Həzrəti İbrahimin nəslindən bir peyğəmbər: Eyyub ( s. a. v.)
(İbrahimə) İshaqı, Yaqubu bağışladıq; hər birini doğru yola yönəltdik. Əvvəl də Nuh və onun soyundan Davudu, Süleyman, Eyyub, Yusuf, Musa və Harunu (ki, işlərini yaxşı görənlərə belə əvəz veririk), Zəkəriyyə, Yəhya, İsa və İlyası (ki, hamısı yaxşılardandır), İsmail, Elyesa, Yunus və Lutu (ki, onların hamısını dünyalara üstün qıldıq) doğru yola çatdırdıq.
Atalarından, nəsillərindən, qardaşlarından bəzilərini seçdik və doğru yola yönəltdik.
Bu, Allahın Öz bəndələrindən istədiyini yönəltdiyi doğru yoludur. Onlar bütə sitayiş etsələr, əməlləri puç olar.
Kitab, hökm və peyğəmbərlik verdiklərimiz bunlardır. Kafirlər onları inkar etsələr, onlara inkar etməyən bir milləti vəkil edərik.
Budur, bunlar Allahın doğru yola yönəltdikləridir; onların yoluna tabe ol. De ki, sizdən bunun müqabilində bir əvəz istəmirəm, bu sadəcə olaraq hamı üçün bir xəbərdarlıqdır (Ənam, 6/84-90).
Xəstəlikdən yaxa qurtarması
Eyyubu da (zikr et). O, bir gün Rəbbinə belə səslənmişdi: “Mən bu çətinlikdən əziyyət çəkirəm. Sən isə mərhəmətlilərin ən mərhəmətlisisən”.
Onun duasını qəbul etmiş və nə çətinliyi varsa, aradan qaldırmışdıq. Ona ailəsini və onlarla birlikdə bir o qədərini də vermişdik ki, bizim tərəfimizdən bir rəhmət və ibadət edənlər üçün bir dərs olsun (Ənbiya, 21/83-84).
Bəndəmiz Eyyubu zikr et. O, bir gün Rəbbinə belə dedi: “Şeytan məni yorub əldən saldı və mənə əzab verdi”.
“Ayağını yerə vur”, – (dedik). Budur, sərin bir yuyunma və içmə suyu.
Ona ailəsini və onlarla birlikdə bir o qədərini də vermişdik ki, bizim tərəfimizdən bir rəhmət və ağıl sahibləri üçün bir dərs olsun.
“Əlinə bir dəstə sap (çubuq) al, onunla vur. Andını pozma”, – dedik.
Biz onu həqiqətən də, səbr edən gördük. Nə yaxşı bəndə! Həmişə Allaha yönəlirdi (Sad, 38/41-44).
Rəvayət edilənə görə ayağını yerə vurduğu vaxt yerdən iki çeşmə çıxdı. Birinin suyundan içib digərinin suyu ilə yuyundu (Əbu Cəfər M. İbn Cərir Ət-Təbəri, Camiul-bəyan fi təvilil-Quran, Beyrut, 1992, X cild, s. 589).
Biz Nuha, ondan sonra gələn peyğəmbərlərə, eləcə də İbrahim, İshaq, Yaqub və nəvələrinə, İsa, Eyyub, Yunus, Harun və Süleymana vəhy etdiyimiz kimi şübhəsiz ki, sənə də vəhy etdik. Davuda da Zəbur verdik (Nisa, 4/163).
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.