Müsəlmanlar

Toyuqların kəsilməsi

Toyuqların kəsilməsi haqqında

Bir gün bir qəzetdə belə bir xəbər-reklam nəşr olundu:

“Filan toyuq firması halal sertifikatla iş görür. Toyuqlar hamısı tək-tək kəsilir. Yəni, hər toyuğu əllə ayrı kəsirlər”.

Bu xəbərdən sonra cəmiyyətdə belə bir fikir formalaşdı ki, toyuqları halal olmağı üçün bir-bir kəsmək lazımdır. Həmin vaxt bizə də bu məsələ ilə əlaqədar çoxlu sual gəldi. Suallar ümumən aşağıdakı kimi idi:

1) Toyuqlar mütləq bir-bir kəsilməlidir?

2) Toyuqları xüsusi maşınla avtomatik olaraq kəsmək dini baxımdan problem yaradır?

3) Hər bir toyuğu bismillah deməyib (Allahın adını çəkmədən) kəssələr, ətini yemək haram olur?

Biz də həm bu suallara cavab vermək, həm də ictimaiyyəti məlumatlandırmaq məqsədilə belə bir yazı hazırladıq:

Quranın Maidə (süfrə) surəsinin 3-cü ayəsində belə deyilir:

“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş sizə haramdır. Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır”.

Türkiyədə toyuqları Allahdan başqasının adına kəsən bir firma yoxdur. Quran və hədislərdə heyvanların bir-bir kəsilməli olduqlarına dair bir şərt də yoxdur. Deməli, maşınla kəsmək olar.

Əlavə olaraq, Quranda qurbandan başqa heyvanları kəsdikdə bismillah deməyi əmr edən bir ayə yoxdur!

Vaxtilə Mədinə şəhərində yaşayan müsəlmanlarda da bu məsələyə dair şübhə yaranıb və onlar Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir sual soruşublar:

– Camaat bizə ət gətirir. Biz o heyvanların üstündə kəsildiyi vaxt bismillah deyilib deyilmədiyini bilmirik. Belə olan halda, nə edək?

Peyğəmbərimizin (s. a. v.) bu suala cavabı aşağıdakı kimi olub:

Siz bismillah deyib yeyin! ((MƏNBƏ: Buxari, Tövhid, 13; Muvatta, Zəbaih, 1; Əbu Davud, Ədahi, 13-19; İbn Macə, Zəbaih, 4; Nəsai, Dahaya, 2.))

Əl-Xəttabi (ölüm tarixi hicri 388-ci il) belə demişdir:

“Bu hədis heyvan kəsməkdə bismillah deməyin şərt olmadığına dair sübutdur. Əgər şərt olsaydı, haqqında şübhə edilən həmin heyvan Allahın peyğəmbəri tərəfindən halal hesab olunmazdı”. ((MƏNBƏ: Muhəmməd ibn Əli ibn Muhəmməd əş-Şövkani, Neylu-l-əvtar şərhu muntəqa-l-əxbar, Beyrut, tarix göstərilməyib, 8-ci cild, s. 158.))

Toyuqlar kəsildikdən sonra tüklərinin asanlıqla yolunması məqsədilə isti suya salınır. Deyilir ki, bu vaxt toyuqların daxili orqanları çıxarılmadığına görə içində olan qan və nəcasət (murdarlıq) isti suyun təsirilə ətə bulaşır və buna görə də ət nəcis (murdar) olur.

Halbuki, qan və murdarlığın ətə bulaşmağı üçün toyuq gərək həmin isti suyun içində qaynayacaq dərəcədə uzun müddət qalsın. Bu halda hüceyrələr açılır və murdarlıq içəri girir. Toyuğu sudan çıxartdıqda da hüceyrələrin ağzı bağlanır və murdarlıq içəridə qalır. Buna görə də toyuq kəsib satan firmalar suyun istiliyinin 60 dərəcədən çox olmamağına xüsusi diqqət yetirirlər. Bu halda da murdarlıq ətə daxil ola bilmir, toyuğun tükləri yolunandan sonra yaxşıca təmizlənir və təmiz bir vəziyyətdə bazara çıxardılır.

Nəticə etibarilə demək lazımdır ki, dini (İslam) üsullara zidd formada kəsildiyinə dair qəti bir dəlil-sübut olmayan və görünüş baxımından təmiz və sağlam olan toyuq və oxşar heyvanların ətini rahatlıqla yemək olar.

QEYD: Bu yazıda Türkiyədəki istehsal sexləri, heyvan kəsmə üsulları, market və məhsullar nəzərdə tutulmuşdur.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3470.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.