İDRİS PEYĞƏMBƏR
İdrisin adı Qurani-Kərimdə yalnız 2 surədə keçir. Ənbiya və Məryəm surələrində:
“İsmayılı, İdrisi və Zülkifi də xatırla. Onların hər üçü səbrli idilər.” [Ənbiya 85]
“Bu kitabda İdrisi də xatırla! Əlbəttə o da doğruluq və dürüstlük abidəsi bir nəbi idi. Və Biz ona da uca bir mövqe bəxş etmişdik.” [Məryəm 56, 57]
Məryəm surəsindən onun bir nəbi olduğunu öyrənirik. Ənbiya surəsində İsə İdrisin sadəcə bir keyfiyyəti dilə gətirilir: səbrli olması. Bir çox nəbi və rəsulun özəl keyfiyyətlərindən olan səbrlilik çox önəmli olduğu üçün Rəbbimiz İdrisin də səbrli olduğunu bizə söyləmişdir. Bununla belə onun nə zaman və harada yaşadığı məlum deyil. İbn Məsud, İbn Abbas, Mücahid və Dahhaq İdrisin Saffat surəsi 123-də adı zikir olunan İlyas peyğəmbərin başqa bir adı olduğu fikrini irəli sürmüşdülər. Müfəssirlərin çoxu isə bu fikri dəstəkləmirlər və Məryəm surəsi 58-ci ayədə “Adəmin nəslindən” deyilməsi, Həzrəti İdrisin İlyas peyğəmbərdən çox-çox əvvəl yaşadığını düşünənlərin qənaətini doğrulayır.
“İdris İlyasdır” qənaətində olan klassik şərhlərə istinad edən “yenidən doğuluş” fikri də öz təsdiqini tapmır. Bu şərhlər onun Əski Ahiddəki Hanokla eyniləşdirilməsindən qaynaqlanır. İdris adı “dərs, bilik, məlumat” mənalarına gəlir. Dövrümüzün bəzi müfəssirləri İdrisin misirlilər tərəfindən sonradan tanrılaşdırılan elmli bir şəxs olan Osirisin ərəbləşmiş şəkli olduğu qənaətindədirlər. Lakin əlimizdə bu qənaəti dəstəkləyəcək heç bir dəlil yoxdur. Və biz yaradanın bizə verdiyi kiçik bilgi ilə kifayətlənməliyik. Sadəcə səbr edənlərdən olması belə onun adının əbədiləşdirilməsinə kifayət etmiş, əsrlər sonra da inananlar Allahın Kitabında onun adını oxuyaraq adını zikr edirlər. Bizim onun da bir çox nəbi kimi səbrdə fərqli nümunələri olan, bizlərə örnək ola biləcək insanlardan olduğunu, buna görə də Allahın əbədi kitabında ondan bəhs edilməyi haqq etdiyini bilməyimiz önəmlidir.
Başqa bir qənaət isə İdrisin Hermes olduğu fikridir. Qədim hikmətin atası olduğu bilinən Hermesin İdris əleyhissalam olduğu qənaətini sanki adının daşıdığı məna da təsdiqləyir. Məryəm surəsi 57-ci ayədə zikr olunan uca məqam da, onun sanki hikmətin atası olmasını vurğulayır. Tabərinin “Tarix” kitabında Allah Rəsulundan “qələmi ilk yonanın” İdris peyğəmbər olduğuna dair bir rəvayət var. [I, 174]
“Və Biz ona da uca bir mövqe bəxş etmişdik” ayəsi ilə bağlı başqa rəvayətlər də mövcuddur.
1) Dördüncü qat səmadır. Bu fikri qəbul edənlər, Buxari ilə Müslimin “Səhih”lərində olan bir hədisə istinad edirlər [əl-Buxari, Mənakıbu’l-Ənsar, 42; Müslim, İman, 264]. Bu hədisdə Həzrəti Peyğəmbər Mirac gecəsində İdrisi dördüncü qat səmada görmüşdür.
2) Altıncı qat səmadır;
3) Cənnətdir. Bəzilərinə görə bu rəvayət birinci ilə birləşər. Çünki Cənnətin dördüncü qat səmada olduğu söylənilir [İbnu’l-Cevzi, Təfsir, V, 241.]; halbuki Ali İmran surəsinin 133-cü ayəsində, “Cənnətin eninin göylər və yer qədər olduğu” bəyan edilir. Beləliklə, Cənnətin dördüncü qat səmada olmasında söz belə gedə bilməz.
4) Yeddinci qat səmadır.
Allah ən doğrusunu bilir.
Həzrəti İdrisin ölüm mələyi ilə dost olaraq göyə çıxması ilə bağlı olan rəvayətlər isə tamamilə israiliyyat qaynaqlı olduqlarına görə bu rəvayətlərə yer vermədik. Müfəssirlərimiz də belə rəvayətlərə ehtiyatla yanaşmışlar. Doğrusunu “Allah bilər” deyərək təfsirlərində bu kimi rəvayətlərə istinad etməmişlər. Biz də təbii olaraq sadəcə Rəbbimizin bizə verdiyi bilgilərlə kifayətlənirik:
1. İdris əleyhissalam bir nəbidir.
2. Səbrli biridir. Və onun səbri tərifə layiqdir ki, Allah bizim onu tanımağımızı istəmiş və adını Kitabında anmışdır.
MƏNBƏ: azerislam.com
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.