AYBAŞI GÖRƏN QADININ İBADƏTİ
Allah Təala belə buyurur:
وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ
“Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər”. ((Bəqərə, 2/222.))
Ayədəki “təmizlənənə qədər onlara yaxınlaşmayın” əmri aybaşı halında olan qadının təmiz hesab edilmədiyini bildirir. Burada kişilərə bir xəbərdarlıq edilir: “Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın…” yəni, Allaha ediləcək ibadətdən deyil, kişilərlə olan cinsi əlaqədən uzaq durmağı bildirir.
Muazə deyir ki, bir gün Aişədən belə soruşdum: “Heyzli qadın niyə oruc tutduğu halda, namaz qılmır?”
Aişə sualıma sualla cavab verdi: “Sən Həruriyyəsən?” Mən: “Xeyr, mən Həruriyyə ((Həruriyyə Həruralı deməkdir. Hərura isə Siffin döyüşündə Həzrəti Əlinin dəstələrindən ayrılan xaricilərin toplaşdıqları yerdir. Ətraflı məlumat üçün baxın: Ethem Ruhi Fığlalı, “Hariciler”, Türkiye Diyanət Vakfı İslam Ansiklopedisi, XVI cild, s. 169-175.)) deyiləm, amma sual soruşuram”, – deyəndə Aişə belə cavab verdi: “Bizim başımıza belə bir hadisə gələndə bizə orucumuzu qəza etməyimiz əmr edilirdi amma namazı qəza etməyimiz əmr edilmirdi”. ((Müslim, Heyz, 67.))
Bu məsələdə insanları yanıldan şey qəza (قضى) sözüdür. Bu söz Quran və Sünnədə ibadətlər barədə işlədilibsə, “əda”, yəni, ibadəti öz vaxtında yerinə yetirmək mənasını verir. ( فإذا قضيتم مناسككم) “Həcc ibadətini tamamladığınız vaxt” ((Bəqərə, 2/200.)) (فإذا قضيتم الصلاة) “namazı qıldığınız vaxt” ((Nisa, 4/103.)) deməkdir. ((Kitabul-eyn, Tacul-arus, Lisanul-arab, Əs-Sihah, Əl-Misbahul-munir (lüğət adlarıdır), قضي bəndi.)) Əl-Feyyumi (vəfat tarixi 770/1368-69) ((İslam Ensiklopediyası, ‘Feyyumi’ bəndi, İstanbul, 1995.)) belə deyib:
Alimlər qəza ifadəsini vaxtının xaricində, əda sözünü isə öz vaxtında yerinə yetirilən ibadətlər haqqında işlədiblər. Bu, bu kəlmənin hərfi mənasına ziddir; lakin iki vaxtı bir-birindən ayırmaq üçün yaradılmış bir termindir. ((Əhməd ibn Məhəmməd Əl-Feyyumi, Əl-Misbahul-Munir, Livan, 2001, s. 519.)) Aişə anamızın dövründə belə bir termin olmadığına görə onun işlətdiyi (قضى) sözünə əda etmək mənası vermək lazımdır.
Aşağıdakı ayə, qəza kəliməsinin əsl mənasını göstərir:
فإذا قضيت الصلاة فانتشروا فى الأرض وابتغوا من فضل الله.
Namaz tamamlandığı zaman yer üzünə dağılışın ve Allahın lütfündən istəyin. ((Cümə, 62/10.))
فإذا قضيتم مناسككم
Həcc ibadətini tamamladığınız vaxt. ((Bəqərə, 2/200.))
Bəzi fəqihlər daha sonra qəza sözünü vaxtının xaricində, əda sözünü isə öz vaxtında yerinə yetirilən ibadətə aid terminlər halına gətirdilər. Rəsulullahın (s. a. v.) sözündə belə bir şey əsla yoxdur. Onlar eyni zamanda belə deyirlər ki, qəza sözü bəzi vaxtlarda əda sözünün mənasında işlədilir. Onlar belə deməklə bu sözün Qurani-Kərimin endiyi dövrdəki mənasını çox az işlədilirmiş kimi göstərirlər. Elə bu səbəbə görə də peyğəmbərin (s. a. v.) aşağıdakı kəlamı ilə nəyin nəzərdə tutulduğu məsələsində mübahisə edirlər:
فما أدركتم فصلوا وما فاتكم فاقضوا وفى لفظ فأتموا : Çatdığınızı qılın, çata bilmədiyinizi qəza edin (bir rəvayətdə: tamamlayın.).
O, bu sözlərin heç biri ilə ibadətin vaxtından sonra yerinə yetirilməsini nəzərdə tutmayıb. Əslində Allah kəlamında ibadətin öz vaxtı xaricində yerinə yetirilməsi ilə əlaqədar heç bir şey yoxdur. Amma vaxt 2 növdür; biri ümumi, digəri üzrlü səbəbi olanlar üçün xüsusidir (onlara aiddir). Yatan insanın öz namazını oyandığı vaxt, yaddan çıxardanın da xatırladığı vaxt qılması belədir. Bu, Allahın onlardan ötrü müəyyən etdiyi vaxt olub başqaları üçün ibadət vaxtı deyil. ((İbn Teymiyyə, Məcmuu Fətava Teymiyyə, 1-ci nəşr, hicri 1382-ci il, XII cild, s. 106.))
Yuxarıda da göstərildiyi kimi Aişə anamız bu barədə: “Orucu tutmağımız əmr edilirdi”, – demişdir. Buradan belə bir nəticə çıxır ki, heyz (aybaşı) qanı oruc tutmağa mane olmur; başqa sözlə, oruc tutmağın qarşısında maneə təşkil etmir. Bundan başqa, Bəqərə surəsinin 187-ci ayəsində bildirilir ki, orucu batil edən şeylər yemək-içmək və cinsi əlaqəyə girməkdir. Həmin ayədə bundan sonra belə deyilir:
(تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا) “Bunlar Allahın qoyduğu sərhədlərdir; onlara yaxınlaşmayın”. Aybaşı qanının orucu batil etdiyini demək sərhədləri aşmaq deməkdir.
Ərəb dilində oruca savm (صوم ) deyilir. Savm sözü imsak, yəni, özünü saxlamaq, öz-özünə mane olmaq mənalarını ifadə edir. Oruc tutan şəxs özünü yemək, içmək və cinsi əlaqəyə girməkdən saxlayır, bir növ öz-özünə mane olur ki, bunları etməsin. ((Rağıb Əl-İsfəhani, Müfrədat lüğəti, صوم bəndi.)) Aybaşı qanı isə qarşısı alına bilən bir şey deyil. Buna görə də onu orucu batil edən bir hal kimi qəbul etmək qeyri-mümkündür.
Yuxarıdakı ayədə qadınların aybaşı halı onlar üçün bir əziyyət hesab edilib. Əziyyət isə insana çətinlik törədən və onu narahat edən şeydir. Xəstəlik də əziyyətdir; ki, qadınlar aybaşı halını onsuz da xəstəlik kimi qəbul edirlər. Allah Təala xəstələrə və səfər üstə olanlara oruc tutmamaq barədə izin verdikdən sonra belə buyurub:
وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ “Oruc tutmağınız daha xeyirlidir, bunu bir bilsəydiniz”. ((Bəqərə, 2/184.))
Fəqihlər aybaşı halında olan qadının Ramazan ayında oruc tuta bilməyəcəyini deyir, başqa sözlə, bunu qadağan edir, sonra da tuta bilmədiyi orucları ona qəza etdirirlər (bu cür hökm çıxarırlar). Onlar qadının yerinə yetirə bilməyəcəyinə dair hökm verdikləri bir ibadəti ona qəza etdirmək istədikləri vaxt hansı dəlilə əsaslandıqlarını bildirmirlər. Halbuki Allah oruc ibadətini digər ibadətlərdən fərqli olaraq geniş bir şəkildə izah etmiş və belə demişdir:
تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ آَيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ.
“Bunlar Allahın qoyduğu hədlərdir; o hədlərə yaxınlaşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”. ((Bəqərə, 2/187.))
Allah Təala Qurani-Kərimdə orucun sərhədini müəyyən edib və aybaşı halını oruc tutmağa mane olan bir hal hesab etməyib. Peyğəmbərimizin (s. a. v.) də aybaşı halının oruca maneə təşkil etdiyinə dair bir sözü yoxdur. Elə isə bütün bunlara baxmayaraq aybaşı halını oruc tutmağa mane olan bir faktor hesab etmək Allahın qoyduğu həddə nəinki yaxınlaşmaq, hətta o həddi aşmaqdır. Buna heç kimin haqqı yoxdur. ((MƏNBƏ: Abdulaziz Bayındır, Quran İşığında Doğru Bildiyimiz Yanlışlar, 2-ci nəşr, İstanbul, 2007, s. 196-199.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.