisi nəql edən kitab: Əhməd Abdurrahman Əl-Bənna, eyni əsər, VI cild, hədis, 1243, 1244.))
Abdulla ibn Məsud (r. a.) belə deyib: “Cəmdə ((Cəm Müzdəlifənin adıdır. Çünki Həzrəti Adəm və Həzrəti Həvva Cənnətdən çıxdıqdan sonra orada birləşiblər.)) qıldığı bir tərəfə, mən görməmişəm ki, peyğəmbər (ə. s.) bir namazı vaxtında qılmasın. Cəmdə axşamla gecəni birləşdirmişdi. Ertəsi günün səhər namazını da vaxtından əvvəl qılmışdı”. ((Müslim, Həc, bab 48, hədis 292 (1289); Əbu Davud, Mənasik, 65, hədis 1934; Nəsai, Həc, 310. Tərcümə Əbu Davuddakı mətnin tərcüməsidir.))
d) Azan, qamət və arada qılınan nafilə (müstəhəb) namaz
Abdurrahman ibn Zeyd deyir: “Abdulla ibn Məsudla birlikdə Məkkəyə tərəf yola çıxdıq. Sonra Cəmə gəldik. Hər bir namaz üçün azan və qamət ilə 2 namaz qıldırdı. Axşam yeməyi iki namazın arasında yeyildi. Səhər namazını dan yeri ağardığı vaxt qıldırdı. Biri dan yerinin ağardığını, digəri də hələ ağarmadığını deyirdi. Sonra belə dedi: “Peyğəmbər (ə. s.) buyurub ki, burada bu iki namaz (axşam və gecə namazları) vaxtlarının xaricinə çıxardılıb. Gecə namazının axır vaxtı daxil olmamış insanlar Cəmə çatmazlar. Səhər namazı da bu vaxtdadır. Hava açılana qədər vəqf etdi (dayanıb qaldı). Sonra dedi ki, əmirul-möminin (möminlərin əmiri) indi yola çıxsaydı, sünnəyə tabe olardı”. ((Buxari, Həcc, 99.))
Abdulla ibn Malik nəql edir ki, İbn Ömərlə birlikdə Cəmdə namaz qıldım. Qamət gətirib axşam namazını 3 rükət qıldı. Sonra gecə namazını bir qamətlə 2 rükət qıldı. ((Əhməd ibn Hənbəl, II cild, s. 152.))
Səid ibn Cübeyr və Abdulla ibn Malik deyiblər ki, biz axşam və gecə namazlarını İbn Ömərlə birlikdə Müzdəlifədə ancaq bir qamətlə qıldıq. ((Əbu Davud, Mənasik, 65, hədis 1930.)) Səid ibn Cübeyr deyib: “İbn Ömərlə birlikdə aşağı endik. Cəmə çatanda bizə axşam və gecə namazlarını eyni qamətlə 3 və 2 rükət qıldırdı. Geri qayıdanda dedi ki, peyğəmbər (ə. s.) bu yerdə bizə belə namaz qıldırmışdı”. ((Əbu Davud, Mənasik, 65, hədis 1931. Əbu Davudun 1932 və 1933 nömrəli hədisləri də eyni mənadadır.))
İbn Ömər peyğəmbərin (ə. s.) Müzdəlifədə axşam və gecə namazlarını birləşdirdiyini, bir qamətlə axşam namazını 3 rükət, gecə namazını isə 2 rükət qıldırdığını rəvayət edib. ((Əhməd ibn Hənbəldən nəql etməklə Əhməd Abdurrahman Əl-Bənna, eyni əsər, V cild, s. 137, hədis 1255.))
Abdulla ibn Ömər (r. a.) belə dedi: “Peyğəmbər (ə. s.) Müzdəlifədə axşam və gecə namazlarını hər biri üçün ayrılıqda qamət gətirərək birləşdirdi. İkisinin arasında da bunlardan birinin arxasınca başqa bir namaz qılmadı”. ((Buxari, Həcc, 96; Əhməd ibn Hənbəl, II cild, s. 56.))
Qureyb Üsamə ibn Zeyddən (r. a.) bunları eşitmişdir: “Peyğəmbər (ə. s.) Ərəfatdan çıxıb Şi’bə gəldi. İşəyib yuyundu amma dəstəmaz almadı. Ona namazı xatırlatdım. Mənə dedi ki, namaz qabaqdadır. Müzdəlifəyə gələndə yaxşı-yaxşı dəstəmaz aldı, sonra qamət gətirib axşam namazını qıldırdı. Daha sonra hamı dəvəsini elə olduğu yerə xıxırtdı. Bundan sonra qamət gətirildi və namaz qıldırdı. İkisi arasında namaz qılmadı”. ((Buxari, Həcc, 95.))
B) Namazları səfər xaricində birləşdirmək
İbn Abbas (r. a.) belə nəql edir: “Rəsulullah (ə. s.) günorta və ikindini, axşamla da gecə namazını birləşdirdi. Nə qorxu var idi, nə də səyahət (səfər)”. ((Müslim, Səlatul-müsafirin, bab 6, hədis 49 (705).))
“Peyğəmbər (ə. s.) Mədinədə günorta namazı ilə ikindi namazını birlikdə qıldırdı. Nə qorxu var idi, nə də səfər”.
Bu hədisi rəvayət edənlərdən biri olan Əbuz-Zübeyr deyir ki, mən Səid ibn Cübeyrdən peyğəmbərin niyə belə etdiyini soruşdum. Mənə cavab olaraq dedi ki, o özü də bunun səbəbini İbn Abbasdan soruşubmuş. İbn Abbasın ona cavabı belə olub: “Peyğəmbər ümmətindən heç kimi çətinliyə salmaq istəmədi”. ((Müslim, eyni əsər və bab, hədis 50 (705).))
İbn Abbas belə deyib: “Rəsulullah (ə. s.) Mədinədə günorta və ikindi namazlarını, eləcə də axşam və gecə namazlarını birləşdirib qıldı. Nə qorxu var idi, nə də yağış yağırdı”.
Hədisi rəvayət edənlərdən biri olan Vəki’i belə bir əlavə edib: “Mən İbn Abbasdan soruşdum ki, peyğəmbər niyə belə etdi? O da cavab olaraq: “O, öz ümmətini çətinliyə salmamaq üçün belə etdi”, – dedi”.
Əbu Müaviyənin rəvayətində isə belə deyilir: “İbn Abbasdan peyğəmbərin bu məsələdə məqsədinin nədən ibarət olduğunu soruşdular. İbn Abbas: “O, ümmətini çətinliyə salmaq istəmədi”, – dedi”. ((Müslim, eyni əsər və bab, hədis 54 (705).))
Əmr Cabir ibn Zeydin İbn Abbasdan belə bir hədis nəql etdiyini bildirir: “Peyğəmbərlə (ə. s.) birlikdə 8 rükət birdən və 7 rükət namazı birgə qıldım”.
“Dedim ki, ey Əbuş-Şə’sa, deməli, o, günorta namazını gecikdirib ikindi namazını qabağa saldı. O, mənə: “Mən də elə güman edirdim”, – dedi”. ((Müslim, eyni əsər və bab, hədis 55 (705). ))
İbn Abbasdan belə bir rəvayət nəql olunub: “Peyğəmbər (ə. s.) Mədinədə 7 və 8 rükət namaz qıldırdı. Günorta ilə ikindini və axşamla gecəni”. ((Müslim, eyni əsər və bab, hədis 56 (705).)) Axşam namazı ilə gecə namazını birləşdirəndə rükətlərin ümumi sayı 7, günorta və ikindi namazlarını birləşdirdikdə isə 8 olur.
Abdulla ibn Şəqiq deyir ki, Abdulla ibn Abbas bir gün ikindi namazından sonra bizə nitq söylədi. Elə oldu ki, günəş batdı və göydə ulduzlar görünməyə başladı. Camaat ona: “Namaz, namaz!”, – deyə səsləndi. Bəni Təmim qəbiləsindən bir nəfər gəlib ciddiyyət və sərtliklə: “Namaz, namaz (vaxtıdır)!”, – dedi. İbn Abbas ona: “Sən Sünnəni mənə öyrədirsən?!”, – dedi. Sonra sözlərinə belə davam etdi: “Mən peyğəmbərin günorta və ikini namazlarını, axşamla da gecə namazını birləşdirdiyinə şahid olmuşam”.
Abdulla dedi ki, bu, məni yaman narahat etdi (şübhəyə saldı). Gedib məsələni Əbu Hüreyrədən soruşdum. Əbu Hüreyrə İbn Abbasın dediyini təsdiq etdi. ((Müslim, eyni əsər və bab, hədis 57 (705).))
Müslimin İbn Abbasdan nəql etdiyi digər bir rəvayət belədir:
“Biz peyğəmbər (ə. s.) dövründə iki namazı birləşdirirdik”. ((Müslim, eyni əsər və bab, hədis 58 (705).))
II – MƏZHƏBLƏRİN RƏYİ
Elm adamlarının əksəriyyətinin fikrincə, səfər vaxtı iki namazı birlikdə – bu namazlardan birinin vaxtında qılmaq olar. Bu fikirdə olan elm adamları arasında Səid ibn Zeyd, Sə’d, Üsamə, Muaz ibn Cəbəl, Əbu Musa, İbn Abbas və İbn Ömər kimi şəxslər var. ((Bu şəxslərin hamısı əshabədir.)) Tavus, Mücahid, İkrimə, Malik, Sövri, Şafii, İshaq, Əbu Sövr və İbnul-Munzir də bu fikirdədirlər.
Həsən Əl-Bəsri, İbn Sirin və hənəfilərə əsasən namazları ancaq Ərəfə günü Ərəfatda və Müzdəlifə gecəsi Müzdəlifədə birləşdirmək olar. İbnul-Qasimin Malikdən nəql etdiyi rəvayət və öz seçimi də belədir. Onların fikrincə, namaz vaxtları təvatür yolu ilə sabit olduğuna görə xəbəri-vahidlə tərk edilə bilməz. ((Müvəffəqəddin və Şəmsəddin ibna Qüdamə, Əl-Muğni, Beyrut, 1410/1984, II cild, s. 113.))
Zahiri məzhəbi də namazları Ərəfat və Müzdəlifədən başqa bir yerdə birləşdirməyi qəbul etmir. Cəfəri məzhəbinə əsasən namazları həmişə birləşdirib qılmaq olar. Hənbəli və Maliki məzhəbləri isə bu iki fikrin arasında yer tutur.
A) Namazların ancaq Ərəfat və Müzdəlifədə birləşdirilməsi
Bu, Hənəfi və Zahiri məzhəblərinin rəyləridir.
a) Hənəfi məzhəbi
Hənəfi məzhəbinə əsasən səfər vaxtı günorta namazı ilə ikindi namazını və axşam namazı ilə gecə namazını bunların birinin vaxtında birləşdirib qılmaq olmaz. Lakin səfərdə olan şəxs birinci namazı öz vaxtının axırında, ikincini isə vaxtının əvvəlində qılmaqla namazları birləşdirə bilər. Çünki Buxari və Müslim İbn Məsuddan (r. a.) belə bir hədis nəql ediblər: “Mən görməmişəm ki, peyğəmbər (ə. s.) bir namazı öz vaxtında qılmasın. Sadəcə olaraq Cəmdə olduğu vaxt axşam və gecə namazlarını birlikdə qılmışdı. Bir də ertəsi günün səhər namazını vaxtından əvvəl qılmışdı”. ((Müslim, Həcc, bab 48, hədis 292 (1289). Buxarinin nəql etdiyi rəvayətdə Müzdəlifənin adı çəkilmir. Məzmunu belədir: “Abdulla (r. a.) dedi: “Mən görməmişəm ki, peyğəmbər (ə. s.) iki namazdan başqa hər hansı bir namazı vaxtında qılmamış olsun. Axşam və gecə namazlarını birləşdirdi; səhər namazını da vaxtından əvvəl qıldı (Buxari, Həcc, 99)”.))
Yəni, peyğəmbər (ə. s.) o gün səhər namazını həmişə qıldığı vaxtdan əvvəl, üfüq hələ təzə-təzə işıqlandığı vaxtda qılmışdı. Namazları Ərəfatda olanda birləşdirmək məşhur olduğuna (hamı tərəfindən bilindiyinə) görə belə çıxır ki, İbn Məsud bu məsələyə toxunmayıb.
Tə’ris gecəsi ((Peyğəmbər (ə. s.) və əshabəsinin bir döyüşdən qayıdanda istirahət etmək üçün dayandıqları yerdə yatıb yuxuya qaldıqları gecə.)) ilə əlaqədar Müslimin rəvayətində qeyd olunmuş bu hədis də məsələyə sübut təşkil edir: “Yuxuda ikən təqsir olmur. Əsl təqsir odur ki, bir namazı ikinci bir namazın vaxtı daxil olana qədər qılmayasan”. ((Müslim, Məsacid, bab 55, hədis 311 (681).))
Ənəsin nəql etdiyi bu hədis yuxarıdakı iki hədislə ziddiyyət təşkil edir: “Peyğəmbər (ə. s.) səfər vaxtı tələsəndə günorta namazını qılmağı ikindi namazının ilk vaxtına qədər təxirə salır, sonra ikisini bir qılırdı. Axşam namazını da şəfəq gözdən itənə qədər qılmaq üçün gecikdirirdi”.
İbn Ömərdən gələn rəvayət də bu hədisə ziddir: “Peyğəmbər (ə. s.) səfər vaxtı bir yerə tələsəndə axşam və gecə namazlarını şəfəq gözdən itdikdən sonra birləşdirib qılırdı”.
Hədisləri rəvayət edən şəxsin din elmlərində daha dərin biliklərə malik (fəqih) olmağı və ehtiyata uyğunluğu səbəblərinə görə İbn Məsudun rvayət etdiyi hədisə üstünlük verilir və ziddiyyətli şəraitlərdə onun nəql etdiyi hədis əsas götürülür.
Ziddiyyəti aradan qaldırmaq üçün İbn Ömərin nəql etdiyi hədisdəki şəfəq sözünün qırmızı şəfəqi bildirdiyini qəbul edirlər. Çünki bu söz həm axşam vaxtı qərb üfüqündə bir müddət görünən qırmızılıq haqqında, həm də o qırmızılığı əhatə edən ağartı barəsində işlədilir. Bu da öz növbəsində bizim dediyimiz kimi birləşdirməyin məhz özüdür. Yəni, yol üstündə olan şəxs vaxtın axırında düşüb o vaxtın namazını qılar. İkinci bir namazı da öz vaxtının əvvəlində qılar.
Namazların birləşdirilməsi ilə əlaqədar hədislərdə bir-biri ilə ziddiyyət təşkil edən məsələlər var. Belə ki, hədislərin birində İbn Abbasdan nəql olunmaqla belə deyilir: “Peyğəmbər (ə. s.) Mədinədə günorta namazı ilə ikindi namazını, axşam namazı ilə də gecə namazlarını birləşdirib qıldı. Nə qorxu var idi, nə də yağış yağırdı”. İbn Abbasdan peyğəmbərin niyə belə etdiyini soruşdular. O, cavab olaraq: “Peyğəmbər öz ümmətini çətinliyə salmaq istəmədi”, – dedi”.
Belə olan halda, namazları birləşdirməyin caizliyi ilə əlaqədar nə bizim, nə də başqalarının fikri ola bilər. Bəs Tə’ris gecəsi haqqındakı hədis buna açıq-aşkar bir şəkildə ziddirsə, onda vəziyyət necə olacaq? ((Kəmaləddin ibn Əl-Hümam (vəfat tarixi hicri 681/miladi 1282-ci il), Şərhu fəthil-qadir, Bulaq, 1315, I cild, s. 407, Cümə namazı fəslinin əvvəli.))
Hacılar Ərəfatda günorta və ikindi namazlarını günorta namazının vaxtında qıla bilərlər. Bunun üçün bir azan oxunur və iki qamət gətirilir. İki fərz (vacib) namaz arasında nafilə (müstəhəb) namaz qılmamaq yaxşıdır. Əgər nafilə namaz qılınsa, bu, məkruh olur və ikindi namazı üçün də ayrı bir azan oxumaq lazım gəlir.
Əbu Hənifənin fikrincə Ərəfatda namazları birləşdirə bilməkdən ötrü hər iki namazı da xəlifə yaxud onun tapşırıq verdiyi şəxslə birlikdə qılmaq və ehramlı olmaq lazımdır. İmameyn isə bunu şərt kimi irəli sürmür.
Hacılar axşam və gecə namazlarını Müzdəlifədə gecə namazı vaxtında bir azan və bir qamətlə birləşdirib qılırlar. ((Damat Abdurrahman ibn Şeyx ibn Süleyman, Məcməul-ənhur, Amirə mətbəəsi, 1301, I cild, s. 269–270.))
b) Zahiri məzhəbi
Zahiri məzhəbinə əsasən günorta və ikindi, axşam və gecə namazlarının müştərək vaxtları yoxdur. Ərəfat və Müzdəlifədəki vəziyyət isə o günə, o gecəyə və o iki yerə məxsus bir haldır.
Günorta və ikindi namazları, eləcə də axşam və gecə namazları istər zərurət olsun, istər olmasın, həmişə bu cür birləşdirilə bilər: Günorta namazına öz vaxtının axırında başlanıb ikindi vaxtı daxil olduqda salam verilir. Sonra ikindi azanı oxunur, qamət gətirilir və ikindi namazı qılınır. Axşam namazı da öz vaxtının axırında qılınır və salam verilib qurtarılır. Gecə namazının vaxtı daxil olur. Sonra azan oxunub qamət gətirilir və gecə namazı öz vaxtında qılınır. Belə ediləndə, yəni, namazları bu cür qılanda bu, bütün hədislərə müvafiq olur.
Namazları birləşdirib qılmaqla əlaqədar olaraq ən səhih (mötəbər) hədisi Abdulla ibn Abbas rəvayət edib. O hədis belədir: “Peyğəmbər (ə. s.) bizə günorta ilə ikindi və axşam ilə gecə namazlarını birlikdə qıldırdı. Nə qorxu var idi, nə də yağış. İbn Abbasdan bunun səbəbi soruşulduğu vaxt deyib ki, peyğəmbər (ə. s.) öz ümmətini çətinliyə salmaq istəmədi”.
Bizim izah etdiyimiz kimi aparılan birləşdirmə də bu hədisə zidd deyil. ((Əli ibn Əhməd ibn Həzm, Əl-Mühəlla, Beyrut, 1408/1988, II cild, s. 204, 206.))
c) Bu məzhəblərin fikirlərinin tənqidi
Namazları birləşdirib qılmağı caiz hesab edənlər yuxarıdakı fikirləri belə tənqid edirlər:
1 – Bunlar namaz vaxtları ilə əlaqədar rəvayətlərin (hədislərin) mütəvatir olduğuna baxıb: “Biz mütəvatir olan xəbərləri tərk etmərik”, – deyirlər. Biz də tərk etmirik; sadəcə olaraq təxsis edirik. Mütəvatir olanın səhih (mötəbər) xəbərlə təxsis edilməsinin caiz olduğuna dair icma var. Quranın belə xəbəri-vahidlə təxsis olunmasının caizliyi ilə əlaqədar icma var. Elə isə sünnə sünnə ilə asanlıqla təxsis edilə bilər. Bu, olduqca açıq bir məsələdir.
2 – Deyilir ki, hədislərdəki birləşdirmə ilə birinci namazın son vaxtında, ikincinin də ilk vaxtında qılınması nəzərdə tutulur. Bu, iki cəhətdən səhvdir. Əvvəla, peyğəmbərin (ə. s.) iki namazı bunların birinin vaxtında qıldığına dair hədis açıqdır. Ənəs belə deyib: “O, günorta namazını qılmağı ikindi vaxtına saxlayırdı. Sonra düşüb ikisini birdən qılırdı. Axşam namazını da şəfəq gözdən itənə qədər gecikdirirdi ki, gecə namazıyla birlikdə qılsın”.
Elə isə yuxarıdakı şərh və izah mənasızdır. Namazları sonra birləşdirmək bir icazədir. Onların dedikləri kimi olsaydı, namazları birləşdirib qılmaq öz vaxtında qılmaqdan çətin və daha məşəqqətli olardı. Çünki hər bir namazı öz vaxtında qılmaq birincidən, yəni, ancaq onu qılmağa çatan bir vaxt qalan kimi iki vaxtın sərhədlərini gözləməkdən asandır.
Hər bir düşünən şəxs bunu başa düşər. Əgər birləşdirmə bu olsaydı, ikindi ilə axşam namazını, gecə ilə səhər namazlarını birləşdirmək də caiz olardı. Amma ümmət arasında bunun haramlığına dair bir fikir ayrılığı yoxdur. ((İbna Qüdamə, Əl-Muğni, II cild, s. 114.))
B) Namazların səfərdə olmaq, yağış yağması və bunlara oxşar səbəblər ucbatından birləşdirilməsi
Bu, Şafii, Maliki və Hənbəli məzhəblərinin fikridir.
a) Şafii məzhəbi
1 – Namazları səfər vaxtı birləşdirmək
Uzun səfərlərdə 4 rükətli fərz (vacib) namazlar 2 rükət qılındığı kimi günorta namazı ikindi ilə, axşam namazı da gecə namazı ilə birləşdirilib qılına bilər.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.