Müsəlmanlar
İshaq peyğəmbər

İshaq peyğəmbər

İshaq peyğəmbər

Siz belə deyin: “Biz Allaha, bizə göndərilənə, İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarına nazil edilənlərə, Musa və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə onların birini digərindən ayırmadan inandıq. Biz Allaha təslim olan kəslərik!” (Bəqərə, 2/136).

Yoxsa siz İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi və ya xristian olduqlarını iddia edirsiniz? Onlara de: “Siz yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın ona göstərdiyi bir həqiqəti gizlədəndən daha zalim kim ola bilər? Allah sizin etdiklərinizdən bixəbər deyildir! (Bəqərə, 2/140).

Ona İshaqı, Yaqubu bağışladıq; hər birini doğru yola yönəltdik. Əvvəl də Nuh və onun soyundan Davudu, Süleyman, Eyyub, Yusuf, Musa və Harunu (ki, işlərini yaxşı görənlərə belə əvəz veririk), Zəkəriyyə, Yəhya, İsa və İlyası (ki, hamısı yaxşılardandır), İsmail, Elyesa, Yunus və Lutu (ki, onların hamısını dünyalara üstün qıldıq) doğru yola çatdırdıq.

Atalarından, nəsillərindən, qardaşlarından bəzilərini seçdik və doğru yola yönəltdik.

Bu, Allahın Öz bəndələrindən istədiyini yönəltdiyi doğru yoludur. Onlar bütə sitayiş etsələr, əməlləri puç olar.

Kitab, hökm və peyğəmbərlik verdiklərimiz bunlardır. Kafirlər onları inkar etsələr, onlara inkar etməyən bir milləti vəkil edərik.

Budur, bunlar Allahın doğru yola yönəltdikləridir; onların yoluna tabe ol. De ki, sizdən bunun müqabilində bir əvəz istəmirəm, bu sadəcə olaraq hamı üçün bir xəbərdarlıqdır (Ənam, 6/84-90).

Əllərini ona uzatmadıqlarını gördükdə vəziyyətləri xoşuna gəlmədi və qorxuya düşdü. Onlar: “Qorxma, biz Lut millətinə göndərildik”, – dedilər.

Bu dəm İbrahimin ayaq üstə dayanmış arvadı güldü. “Ona İshaqı, sonra da Yaqubu müjdə verərik”, – dedilər.

“Vay mənim başıma gələnlərə! Mən qoca bir arvadam, ərim də yaşlı olduğu halda, necə doğa bilərəm? Həqiqətən də, bu təəccüblü bir şeydir”, – dedi.

Onlar: “Ey evin xanımı! Allahın rəhməti və bərəkəti sizin üzərinizdə olduğu halda, necə olur ki, Allahın işinə təəccüb edirsən? O, mədh edilməyə layiqdir, uluların ən ulusudur”, – dedilər (Hud, 11/70-73).

“Babalarım İbrahim, İshaq və Yaqubun dininə uydum. Allaha hər hansı bir şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür; lakin insanların çoxu şükr etməz (Yusuf, 12/38).

İbrahim onları Allahdan başqa sitayiş etdikləri şeylərlə tək başına qoyub getdiyi vaxt ona İshaq və Yaqubu bağışladıq və hər birini peyğəmbər etdik (Məryəm, 19/49).

İbrahimə İshaq və Yaqubu bəxş etdik. Nəslindən gələnlərə kitab və peyğəmbərlik verdik. Onu dünyada mükafatlandırdıq. Həqiqətən də, o, axirətdə də yaxşılardandır (Ənkəbut, 29/27).

Ona yaxşılardan olan İshaqı peyğəmbər olaraq müjdələdik.

Onun özünü və İshaqı mübarək etdik. İkisinin də nəslində yaxşı olan da var, özünə qarşı açıq-aşkar zülm edən də (Saffat, 37/112-113).

Güclü və başa düşən bəndələrimiz İbrahim, İshaq və Yaqubu da zikr et (Sad, 38/45).