Müsəlmanlar

Quran və müsəlmanlar

Quran və müsəlmanların vəziyyəti

Allah Təala bütün bəşəriyyətə elçi sifətilə göndərdiyi ((Səbə, 34/28; Əraf, 7/158)) axırıncı peyğəmbər ((Əhzab, 33/40)) olan Muhəmməd əleyhissəlam-a düzgünlüyünə dair heç bir şübhə olmayan ((Bəqərə, 2/2)) və kəlamların ən gözəli ((Zümər, 39/23)) olan Qurani-Kərimi hər şeyi izah etmək üçün ((Nəhl, 16/89; Yusuf, 12/111)) endirmiş, ona Qurana tabe olmağı ((Ənam, 6/106; Yunus, 10/109; Əhzab, 33/2)) və Quranı təbliğ etməyi ((Ali-İmran, 3/144; Maidə, 5/99; Nur, 24/54; Ənkəbut, 29/18; Rəd, 13/40)) buyurmuşdur. Əlavə olaraq, Allah peyğəmbərə əgər Qurani-Kərimi təbliğ etməsə, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş hesab olunacağını bildirmişdir; beləliklə, ona bu barədə xəbərdarlıq etmişdir. ((Maidə, 5/67))

Muhəmməd peyğəmbər (s. a. v.) Allahın əmri ilə ancaq Qurana tabe olacağını demiş ((Ənam, 6/50; Əraf 7/203; Yunus 10/15; Əhqaf 46/9)) və axırıncı ayənin ((Maidə, 5/3)) nazil olduğu gün bütün insanlara müarəciət edərək: “Mən sizə Allahın kitabı olan Quranı qoyub gedirəm. Ondan möhkəm yapışsanız (layiqincə tabe olsanız), yoldan çıxmazsınız (zəlalətə düşməzsiniz) ((Müslim, Həcc, 147 (1218); Əbu Davud, Mənasik, 56)) ”, – demiş, (təəssüf ki, sonradan müsəlmanlar Qurandan əlavə; biri sünnəti, digəri əhli beyti miras buraxdı iddiasıyla, birbirinə düşmən kəsilən firqələrə bölünmüşlər) bütün insanlara Qurani-Kərimi bir peyğəmbər mirası kimi qoyub getdiyini elan etmiş və qısa bir müddətdən sonra vəfat etmişdir. ((Muhəmməd peyğəmbər (s. a. v.) hicrətin 11-ci ilində Rəbiuləvvəl ayının 12-sində dünyasını dəyişmişdir: Safiyurrahman Əl-Mübarəkfuri, Ər-Rahiqul-Məxtum, s. 431. Peyğəmbər (s. a. v.) Vida xütbəsini hicri 10-cu ilin Zilhiccə ayının 9-unda Ərəfatda verib. Buradan çıxan nəticəyə əsasən peyğəmbərin Vida xütbəsini verdiyi günlə vəfat etdiyi gün arasındakı müddət hicri təqvimlə 3 ay 2 gün təşkil edir))

Allah nazil etdiyi axırıncı ayədə bizə belə buyurur: “Bu gün sizin dininizi tamamladım. Sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim”. ((Maidə, 5/3)) Deməli, Qurani-Kərimin axırıncı ayəsinin nazil edilməsi ilə dinimiz tamamlanıb.

Allah Muhəmməd peyğəmbəri Qiyamətə qədər bütün bəşəriyyətə elçi (rəsul) kimi göndərdiyinə görə ona nazil etdiyi kitabı olan Qurani-Kərimin möcüzəliyini və rəhbərliyini də Qiyamətə qədər qoruyacağına dair təminat vermişdir. ((Hicr, 15/9))

Buna görə də Allah Quranı asanlıqla başa düşülən formada nazil etmiş ((Məryəm, 19/97; Duxan, 44/58; Qəmər, 54/17, 22, 32, 40)) və peyğəmbər Allahın əmri ilə: “Bu Quran mənə vəhy olundu ki, sizi və onun təbliğ edildiyi insanları onunla xəbərdar edim” ((Ənam, 6/19)) , – demişdir.

Elə buna görədir ki, Allah Qiyamətə qədər dünyaya gələcək bütün insanlara: “Ey insanlar, Rəbbiniz tərəfindən endirilən Qurana tabe olun” ((Əraf, 7/3; Zumər, 39/55)) , – deyərək onlara Qurana tabe olmağı əmr edib. Eyni qaydada: “Budur, bu Quran bizim endirdiyimiz mübarək kitabdır. Buna tabe olun, qarşı çıxmaqdan çəkinin. Elə etsəniz, mərhəmətə nail olarsınız” ((Ənam, 6/155)) , – deməklə mərhəmətə nail olmaqları üçün Qurana tabe olmağın şərt olduğunu izah etmişdir.

Müsəlmanlar İslamiyyətin ilk dövrlərində həmin şərti yerinə yetirdiklərinə görə, yəni, Qurani-Kərimə tabe olduqları üçün öz əlləri ilə düzəltdikləri bütlərə və özləri kimi olan insanlara qul olmaqdan xilas olublar. Beləcə, şəxsi iradələri və seçimləri ilə azad formada hərəkət etmək və ancaq Allaha ibadət etmək səviyyəsinə çatıblar. Daxili sabitlik də belə təmin olunub. Digər bir tərəfdən bir İslam ümməti meydana gəlmiş, həmin ümmət ətraf ərazilərdə yaşayan insanların ölkələrinə İslam ədaləti və qəlblərinə tövhid nurunu çatdırmaq üçün hər şeylərini üzə çıxartmışlar. Başqa sözlə, həmin insanlar bunun üçün çalışıblar.

Nəticə etibarilə uzun müddət ərzində Cahiliyyə zülmətində yaşayan insanlar müsəlman olmaqla bir çox insanın müsəlman olmasına və bir sıra torpaqların fəth edilməsinə səbəb olublar. Əlavə olaraq, idarə olunma vəziyyətindən idarəetmə halına, alan əl olmaqdan isə verən əl halına yüksəliblər.

Təəssüflər olsun ki, peyğəmbər əleyhissəlam vəfat etdikdən sonra müsəlmanlar öz aralarında ixtilafa düşmüş, müxtəlif qrup və məzhəblərə ayrılmışlar. Hər məzhəbin mənsubları Qurani-Kərimi öz həyatlarına tətbiq etmək və onu Cahiliyyə qaranlığında yaşayan insanlara təbliğ etmək olan əsl vəzifələrini bir kənara qoyub digər məzhəblərin mənsublarından üstün olmaq yarışına girişiblər.

Bunun nəticəsində Allahın: “İzzət (üstünlük) ancaq Allaha, Allahın elçisinə və möminlərə məxsusdur; lakin münafiqlər bunu bilməzlər”, ((Münafiqun, 63/8))  – sözündə möminlərə də vəd edilən izzət öz yerini zillətə vermişdir. Beləliklə, yeni ərazilərin fəth olunması bir yana dursun, əvvəllər fəth edilmiş torpaqlar da bir-bir əldən çıxmışdır. Beləcə, müsəlmanlardan qorxub çəkinən düşmənlər müsəlmanları qorxudanlara çevriliblər. “Allah onlara zülm etməyib. Lakin onlar öz-özlərinə zülm ediblər”. ((Ali-İmran, 3/117)) Çünki Allah: “Əgər mömin olsanız, qətiyyətlə qalib gələnlər siz olarsınız” ((Ali-İmran, 3/139)) deyə, qalib gəlmək üçün mömin olmağın şərt olduğunu elan edib.

Zaman keçdikcə Qurani-Kərim və müsəlmanlar arasındakı məsafə daha da dərinləşib. Peyğəmbərin vəfatından 200-300 il sonra yazılan kitablar müsəlmanlar üçün həyatın yol göstəricisi halına gəlib. Müsəlmanlar həmin kitablarda yazılanları “bütövlükdə möhkəmcə yapışmaq (həyata keçirmək, tətbiq etmək) lazım gələn prinsiplər” kimi qəbul ediblər. Qurani-Kərim isə isanlar öldükləri vaxt, yas mərasimlərində, qəbristanlıqda və bu kimi müxtəlif mərasimlərdə oxunan bir kitab halına gətirilib.

Hazırki dövrdə yaşayan müsəlmanların vəziyyəti daha acınacaqlıdır. Onların arasında yuxarıda ifadə edilən bütün mənfi cəhətlərə əlavə olaraq yeni fikirlər də meydana gəlib və beləcə, cəmiyyət olaraq zəlalətə doğru gedirlər.

Ən dəhşətlisi isə budur ki, Quranın buyuruqlarına tabe olmaq və insanları buna dəvət etmək dinsizlik və yaxud zəlalət kimi qəbul edilir və digər fikirlərdən möhkəm tutub onları dəstəkləmək “dindarlıq” hesab olunur.

Yuxarıda qeyd edilən xəstəliklərdən xilas olub lazım olduğu kimi müsəlman olmağın, eyni zamanda dünya və axirətdə Allahın mərhəmətinə nail olmağın yeganə yolu peyğəmbəri nümunə götürərək Qurani-Kərimə qayıtmaqdır. Çünki “Bu Quran ən düzgün yola çatdırır” ((İsra, 17/9)) , “O, həqiqətən də, üstün, heç bir tərəfi xəta ilə qarışmamış və qarışmayacaq olan kitabdır. O, hikmət ilə iş görən və hər şeyi bilən (Allah) tərəfindən endirilmişdir”. ((Fussilət, 41/41, 42))  “O, qəti bir sözdür. Əsla zarafat deyil!”. ((Tariq, 86/13, 14)) “O, inanan cəmiyyətə hər şeyi izah edən, düzgün yolu göstərən bir rəhbər və rəhmətdir” . ((Yusuf, 12/111))

Müəllif: ENES ALİMOĞLU

Süleymaniye Vakfı

Türkiyə, İstanbul.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.