Məlum olduğu kimi, Rusiyanın paytaxtı Moskva şəhərində baş verən metro partlayışlarından sonra öz fikirlərini “Gerçek Hayat” jurnalına bildirən Abdulaziz Bayındır ((İlahiyyat elmləri doktoru, professor. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.)) istişhad aktları barədə şərhlərinə görə bəzi kütləvi informasiya vasitələri tərəfindən ittiham edilmişdi. Odur ki, “İlahiyatHaber” xəbər saytı bu mövzunu yenidən işıqlandırmaq məqsədilə Abdulaziz Bayındırla bir müsahibə hazırladı. Həmin müsahibənin mətninin Azərbaycan dilinə tərcüməsini sizə təqdim edirik:
İlahiyatHaber: Rusiyada baş verən metro partlayışlarından sonra Gerçek Hayat jurnalı axırıncı nömrəsində sizin bu məsələ ilə əlaqədar fikirlərinizə yer verib. Xəbərdə deyilir ki, guya siz bu hadisəni quldurluq adlandırmısınız və Yusuf Qaradavinin intihar aktları barədəki fitvası ilə müsəlmanlara çox böyük bir kələk gəldiyini irəli sürmüsünüz. Bu xəbər nəşr edildikdən sonra kütləvi informasiya vasitələrində, xüsusilə də internet şəbəkəsində sizə qarşı tənqidlərə yer verildi. İndi siz bu tənqidlərə necə cavab verirsiniz? Deyilənlər düzdür?
Abdulaziz Bayındır: Gerçek Hayat jurnalı mənimlə telefon vasitəsilə əlaqə saxladı. Əslində telefonla müsahibə vermək adətim yoxdur. Amma müsahibə götürmək istəyən xanım bunun təcili olduğunu bildirib təkid etdi. “Quldur” sözünü işlətdiyimi güman etmirəm. Telefon əlaqəsi olduğuna görə də tərəf-müqabili yalançı vəziyyətinə salmamaq üçün hər hansı bir şərh vermədim. Ancaq belə deyim: “İstişhad”, yəni, şəhadət aktı adlandırılan bu aktı qətiyyən qəbul etmək olmaz. Çünki düşmənə intihar etməklə cavab vermək olmaz. Buna şəhidlik deyilə bilməz! Yusuf Qaradavi və bir neçə nəfər buna şəhidlik deyirlər. Belə fitva verirlər. Onların verdiyi fitvaya inanaraq canını qurban edəni Allah Təala şəhid kimi qəbul edə bilər; biz bunu bilə bilmərik. Ölənlərin halı Allaha qalıb.
Amma Allah özünü öldürənə şəhid demir. Allah deyir ki, öz-özünüzü öldürməyin. ((Nisa, 4/29.))
Buxari və Müslimin külliyatında qeyd edilən bir rəvayətə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər”.
Çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meylli olması mümkündür. Bir müsəlmanın belə bir hala düşməyi mümkün deyil. Allah belə buyurub:
“Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir”. ((Yusuf, 12/87.))
Qurani-Kərimin başqa bir yerində İbrahim peyğəmbərin dilindən belə deyilir:
“Rəbbimin rəhmətindən ümidini yoldan çıxanlardan başqa kim kəsər?”. ((Hicr, 15/56.))
Digər bir ayədə də belə buyurulur:
“İnsan yaxşılıq istəməkdən heç bezib usanmaz. Amma ona bir çətinlik üz verdiyi vaxt bezib ümidsizləşir”. ((Fussilət, 41/49.))
İlahiyatHaber: Deyilənə görə Qaradavinin fitvası ancaq Fələstindəki hərəkatçılar üçün qüvvədədir. Elə isə siz bu fitvanın sadəcə olaraq Fələstinə məxsus olduğunu necə qiymətləndirirsiniz?
Abdulaziz Bayındır: Xüsusi fitva olmur. Fitva ümumidir. Yusuf Qaradavi öz fitvasında bunu Allah yolunda həyata keçirilən ən böyük cihadlardan biri hesab edir və aşağıdakı ayəni dəlil kimi irəli sürür:
“Siz də onlara qarşı gücünüzün çatdığı qədər qüvvə və süvari dəstələr hazırlayın ki, Allahın düşmənini, öz düşməninizi və əlavə olaraq, sizin bilmədiyiniz, Allahın isə bildiyi o biri düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, sizə tamamilə ödənər. Haqsızlığa məruz qalmazsınız”. ((Ənfal, 8/60.))
Yusuf Qaradavi intihar aktlarında iştirak edənləri “təzə silah və insan bombası” adlandırır. Əslində o belə deməklə bilərək və ya bilmədən həmin insanları lağa qoyur. Axı insan özü silah deyil, silahdan istifadə edəndir. Yuxarıdakı ayədə birbaşa döyüşdən deyil, düşmənə qarşı qorxuducu qüvvə hazırlayıb tədbir görməkdən danışılır.
İlahiyatHaber: Türkiyədəki bəzi müəlliflər də bu fitvanı Tariq ibn Ziyadın gəmiləri yandırtmağına və ya peyğəmbərin (s. a. v.): “Döyüşdə bu qılıncın haqqını kim ödəyəcək?”, – formasındakı sualına əsaslandırırlar. Yəni, Yusuf Qaradavinin fitvasını bu cür izah edirlər. Onlar deyirlər ki, peyğəmbər (s. a. v.) qılıncın haqqını şəhid olana qədər döyüşmək olaraq müəyyən edib. Bu cür bir izah sizcə düzgündür?
Abdulaziz Bayındır: Bu kimi məsələlər intihar aktları barədə dəlil ola bilməz. Allah Təala: “Allah yolunda öldürülənlərə “ölülər” deməyin” ((Bəqərə, 2/154.)) , – deyə buyurur. Burada öldürülmüş olmaq şərti var. Deməli, Allah yolunda öldürülməklə özünü öldürmək eyni şey ola bilməz.
“Allah yolunda sizinlə döyüşənlərlə döyüşün amma həddi aşmayın (ifrata varmayın). Allah həddi aşanları sevməz!”. ((Bəqərə, 2/190.))
İntihar aktları döyüş meydanında həyata keçirilmir. Bu hadisələr məsum insanların arasında törədilir. Bəs bu həddi aşmaq deyil?
Firon İsrail oğullarını qul halına salmışdı. Onların nəslini kəsmək üçün oğlan uşaqlarını öldürür, qız uşaqlarını isə pis məqsədləri üçün sağ buraxırdı. Musa peyğəmbər belə ağır təzyiqlərə baxmayaraq qövmünə deyirdi:
“Musa qövmünə belə dedi: “Allahdan kömək istəyin və dözün. Bu ölkə Allahındır. Onu bəndələrindən layiq olanlara verir. Qələbə təqva sahiblərinin olacaq”. ((Əraf, 7/128.))
İsrail oğulları Musa peyğəmbərə belə cavab vermişdilər:
“Sən bizim cərgəmizə daxil olmamışdan qabaq da, sən gəldikdən sonra da əzilən elə biz olduq”. Musa dedi ki, bəlkə, Rəbbiniz düşməninizi yox edəcək və sizi onların yerinə yerləşdirəcək. Sonra da sizin nə edəcəyinizə baxacaq”. ((Əraf, 7/129.))
Sonra Fironun hakimiyyəti başa çatdı. Həmin torpaqların hamısı İsrail oğullarına qaldı.
Sizə bir misal da verim: Peyğəmbərimiz (s. a. v.) Həcc ibadətini yerinə yetirmək üçün təqribən 1500 nəfər müsəlmanla yola çıxmışdı. Amma Məkkəlilər Hüdeybiyyədə onlara mane oldular. Halbuki, fiziki cəhətdən müsəlmanlar üstün idilər. Məkkəlilər isə Xəndək döyüşündən əliboş qayıtmışdılar və buna görə də maddi çətinlikləri son həddə çatmışdı. Bir sözlə, vəziyyətləri çox pis idi. Ətraf bölgələrdəki qəbilələrin vəziyyəti də eyni idi. Yəmamənin rəhbəri də müsəlman olmuşdu və artıq Məkkəyə buğda göndərmirdi. Peyğəmbərimiz (s. a. v.) onun buğda göndərməyini təmin etdi. Əlavə olaraq qızıl göndərib Məkkəli kasıblara paylatdırdı. Əbu Süfyan kimi bir adamın dərilərini yüksək qiymətlə aldı. Beləcə, bazarı dirçəldib canlandırdı. Çox adamdan ibarət olan bir qafilə ilə Həccə gəldiyinə görə Məkkəli tacirlər onları gözləyirdilər. Belə bir şəraitdə Məkkə şəhərinin başçıları peyğəmbəri Məkkəyə buraxmadılar. Bunlar peyğəmbərimizi yurd-yuvasından çıxardan, Bədr, Uhud və Xəndək döyüşlərində döyüşmüş adamlar idilər. Allah Təala onların Məkkəyə daxil olmağına icazə verməmiş, belə buyurmuşdur:
“Orada hələ tanımadığınız mömin kişilərlə mömin qadınları bilmədən məhv edəcək və bundan sonra utanılacaq vəziyyətə düşəcək olmasaydınız (Allah döyüşün qarşısını almazdı)”. ((Fəth, 48/25.))
Hər halda, peyğəmbərimizin və Musa peyğəmbərin gördüyü işləri səhv hərəkətlər kimi qiymətləndirən yoxdur. Ona görə də hər kafir daxilən onlara inanmaq məcburiyyəti hiss edir. İntihar aktları deyilən hərəkətlər də nifrət yaradır.
Allah Təala İnşirah surəsində belə deyir:
“Hər çətinliklə bərabər bir asanlıq var. Unutma ki, o çətinliyin yanında bir asanlıq daha var”. ((İnşirah, 94/5-6.))
Bizim görməli olduğumuz iş hər hərəkətimizi Allahın əmrinə əsasən edib əvəzini Ondan gözləməkdir.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.