DƏLİLLƏRLƏ CÜMƏ NAMAZI ((Müəllif: Abdulaziz Bayındır (İlahiyyat elmləri doktoru, professor. İstanbul Universitetinin İlahiyyat fakültəsi.))
Cümə Namazı
Allah Təala Qurani-Kərimdə belə buyurur:
“Ey möminlər! Cümə günü namaz üçün dəvət ediləndə dərhal Allahı zikr etməyə yönəlin və alış-verişi buraxın. Bilsəniz, bu, sizin üçün daha xeyirlidir!
Namaz qurtardıqda yer üzünə dağılın və Allahın lütfündən istəyin. Allahın adını çox anın (Onu çox zikr edin) ki, umduğunuza çatasınız”. (Cümə, 62/9-10)
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edib:
“Namaz qılınacağı vaxt qaça-qaça gəlməyin, sakit və arxayınlıqla gəlin. Çatdığınız rükətləri qılın, çata bilmədiyinizi də tamamlayın”. ((Buxari, Cümə, 18.))
Cümə namazını qılmaq kimlərə fərzdir (vacib)?
Abdulla ibn Ömər (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edib:
“Cümə namazı nidanı (müəzzinin səsini) eşidən hər bir kəsə fərzdir”. ((Əbu Davud, Cümə, 1056. Bu sözü peyğəmbərə (s. a. v.) istinad edən ancaq rəvayət silsiləsində adı çəkilən Kubeysədir. Bir qrup bunun Abdulla ibn Ömərə məxsus bir söz olduğunu rəvayət edib. Bu qeyd Əbu Davudun həmin hədis haqqındakı qeydindən götürülüb.))
Cümə gününün fəziləti
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edir:
“Üzərinə günəş doğan ən xeyirli gün Cümə günüdür. Adəm o gün yaradılmış, o gün Cənnətə qoyulmuş və o gün də Cənnətdən çıxardılmışdır. Qiyamət də başqa bir gün deyil, Cümə günü qopacaq”. ((Müslim, Cümə, 18))
“Üzərinə günəş doğan ən xeyirli gün Cümə günüdür. Adəm o gün yaradılıb; o gün Cənnətdən xaric edilib və o gün də Cənnətə qaytarılacaq. Adəm o gün ölüb. Qiyamət də o gün qopacaq. İnsanlar və cinlərdən başqa bütün canlılar Cümə günü dan yerinin ağardığı vaxtdan günəş doğana qədər Qiyamətin qopmağını gözləyirlər. Cümə günündə elə bir saat var ki, o saatda namaz qılanda Allahdan bir şey istənsə, onu mütləq verir”. ((Əbu Davud, Cümə, 1047.))
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edir:
“Kim Cümə günü cünubluqdan yaxşı-yaxşı yuyunub (cənabət qüslü edib) Cümə namazına getsə, bir dəvəni qurban kəsmiş kimi olur. İkinci saatda gedən bir dana (inək) qurbanı kəsmiş kimi olur. Üçüncü saatda gedən buynuzlu bir qoçu qurban kəsmiş kimi olur. Dördüncü saatda gedən bir toyuğu Allah yolunda vermiş kimi olur. Beşinci saatda gedən də bir yumurtanı Allah rizası üçün vermiş kimi olur. İmam xütbəyə çıxan kimi mələklər hazır olur və xütbəyə qulaq asırlar”. ((Buxari, Cümə, 4; Müslim, Cümə, 10.))
Salman Farsı (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edir:
“Bir şəxs Cümə günü yuyunub gücü çatdığı qədər təmizlənsə və özünə yağdanlıqdan yağ, yaxud evində olan gözəl bir ətir vurub evdən çıxsa, iki nəfərin arasını ayırmamaq şərtilə özünə vacib olan namazı qılıb imam danışanda da sussa, o biri Cümə günündən o Cümə gününə qədər olan günahları bağışlanar”. ((Buxari, Cümə, 6.))
Cümə günü üçün xüsusi paltar geyinmək
Məhəmməd ibn Yəhya peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edib:
“Əgər tapa bilsəniz, iş paltarlarınızdan başqa Cümə üçün bir dəst paltar geyinə bilərsiniz”. ((Əbu Davud, Cümə, 107.))
Cümə günü müsəlmanların günüdür
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizdən (s. a. v.) bu sözləri eşitdiyini rəvayət edib:
“Axırıncı ümmət olan biz Qiyamət günündə qabaqcıl olacağıq. Halbuki, o biri ümmətlərə bizdən əvvəl kitab verilib. Bir də bu Cümə günü əslində onlara verilmiş bir gün idi. Amma onlar bu məsələdə ixtilaf etdilər. Allah bu günü artıq bizə verib, digər ümmətlər də bizim arxamıza qoşuldular. Yəhudilərin günü sabah (yəni, Şənbə günü), xristianların günü isə o biri gündür (yəni, Bazar günüdür)”. ((Buxari, Cümə, 1; Müslim, Cümə, 21.))
Əbu Hüreyrə və Huzeyfə (Allah onlardan razı olsun) tərəfindən nəql olunan bir hədisdə deyilir ki, peyğəmbər (s. a. v.) belə buyurub:
“Allah Təala sizdən əvvəlkilərə Cümə gününü qeyb etdirdi. Şənbə günü yəhudilərin, Bazar günü xristianların oldu. Allah bizi dünyaya gətirdi və Cümə gününü bizə göstərdi. Beləliklə, Cümə, Şənbə və Bazar günlərini (ümmətlərin müqəddəs günləri) etdi. Onlar Qiyamət günü də belə bizim arxamızdan gələcəklər. Biz dünyada yaşayanların axırıncısı, Qiyamət gününün birinciləriyik. Biz bununla yanaşı, haqq-hesabı bütün varlıqlardan əvvəl tamamlananlarıq (bizim haqq-hesabımız bütün məxluqatın haqq-hesabından əvvəl tamamlanacaq)”. ((Müslim, Cümə, 22.))
Cümə günü üçün yuyunmaq
Səmurə ibn Cündub peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edib:
“Cümə günü dəstəmaz alan yaxşı edər, amma yuyunsa, yuyunmaq daha yaxşıdır”. ((Tirmizi, Cümə, 497.))
Abdulla ibn Ömər (Allah onlardan razı olsun) peyğəmbərimizdən belə bir hədis nəql edib: “Sizdən bir şəxs Cüməyə gəldiyi vaxt yuyunsun”. ((Buxari, Müslim, Cümə, 2.))
Xəttab oğlu Ömər Cümə günü xütbədə ayaq üstə olduğu vaxt peyğəmbərin (s. a. v.) əshabının ilk mühacirlərindən biri içəri girdi. ((Əbu Hüreyrədən gələn bir rəvayətdə deyilir ki, bu şəxs Osman olub (Müslim, Cümə, 4.)) Ömər ondan soruşdu:
– Bu hansı vaxtdır belə?
O şəxs cavab verdi:
– Bəzi işlərim var idi, azan səsini eşidənə qədər evimə qayıda bilmədim. Sadəcə olaraq dəstəmaz ala bildim.
Ömər dedi:
– Yenə dəstəmaz? Yaxşı bilirsən ki, peyğəmbər (s. a. v.) yuyunmağı əmr edirdi ((Buxari, Cümə, 2; Müslim, Cümə, 3.))
Əbu Səid Əl-Xudri peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib:
“Cümə günü yuyunmaq həddi-buluğa çatan hər kəsin vəzifəsidir”. ((Buxari, Cümə, 2; Müslim, Cümə, 5. Hədisin mətnində Cümə günü yuyunmaq həddi-buluğ dövrünə çatan hər kəsə vacibdir ifadəsi var. Biz vacib sözünü vəzifə kimi tərcümə etdik.))
Abdulla ibn Ömər belə deyib:
“Cümə yuyunmaq Cümə namazı vacib olan şəxslərin borcudur”. ((Buxari, Cümə, 12.))
Abdulla ibn Ömər peyğəmbərdən (s. a. v.) belə bir söz eşitdiyini nəql edir:
“Sizin aranızdan Cümə namazına gələnlər yuyunsunlar”. ((Buxari, Cümə, 12.))
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizin (s. a. v.) belə buyurduğunu rəvayət edib:
“Həftədə bir dəfə çimmək, baş və bədənini yumaq hər bir müsəlmanın borcudur”. ((Buxari, Cümə, 12; Müslim, Cümə, 9.))
Cümə üçün özünə gözəl ətir və qoxu vurmaq
Əbu Səid Əl-Xudri (r. a.) peyğəmbərin (s. a. v.) aşağıdakı sözünə şahid olduğunu demişdir: “Cümə günü yuyunmaq həddi-buluğ dövrünə çatmış hər bir kəsin borcudur. Dişləri təmizləmək və ətir vurmaq da”. ((Buxari, Cümə, 3.))
Kənd və şəhərlərdə Cümə namazı
İbn Abbas (r. a.) belə buyurdu: “Cümə namazı Rəsulullahın (s. a. v.) məscidindən sonra ilk dəfə Bəhreyn ərazisində – Cuvasadakı Abdulqeys məscidində qılınıb (Buxari, Cümə, 11)”. ((Cuvasa Bəhreynə daxil olan kəndlərdən biridir. İbnut-Tin şeyx Əbul-Həsəndən oranın bir şəhər olduğunu rəvayət edib. Əl-Cövhərinin Əs-Sihah , Əz-Zəməxşərinin isə Əl-Buldan adlı əsərində qeyd edilir ki, bu yer Bəhreyndə olan bir qaladır. Əbu Abid isə deyib ki, bu yer Bəhreyndə Abdulqeys qəbiləsinə məxsus bir şəhərdir (Mənbə: Bədrəddin Əl-Eyni, Umdətul-qari şərhu səhihil-Buxari adlı əsər).))
Əta ibn Əbi Rəbah belə deyib: “Əgər bir qəryeyi-camiədə, yəni, hər cür ehtiyacı öz daxilində ödənən bir yaşayış məntəqəsindəsənsə və Cümə namazı üçün azan oxunub dəvət edilibsə, azanı eşitsən də, eşitməsən də, Cümə namazına getmək sənin boynunun borcudur. Ənəs (r. a.) iki fərsəx uzaqlıqda olan Zaviyədəki ((Zaviyə Bəsrə şəhərinin kənar məhəllələrindən biridir. Bəsrə ilə arasında iki fərsəx yol var. Bir fərsəx üç mil və bir mil öz növbəsində dörd min addımdır (Əl-Eyni, Umdətul-qari, V/281-282). Hal-hazırki uzunluq ölçülərinə əsasən bir fərsəx üç mil, yəni, 7500 memari arşındır. Orta sürətli yerişlə bir saatlıq yoldur. Bir memari arşın 0, 758 metrdir (Ömər Nəsuhi Bilmən, Hüquqi İslamiyyə qamusu, İstanbul, 1969, IV/127-128). Buna əsasən bir fərsəx 5685 metr edir.)) qəsrində Cümə namazını bəzən qılar, bəzən də qılmazdı (Buxari, Cümə, 15)”.
Kə’b ibn Malikin oğlu Abdurrahman deyir ki, atam Cümə günü azanı eşidəndə Əs’əd ibn Zürarəyə rəhmət oxuyurdu. Bir gün ona dedim ki, sən nəsə azanı eşidəndə Əs’əd ibn Zürarəyə rəhmət oxuyursan. O, mənə: “Çünki o, Nəbit düzündə Bəni Bəyaza ((Bu yer Mədinə şəhərindən bir mil uzaqda yerləşən bir kənddir (Xəttabi, Kitabu məalimis-sünən, Əbu Davudun şərhi olub onun kənarında nəşr edilmişdir. İstanbul, 1981, I/645).)) daşlığında Nəqiul-Hədman adlı su tutan bir yerdə bizə ilk dəfə Cümə namazı qıldırıb”, – dedi. Mən atamdan: “Siz o gün neçə nəfər idiniz?”, – deyə soruşdum. Cavabında: “Qırx”, – dedi (Əbu Davud, Cümə, 1069).
Yağışlı gündə Cümə namazı
Abdulla ibn Abbas (r. a.) yağışlı bir günə müəzzinə dedi ki, azan oxuyanda Əşhədu ənnə Muhəmmədən Rəsulullah deyəndən sonra Həyyə əlas-səlah demə. Namazlarınızı evlərinizdə qılın de. İnsanlar bunu qəribsədilər. O, belə dedi: “Bunu məndən daha xeyirli olan biri belə edib. ((Məndən daha xeyirli olan biri ifadəsi ilə peyğəmbər (s. a. v.) nəzərdə tutulub (Əl-Eyni, Umdətul-qari, V/280).)) Cümə namazı vacib olduğuna görə sizə çətinlik törətmək istəmədim. O vaxt palçıqlı və sürüşkən bir şəraitdə yeriyəcəkdiniz (Buxari, Cümə, 14)”.
Peyğəmbərimizin (s. a. v.) xanımı Aişə anamız belə buyurub: “Camaat mənzillərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. İnsanlar toz-torpaq içində gəlirdilər və onlardan tər axırdı. Peyğəmbər (s. a. v.) mənim yanımda olanda onlardan biri gəlmişdi. Buyurdu ki, kaş, bu gün üçün təmizlənmiş olaydınız (Buxari, Cümə, 15)”.
Cümə namazının vaxtı
Ənəs ibn Malik (r. a.) peyğəmbərin (s. a. v.) Cümə namazını günəşin meyli ((Günəşin meyli (meyl etmək, əyilmək, maili olmaq) onun tam zenit nöqtəsindən qərbə tərəf əyilməyinə deyilir. Bu vaxt günorta vaxtının başlanğıcıdır.)) əsnasında qıldırdığını deyib (Buxari, Cümə, 16; Əbu Davud, Cümə, 1084; Tirmizi, Cümə, 503).
Yenə Ənəs ibn Malik deyib ki, biz Cümə günləri tez davranır, qeyluləni ((Qeylulə gündüz vaxtı bir qədər yatmaqdır. Ümumən istinin güclü olduğu vaxta təsadüf edir.)) Cümədən sonra yatardıq (Buxari, Cümə, 16).
Peyğəmbər (s. a. v.) soyuq havalarda namazı, yəni, Cümə namazını erkən qıldırır, isti havalarda isə hərarətin (istinin) enməyini (azalmağını) gözləyirdi (Buxari, Cümə, 17).
Cabir ibn Abdulladan soruşdular ki, peyğəmbər (s. a. v.) Cümə namazını nə vaxt qıldırardı? Cavabında belə dedi: “Peyğəmbər (s. a. v.) Cümə namazını qıldırırdı, sonra dəvələrimizin yanına gedib onları dincəldirdik (Müslim, Cümə, 29)”.
Səhl dedi ki, səhər yeməyini Cümədən sonra yeyirdik. Qeyluləni də Cümədən sonra yatırdıq (Müslim, Cümə, 30).
Sələmə ibn Əl-Əqva belə dedi: “Peyğəmbər (s. a. v.) ilə birlikdə Cümə namazını günəş qərbə doğru meyl etdiyi vaxt qılır, sonra da qayıdıb kölgəlik axtarırdıq (Müslim, Cümə, 31)”.
“Peyğəmbərlə (s. a. v.) birlikdə Cümə namazını qılır, geri qayıdıb divarların diblərində kölgə bir yer tapa bilmirdik (Müslim, Cümə, 32)”.
Cümə azanları
Əs-Səib ibn Yezid: “Cümə günü azan imam oturduğu vaxt oxunurdu”, – deyib (Buxari, Cümə, 24).
“Peyğəmbər (s. a. v.), Əbubəkr və Ömər (Allah onlardan razı olsun) dövründə ilk azan imam minbərdə oturduğu vaxt oxunurdu. Osmanın xəlifəliyi (r. a.) dövründə insanlar çoxaldığına görə Əz-Zəvra ((Əz-Zəvra Mədinə bazarında bir yer idi. İbn Battal bunun məscidin qapısında böyük bir daş olduğunu bildirib. İbn Macə və İbn Huzeymə isə bu barədə belə bir izah gətiriblər: Üçüncü azan Əz-Zəvra deyilən bir binanın damından oxunmağa başlandı (Əl-Eyni, Umdətul-qari, V/299).)) üzərində oxunan üçüncü bir azan ((Cümə namazının vacib qismindən əvvəl oxunan qamətə də azan deyildiyinə görə edilən əlavə üçüncü azan olur. Halbuki, əlavə edilən bu azan günorta namazının vaxtı daxil olanda oxunan birinci azandır. İkinci azan imam minbərə çıxdıqdan sonra oxunur (Əl-Eyni, yenə orada).)) əlavə etdi (Buxari, Cümə, 21)”.
Əbu Ümamə ibn Səhl ibn Hüneyf belə nəql edir: “Müaviyə ibn Əbi Süfyan minbərdə oturduğu vaxt müəzzin azanda: “Allahu Əkbər, Allahu Əkbər” , – deyən kimi Müaviyə də: “Allahu Əkbər, Allahu Əkbər”, – dedi. Müəzzin: “Əşhədu ən la ilahə illəllah”, – deyəndə Müaviyə: “Mən də!”, – dedi. Müəzzin: “Əşhədu ənnə Muhəmmədən rəsulullah”, – cümləsini deyəndə Müaviyə yenə: “Mən də!”, – dedi. Müəzzin azan oxuyub qurtardıqdan sonra Müaviyə: “Ey insanlar, mən rəsulullahın (s. a. v.) bu yer üzündə müəzzin azan oxuyarkən məndən eşitdiyiniz sözləri söylədiyini eşitmişdim (Buxari, Cümə, 23)”.
Minbər
Bir neçə nəfər minbərin hansı ağacdan hazırlanması barədə şübhəyə düşərək Səhl ibn Sə’d ibn Əs-Səidinin yanına gəlib bunu ondan soruşdular. O da cavabında belə dedi: “Vallah, mən onun nədən düzəldildiyini yaxşı bilirəm. Mən onun məscidə qoyulduğu ilk günü və peyğəmbərin (s. a. v.) onun üstündə oturduğu birinci günü görmüşəm”.
Bir qadının adını çəkib sözlərinə belə davam etdi: “Rəsulullah (s. a. v.) filan qadının yanına adam göndərib tapşırdı ki, dülgər oğluna de, mənə bir neçə ağacdan bir şey düzəltsin; elə bir şey ki, insanlar xitab etdiyim vaxt onun üzərində oturum. Qadın da öz növbəsində bunu oğluna dedi. Oğlu Əl-Ğabənin ((Əl-Ğabə Mədinə şəhərindən doqquz mil uzaqda yerləşən bir yerdir. Peyğəmbərin (s. a. v.) dəvəsi adətən orada yayılırdı (Əl-Eyni, eyni əsər, V/304).)) tarfa ağacından minbər düzəldib anasına gətirdi. Anası minbəri peyğəmbərə göndərdi. Peyğəmbərimizin göstərişilə minbər buraya qoyuldu. Mən peyğəmbərin (s. a. v.) onun üstündə təkbir gətirdiyini və rükuya getdiyini (yəni, namaz qıldığını) ((Əbu Davudun rəvayətində: Peyğəmbər minbərdə namaz qıldı, təkbir gətirib rükuya getdi”, – deyilir.)) görmüşəm. Sonra dalın-dalın aşağı düşüb minbərin dibində namaz qılmışdı. Sonra camaata tərəf çevrilib belə demişdi: “Ey camaat, mən belə elədim ki, siz mənə itaət edəsiniz və namazı necə qıldığımı öyrənəsiniz” (Buxari, Cümə, 26; Əbu Davud, Cümə, 1080)”.
Abdulla ibn Ömər rəvayət edir: “Rəsulullah (s. a. v.) yaşlandığı vaxt Təmimud-Dari soruşdu ki, ey Allahın elçisi, mən səni daşıya bilən bir minbər əldə etməyim? Rəsulullah: “Olar, minbər düzəltdirə bilərsən”, – deyə cavab verdi. O da iki pilləli bir minbər ((Əl-Eyni minbərlə əlaqədar olaraq belə məlumat verir: “Tüfeyl atası Übey ibn Kə’bdən belə nəql edib: “Məscid kölgəlik bir yer kimi olduğu vaxtlarda peyğəmbər (s. a. v.) namazı bir xurma kötüyünə tərəf qılır və xütbəni ona söykənib oxuyurdu. Əshabədən bir nəfər soruşdu ki, biz sənin Cümə günü üstünə çıxa biləcəyin bir minbər hazırlatdıraq? Cümə günü insanlar səni eşidə bilsinlər. Peyğəmbər: “Olar”, – dedi. Üç pillə ilə çıxılan bir minbər düzəldildi və həmin minbər peyğəmbərin dediyi yerə qoyuldu. Peyğəmbər xütbə oxumaq üçün oturduğu yerdən qalxıb əvvəllər xütbə verdiyi xurma kötüyünün qabağından keçəndə kötükdən sanki parçalanıbmış kimi bir səs çıxdı. Peyğəmbər kötüyün səsini eşidəndə aşağı enib əli ilə onu sığalladı və geri qayıtdı”. Deyilənə görə kötük sakitləşdikdən sonra həmişə belə davam etdi. Məscid söküləndə kötüyü Übey ibn Kə’b götürdü. Çürüyənə qədər onun yanında qaldı. Kötüyü qurd yedi və toz halına gəldi. Bu məlumatı İmam Şafii, Əhməd ibn Hənbəl və İbn Macə verib. Mərvanın hakimiyyəti dövründə minbərə alt tərəfdən üç pillə əlavə edilənə qədər minbər elə üç pilləli qalmışdı (Bədrəddin Əl-Eyni, eyni əsər, V/303-304)”.)) düzəltdirdi (Əbu Davud, Cümə, 1081)”.
Cabir ibn Abdulla belə deyib: “Məsciddə peyğəmbərin (s. a. v.) söykəndiyi bir xurma kötüyü var idi. Minbər hazırlananda biz xurma kötüyünün on aylıq hamilə dəvə kimi inildədiyini eşitdik. Peyğəmbər (s. a. v.) minbərdən enib əlini onun üstünə qoydu (Buxari, Cümə, 26)”.
Sələmə ibn Əl-Əqvə nəql edir ki, peyğəmbərin (s. a. v.) minbəri ilə divar arasında qoyun keçəcək qədər bir məsafə var idi (Əbu Davud, Cümə, 1082).
Xütbəni ayaq üstə oxumaq
Abdulla ibn Ömər (r. a.) belə dedi: “Peyğəmbər (s. a. v.) iki xütbə oxuyurdu. Minbərə çıxanda (azan qurtarana qədər) otururdu. Mənə elə gəlir ki, müəzzin azan oxuyanda onu görmüşəm. Sonra durub xitab etdikdən sonra oturur, bir şey danışmır, daha sonra durub xütbə oxuyurdu (Əbu Davud, Cümə, 1092)”.
“Peyğəmbər (s. a. v.) Cümə günü xütbəni ayaq üstə oxuyur, sonra oturur və yenidən ayağa dururdu. Eynilə indi bizim etdiyimiz kimi (Buxari, Cümə, 27; Müslim, Cümə, 33)”.
Cabir ibn Səmurə dedi: “Peyğəmbər (s. a. v.) iki xütbə oxuyur və arada otururdu. Quran oxuyur, insanlara onların vəzifələrini xatırladırdı (Müslim, Cümə, 34; Əbu Davud, Cümə, 1094; İbn Macə, 1106)”.
Xətibin minbərdə Quran oxuması
Yə’la ibn Ümeyyə dedi: “Peyğəmbərin (s. a. v.) minbərdə: “Səsləndilər, ey Malik…” (Zuxruf, 43/77), – ayəsini oxuduğunu eşitdim (Tirmizi, Cümə, 508)”. ((Tirmizinin rəvayətində bu hədisin altında belə bir qeyd var: İmam Şafii: “İmam xütbədə Qurandan nəsə oxumasa, xütbəsini təzədən oxuyar (oxumalıdır)”.))
Xütbə vaxtı namaz qılmaq
Cabir ibn Abdulla (r. a.) nəql edir: “Peyğəmbər (s. a. v.) Cümə günü xütbə oxuyanda bir adam gəldi. Peyğəmbər ondan: “Sən namaz qıldın?”, – deyə soruşdu. O: “Xeyr”, – dedi. Buyurdu ki, dur, iki rükət qıl (Buxari, Cümə, 33; Müslim, Cümə, 55)”. ((Buxarinin rəvayətində: “İki rükət qıl”, – deyilir. “Dur (ayağa qalx)!” ifadəsi isə Müslimin rəvayətindədir.))
Cabirin peyğəmbərimizdən nəql etdiyi başqa bir rəvayətdə belə deyilir: “Sizin aranızdan kim Cümə günü imam xütbəyə çıxdığı vaxt gəlsə (yəni, namaz qılmaq üçün məscidə daxil olsa), iki rükət namaz qılsın (Müslim, Cümə, 57)”.
“Peyğəmbər (s. a. v.) Cümə günü xütbə oxuyurdu. Bu dəm Qatafan qəbiləsindən Süleyk gəldi və dərhal oturdu. Peyğəmbər (s. a. v.) belə buyurdu: “Süleyk, dur iki rükət namaz qıl. Caiz olacaq qədər (qısa) olsun”. Sonra sözlərinə belə davam etdi: “Aranızdan kim Cümə günü imam xütbə oxuyanda içəri girsə, iki rükət namaz qılsın və o namazı caiz olacaq qədər (qısa) qılsın (Müslim, Cümə, 60)”.
Xütbə vaxtı susmaq
Əbu Hüreyrə (r. a.) peyğəmbərin (s. a. v.) belə buyurduğunu rəvayət edib: “Cümə günü imam xütbə oxuyanda dostuna: “Sus!”, – desən, ləğv ((Ləğv dəyərsiz, faydasız və qeyri-münasib söz və hərəkət mənaları verir.)) etmiş olarsan (Buxari, Cümə, 36; Müslim, Cümə, 11)”.
“Kim yaxşı-yaxşı dəstəmaz alıb Cümə namazına getsə, orada danışmayıb qulaq assa, o Cümədən əvvəlki Cümə gününə qədər olan günahları bağışlanır və buna üç gün də əlavə olunur. Kim bir daşa toxunsa, ləğv edir (Əbu Davud, Cümə, 1050)”.
Rəvayət edilir ki, Əli ibn Əbi Talib (r. a.) minbərdən camaata belə xitab edib: “Cümə günü olanda şeytanlar öz bayraqlarıyla birlikdə küçədə-bazarda gəzib insanları Cümə namazına getməkdən çəkindirən bəzi bəhanələr meydana gətirirlər. Mələklər tez çıxıb məscidin qapısında oturur, imam minbərə çıxana qədər birinci və ikinci saatlarda gələnləri qeyd edirlər. Bir şəxs imamı görüb səsini eşidə biləcəyi bir yerdə oturub səsini çıxartmasa və ləğv etməsə, iki savab qazanır. Amma imamı görüb səsini eşidə biləcəyi yerdə oturduqdan sonra susmayıb ləğv etsə, bir günah qazanır. Cümə günü dostuna: “Sus!”, – deyən ləğv edir. Ləğv edənin bu Cüməsindən bir alacağı qalmaz”. Əli sözlərini belə başa vurub: “Mən peyğəmbərin (s. a. v.) belə dediyini özüm eşitmişdim (Əbu Davud, Cümə, 1051)”.
Xütbə duası
İbn Məsud rəvayət edir ki, peyğəmbər (s. a. v.) xütbə oxuyanda sözlərinə belə başlayırdı: “Allaha həmd olsun. Ondan kömək diləyir, Ondan bağışlanmağımızı istəyir və nəfslərimizin şərindən Ona sığınırıq. Allah kimə hidayət versə, onu heç nə/heç kim yoldan çıxarda bilməz. Kimi də zəlalətə düçar etsə, onu heç nə/heç kim hidayətə çatdıra bilməz. Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. Yenə şahidlik edirəm ki, Məhəmməd Onun qulu (bəndəsi) və elçisidir. Onu Qiyamətdən əvvəl müjdə verən və xəbərdarlıq edən sifətilə göndərib. Kim Allaha və peyğəmbərinə itaət etsə, kamilliyə çatar. Üsyan edən də ancaq özünə zərər verir; onun Allaha bir zərəri toxuna bilməz (Əbu Davud, Cümə, 1097)”.
İbn Şihab yuxarıdakı duaya bunu da əlavə edir: “Rəbbimiz olan Allahdan bizi Özünə və peyğəmbərinə itaət edən, rizasını axtaran və onu narahat edən şeylərdən çəkinən kəslərdən etməyini diləyirik. Varlıq səbəbimiz Odur və biz Onunuq (Əbu Davud, Cümə, 1098)”.
Cümə namazında oxunan surələr
İbn Əbi Rəfi deyir ki, Əbu Hüreyrə Məkkədə bizə Cümə namazı qıldırdı və birinci rükətdə Cümə surəsini, ikinci rükətdə Münafiqun surəsini oxudu. Namaz qurtaranda onun yanına gedib dedim ki, Əli ibn Əbi Talib də Kufədə Cümə namazı qıldıranda eyni surələri oxuyurdu. Əbu Hüreyrə dedi ki, mən də peyğəmbərin (s. a. v.) Cümə günü bu iki surəni oxuduğunu eşitmişəm (Müslim, Cümə, 61)”.
Nu’man ibn Bəşir rəvayət edib ki, peyğəmbər (s. a. v.) hər iki bayramda və Cümə namazında Səbbih ismə Rabbikəl-ə’la və Həl ətakə hədisul-ğaşiyə surələrini oxuyurdu. Cümə və bayram eyni günə düşəndə hər iki namazda da eyni surələri oxuyurdu (Müslim, Cümə, 62; Əbu Davud, Cümə, 1122).
Cümə günü duaların qəbul edildiyi saat
Cabir ibn Abdulla peyğəmbərimizdən belə nəql edir: “Cümə günü 12 saatdır. Bir müsəlman o vaxt ərzində Allahdan bir şey istəsə, Allah ona o şeyi mütləq verir. O vaxtı ikindi vaxtının axırıncı saatında axtarın (Əbu Davud, Cümə, 1048)”.
Ənəs ibn Malik peyğəmbərin (s. a. v.) belə buyurduğunu rəvayət edir: “Cümə günü ümid saatını ikindidən sonra günəş batana qədər axtarın (Tirmizi, Cümə, 489)”.
Əbu Hüreyrə peyğəmbərin Cümə günündən bəhs edərək onun belə buyurduğunu nəql edir: “Cümə günündə elə bir vaxt var ki, o vaxtda bir müsəlman namaz qılanda Allahdan bir şey istəsə, Allah o şeyi ona mütləq verir”. Peyğəmbər əli ilə bu vaxtın qısa olduğunu göstərib (Buxari, Cümə, 37; Müslim, Cümə, 13).
Əbu Musa Əl-Əşarinin oğlu Əbu Bürdə rəvayət edir ki, Ömərin oğlu Abdulla məndən belə bir sual soruşdu: “Sənin atan heç peyğəmbərdən (s. a. v.) cümə namazının vaxtı ilə əlaqədar bir şey rəvayət edib?”. Mən də cavabında: “Peyğəmbər əleyhissəlam cümə namazı vaxtının imamın (minbərdə) oturduğu vaxtdan namazın qurtarmasına qədər olan vaxt olduğunu buyurub” – dedim (Müslim, Cümə, 16; Əbu Davud, Cümə, 1048)”.
Cümə günü zavaldan əvvəl qılınan namaz
Mücahid Əbu Xəlildən, o da Əbu Qətadədən peyğəmbərin (s. a. v.) Cümə günü xaricində günün ortasında namaz qılmağı məkruh hesab etdiyini rəvayət edib. O, belə buyurub: “Cümə günü xaricində Cəhənnəm yandırılır (Əbu Davud, Cümə, 1083)”. ((Əbu Davud hədisin altına əlavə etdiyi qeyddə bu hədisin mürsəl olduğunu, çünki Mücahidin Əbu Xəlildən yaşlı olduğunu (yəni, ondan nəsə rəvayət edəcəyinin qeyri-mümkün olduğunu), Əbu Xəlilin Əbu Qətadədən hədis eşitmədiyini ifadə edir.))
İmamın minbərdən endikdən sonra danışması
Ənəs ibn Malik belə nəql edir: “Peyğəmbəri namaz üçün qamət gətirildikdən sonra gördüm, bir şəxs qiblə ilə peyğəmbərin arasında dayanıb onunla danışırdı. Danışmağa davam etdi; ta o vaxta qədər ki, peyğəmbər uzun müddət ayaq üstə qaldığına görə bizim bəzilərimizi yuxu basmışdı (Tirmizi, Cümə, 518)”.
Cümə namazının fərzindən sonra qılınan namaz
Abdulla ibn Ömər belə rəvayət edir: “Peyğəmbər (s. a. v.) Cümə namazından sonra məsciddən çıxmamış namaz qılmır, çıxdıqdan sonra evində ((“Evində” ifadəsi Müslimin rəvayətindədir.)) iki rükət qılırdı (Buxari, Cümə, 39; Müslim, Cümə, 71)”.
Abdulla ibn Ömər Cümə günü elə olduğu yerdə iki rükət namaz qılan bir nəfəri görüb onu itələdi və belə dedi: “Sən Cümə namazını dörd rükət qılmaq istəyirsən?”. Abdulla özü evində iki rükət namaz qılır və belə deyirdi: “Rəsulullah (s. a. v.) belə edirdi (Əbu Davud, Cümə, 1127)”.
Əta Abdulla ibn Ömərlə əlaqədar olaraq belə deyib: “Məkkədə olanda qabağa gedib iki rükət namaz qılır, sonra lap qabağa gedib dörd rükət qılırdı. Mədinədə olanda Cümə namazını qılıb evinə qayıdır və dörd rükət qılırdı. Məsciddə qılmırdı. Rəsulullahın (s. a. v.) da belə etdiyini deyirdi (Əbu Davud, Cümə)”.
Rəvayət edilir ki, Nafi belə deyib: “Ömər Cümədən əvvəl namazı uzadır, Cümədən sonra da öz evində iki rükət namaz qılır və belə deyirdi: “Peyğəmbər də belə edirdi (Əbu Davud, Cümə, 1128)”.
Əbu Hüreyrə peyğəmbərin (s. a. v.) belə buyurduğunu rəvayət edib: “Aranızdan bir nəfər Cümə namazını qıldıqdan sonra dörd rükət namaz qılsın (Müslim, Cümə, 67; Əbu Davud, Cümə, 1131)”.
“Əgər Cümə namazından sonra namaz qılsanız, dörd rükət qılın (Müslim, Cümə, 68; Əbu Davud, Cümə, 1131; Tirmizi, Cümə, 523)”.
Əs-Saib deyir ki, Müaviyə ilə birlikdə məqsurədə (məscidlərdə padşah, xəlifə, hökmdar və sarayın yüksək mövqe tutan əyanları üçün ayrılmış yer) Cümə namazını qıldıq. İmam salam verəndə ayağa durub elə olduğum yerdə namaz qılmağa davam etdim. Müaviyə mənim yanıma bir nəfər göndərib tapşırdı ki, bu etdiyini bir də etmə. Cümə namazını qıldıqdan sonra bayıra çıxmamış ya da bir az danışıb söhbət etməmiş başqa namaz qılma. Çünki peyğəmbər (s. a. v.) bizə belə əmr etmişdi. Danışmadıqca ya da bayıra çıxmadıqca bir namazın digər bir namaza əlavə olunmamağını tələb etmişdi (Müslim, Cümə, 73; Əbu Davud, Cümə, 1128).
Cümə namazından sonra qonaqlıq vermək
Səhl ibn Sə’d rəvayət edir: “Tarlasında çuğundur otu yetişdirən bir qadın var idi. Cümə günü gələndə bu otun saplaqlarını ayırır, onu bir qazana qoyur, üstünə də dəyirmanda üyütdüyü bir ovuc arpa atıb bişirirdi. Çuğundur otunun saplaqları xörəyin əti-sümüyü olurdu. Cümə namazından qayıdır və ona salam verirdik. O da bu yeməyi bizim qabağımıza qoyurdu. Biz həmin yeməyi yeyirdik. Elə olurdu ki, o xörəyi yemək üçün Cümə gününün gəlməyini arzulayırdıq (Buxari, Cümə, 40)”.
Namaz və xütbənin uzadılmamağı
Əmmar ibn Yasir dedi ki, peyğəmbər (s. a. v.) bizə xütbələri qısa oxumağı buyurmuşdu (Əbu Davud, Cümə, 1106).
Cabir ibn Səmurə (r. a.) belə dedi: “Peyğəmbər (s. a. v.) Cümə günü xütbəni uzatmırdı, dedikləri bir neçə sözdən ibarət idi (Əbu Davud, Cümə, 1107)”.
“Peyğəmbərlə birlikdə çox namaz qıldım. Namazı da orta hallı (mötədil), xütbəsi də orta hallı idi. ((Bu hissədən sonrakı hissə Əbu Davudun rəvayətidir.)) Qurandan ayələr oxuyur, insanlara onların vəzifələrini xatırladırdı (Müslim, Cümə, 41; Əbu Davud, Cümə, 1101)”.
Əbu Vail belə nəql edir: “Əmmar (r. a.) bizə xütbə oxudu, yığcam və gözəl danışdı. Aşağı enəndə dedik ki, ey Əbul-Yəqzan, gözəl və qısa bir xütbə verdin, bir az da nəfəs sərf etsəydin… Bizə cavab olaraq dedi ki, mən peyğəmbərin belə buyurduğunu eşitmişəm: “Şəxsin namazının uzun, xütbəsinin qısa olmağı onun dini başa düşdüyünün əlamətidir. Elə isə namazınızı uzadın, xütbəni qısa edin. Çünki bəzi söhbətlər ecazkardır (Müslim, Cümə, 47)”.
Xütbə oxunduğu vaxt imama yaxın oturmaq
Səmurə ibn Cündub peyğəmbərin (s. a. v.) belə buyurduğunu rəvayət edib: “Xütbədə və və’zdə hazır olun və imama yaxınlaşın. Çünki həmişə uzaq duran Cənnətə girsə belə arxa tərəflərdə qalır (Əbu Davud, Cümə, 1108)”.
İmamın xütbəni yarıda kəsib başqa işlə məşğul olması
Abulla ibn Bureydə atasından belə nəql edib: “Peyğəmbər bizə xütbə oxuyurdu. Bu dəm Həsənlə Hüseyn gəldilər. Əyinlərində yerlə sürünən qırmızı paltar var idi. Ayaq üstə durmuşdular. Peyğəmbərimiz dərhal aşağı düşüb onları götürdü və onlarla birlikdə təzədən minbərə çıxdı. Sonra belə dedi: “Allahın sözü doğrudur: “Həqiqətən də, mallarınız və övladınız sizin üçün bir imtahandır (Təğabun, 64/15)”. Bunları görəndə özümü saxlaya bilmədim”. Sonra təzədən xütbə oxumağa başladı (Əbu Davud, Cümə, 1109)”.
Ticarət və ya əyləncə görüb ora axın etmək
Cabir ibn Abdulla rəvayət edir: “Həzrəti peyğəmbər (Allahın salamı onun üzərinə olsun) Cümə günü ayaq üstə xütbə oxuyurdu. Elə bu dəm Şam şəhərindən yeməli şeylərlə yüklü olan bir karvan gəldi. Camaat karvana tərəf axışdı. Elə oldu ki, məsciddə 12 nəfər qaldı. O vaxt Cümə surəsinin bu ayəsi nazil oldu: Bir ticarət və ya əyləncə görəndə oraya tərəf dağılışdılar və səni ayaq üstə qoydular (Cümə, 62/11) (Müslim, Cümə, 36)”.
Cümə namazını qılmamağın günahı
Abdulla ibn Ömər və Əbu Hüreyrə (Allah onlardan razı olsun) rəvayət ediblər ki, peyğəmbər (s. a. v.) minbərinin taxtalarının üstündə belə deyib: “Bəzi şəxslər ya Cümə namazını tərk etməkdən daşınarlar, ya da Allah onların qəlblərini möhürləyər. Sonra da qafil olarlar (Müslim, Cümə, 40)”.
Əbul-Cə’d Əd-Damri (r. a.) peyğəmbərimizin (s. a. v.) belə dediyini rəvayət edib: “Kim üç Cüməni əhəmiyyət verməyib tərk etsə, Allah onun qəlbinə möhür vurar (Əbu Davud, Cümə, 1052; Tirmizi, Cümə, 500)”.
Cümə namazını tərk etməyin cəzası
Səmurə ibn Cündub peyğəmbərdən (s. a. v.) belə bir hədis nəql edib: “Kim Cümə namazını üzrsüz səbəb ucbatından tərk etsə, bir dinar sədəqə versin. Əgər onu tapa bilməsə, yarım dinar versin (Əbu Davud, Cümə, 1053)”.
Qudamə ibn Vəbrə isə peyğəmbərimizdən (s. a. v.) aşağıdakı kimi bir hədis nəql edib: “Kim Cümə namazını səbəbsiz yerə tərk etsə, bir dirhəm ya da yarım dirhəm, yaxud bir sə’ və ya yarım sə’ buğda sədəqə versin (Əbu Davud, Cümə, 1054)”.
Cümə namazının bir rükətinə çatmaq
Əbu Hüreyrə (r. a.) peyğəmbərdən (s. a. v.) rəvayət edib: “Namazın bir rükətinə çatan namaza çatmış olur (Əbu Davud, Cümə, 1121)”.
Cümə və bayram günlərinin eyni günə təsadüf etməsi
Müaviyə Şamda Zeyd ibn Ərqamdan soruşdu: “Sən heç peyğəmbərlə (s. a. v.) iki bayramın bir günə düşdüyünə şahid oldunmu?”. Zeyd: “Bəli”, -dedi. Müaviyə: “Yaxşı, peyğəmbər nə etdi?”, – deyə soruşdu. Zeyd cavabında: “Bayram namazını qıldırdı, Cümə namazı qılmağı da sərbəst elan etdi; buyurdu ki, Cümə namazını qılmaq istəyən qılsın” ((Bu rəvayəti Nəsai Eyd (bayram) fəslində (1592), İbn Macə Səlat (namaz) fəslində (1310) təxric edib.)) , – dedi (Əbu Davud, Cümə, 1070)”.
Əta ibn Əbi Rəbah deyir: “İbnuz-Zübeyr Cümə gününə təsadüf edən bir bayram günü bizə bayram namazı qıldırdı. Sonra Cümə namazına getdik. O, məscidə gəlmədi. Biz də tək-tək qıldıq. ((Cümə namazı ancaq cəm halda qılındığına görə buradan belə başa düşülür ki, onlar günorta namazını qılıblar.)) İbn Abbas Taifdə idi. Gələndə bunu ona danışdıq. Bizə dedi ki, o, yəni, İbnuz-Zübeyr sünnəyə uyğun hərəkət edib (Əbu Davud, Cümə, 1071)”.
Əbu Hüreyrə (r. a.) peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql edib: “Bu gün iki bayram bir yerə gəlib. Kim istəsə, Cümə namazını qılmaya bilər; amma biz qılacağıq (Əbu Davud, Cümə, 1073; İbn Macə, Səlat, 1311)”. ((Əbu Davudun əsərini şərh edən alimlərdən biri olan Xəttabi bu barədə aşağıdakı kimi bir izah gətirib:
Bu hədisin sənədində şübhələr var. Əgər hədis səhihdirsə, mənasının belə olmağı həqiqətə daha uyğundur: “Kim istəsə, Cümə namazına gəlməyə bilər amma onun günorta namazı qılmaqdan məsul olmağı davam edir”. Mənim fikrimcə, İbnuz-Zübeyrin gördüyü iş caiz deyil. Lakin Cümə namazının zəvaldan əvvəl qılına biləcəyi fikrinə həml edilsə, bu başqa məsələ. Belə bir fikir İbn Məsuddan nəql edilib. Amma İbn Abbasdan nəql olunan rəvayətə əsasən İbnuz-Zübeyrin bu cür hərəkət etməsi ona danışıldığı vaxt bunun sünnəyə müvafiq olduğunu ifadə edib. Əta belə deyib: “Hər bayram səhərlə günorta arasında qılınır; Cümə, Qurban və Ramazan bayramları namazları kimi. İbn İshaqın İbn Mənsurdan, onun da Əhməd ibn Hənbəldən nəql etdiyinə əsasən Əhməd ibn Hənbəldən belə bir sual soruşulub: “Cümə namazı zəvaldan əvvəldir yoxsa sonra?”. O da: “Zəvaldan əvvəl qılsan, buna bir şey demərəm”, -deyə cavab verib. İshaq da belə deyib. Belə çıxır ki, İbnuz-Zübeyr bayram namazı vaxtında qıldığı iki rükət ilə Cümə namazına niyyət etmiş, bayram namazını da ona tabe olan namaz mənasında qəbul etmiş ola bilər (Xəttabi, Kitabu məalimis-sünən, I/647-648).))
Cümə namazından əvvəl dövrə vurmaq (halqa təşkil edib yığışmaq)
Əmr ibn Şueyb atasından, o da babasından belə rəvayət edib: “Rəsulullah (s. a. v.) məsciddə alver etmək, itən şey haqqında elan vermək, şer oxumaq və Cümə günü namaz qılınmamışdan qabaq halqa təşkil etməyi qadağan etmişdir (Əbu Davud, Cümə, 1079)”. ((Xəttabi öz şərhində bunun elm halqası (dərnəyi) olduğunu bildirib (Xəttabi, eyni əsər, I/651).))
İmamla camaatın arasında divar olması
Aişə (r. a.) belə dedi: “Peyğəmbər (s. a. v.) öz otağında namaz qılırdı, insanlar da otağın arxasından ona iqtida etmişdilər (Əbu Davud, Cümə, 1126)”.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.