Müsəlmanlar

Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı)

MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) HƏYATI

I YAZI

Müəllif: Səfiyyu-r-Rəhman Əl-Mubarəkfuri

Peyğəmbərlərin seyyidi Muhəmməd (s) Məkkədə Bəni Haşim camaatı içərisində fil hadisəsinin baş verdiyi il rabiul-əvvəl ayının doqquzu, birinci gün dünyaya göz açmışdır. ((Bax; Mahmud Paşa əl-Fələki “Nətəicul əfham fi təqvimil arab qabləl İslam” səh 28-35.)) Onun (s) anadan olması İran şahı Ənuşirəvanın hakimiyyətə gəlməsinin qırxıncı ilinə, miladi tarixlə isə 571-ci ilin aprel ayının iyirmi və ya iyirmi ikisinə təsadüf edirdi. Peyğəmbərin (s) anadan olması barədə təhqiqat aparan böyük alim Muhəmməd Süleyman əl-Mənsurfuridir. ((Keçmiş miladi təqvimə görə, 20 aprel, yeni təqvimə görə isə 22 aprel. Bax; “Rahmətən lil-aləmin” 1/38-39, 2/360-361.))

İbn Səd Rəsulullahın (s) anasının belə dediyini rəvayət edir: “O, anadan olanda sanki hər yer nurlandı.” Əhməd, Dərami və başqaları buna bənzər rəvayətlər qeyd etmişlər. ((Əhməd, “Müsnəd” 4/127-128, 185 5/262 “Sünən Darimi” 1/9, İbn Səd 1/102.))

Rəvayət olunur ki, o (s) anadan olduğu zaman peyğəmbərliyə dəlalət edən bəzi əlamətlər baş vermişdir. Məsələn, İran şahının sarayında sütunlar uçmuş, məcusilərin (atəşpərəstlər) ibadət etdikləri od sönmüşdü. Təbəri, Beyhaqi və başqaları bu qəbildən rəvayətlər qeyd etmişlər. ((Beyhaqi “Dəlailin Nubuvva” 1/126-127 “Tarix ət-Təbəri” 2/166-167 “əl-Bidəyə van-Nihəyə” 2/268-269.)) Bu rəvayətlərin dəqiq isnadları bilinmir. Həmçinin, bu hadisələr barəsində həmin xalqların tarix kitablarında da qeyd edilmir.

O, (s) dünyaya gələndə anası Abdulmuttalibi nəvəsi olmaqla müjdələyir. Abdulmuttalib bu xəbərlə Kəbəyə daxil olub Allaha dua və şükür edir. ((İbn Hişam 1/159-160 “Tarix ət-Təbəri” 2/156-157 İbn Səd 1/103.)) Abdulmuttalib nəvəsinə Muhəmməd adını verir. Həmin vaxt bu ad ərəblər arasında məşhur deyildi. Ərəblərin adəti üzrə uşağı yeddinci günündə sünnət edirlər. ((Deyilənə görə Rəsulullah (s) sünnət olunmuş halda anadan olmuşdur. Lakin İbn Qeyyim bu barədə səhih hədisin olmadığını qeyd edir. Bax; “Zədul miad” 1/18.))

Rəsulullaha (s) anasından sonra süd verən Əbu Ləhəbin xanımı Suveybə olmuşdur. ((“İthaful vara” 1/57.)) Həmzə bin Abdulmuttalib və Əbu Sələmə bin Abduləsəd əl-Məxzumi də bu məsələdə onun (s) qayğısına qalmışlar. ((“Səhih Buxari” hədis; 2645, 5100, 5101, 5106, 5107, 5372. “Tarix ət-Təbəri” 2/158 İbn Nəim “Dələil ən-Nuvuvva” 1/157.))

Bəni Səid qəbiləsində

Ərəblər öz övladlarını sağlam və güclü böyümələri, ərəb dilini kiçik yaşdan gözəl şəkildə mənimsəmələri üçün uşaqlara süd verməklə və onları tərbiyə etməklə məşğul olan kənardan gəlmə tayfalara verirdilər. Abdulmuttalib də Rəsulullahı (s) gəlmə tayfalardan olan süd verən qadınlardan birinə vermək istəyirdi. Onu (s) süd vermək üçün Bəni Səd qəbiləsindən Həlimə adlı bir qadın öz ailəsinə qəbul etdi. Haris bin Abdulizzə həmin qadını öz qəbiləsindən olan Əbu Kibşəyə ərə vermişdi.

Həmin ailədə Rəsulullahın (s) süd qardaş və bacıları: Abdullah bin əl-Haris, Ənisə bint əl-Haris, xüsusilə də Cüzəmə bint əl-Haris (əsl adı Şeymadır) ona (s) çox mehriban münasibət göstərmişlər.

Həlimə uşağa süd vermək üçün götürdükdən sonra evlərinə daxil olan bərəkəti heyranlıqla belə izah edir:

İbn İshaq Həlimənin bu barədə dediyini belə rəvayət edir: “O, öz əri ilə vətənindən Məkkəyə süd analıq etmək üçün uşaqlar götürməyə gəlmişdi. Özü belə deyir: “Yaşadığımız quraqlıq və qıtlıq ilində heç bir şeyimiz qalmamışdı. Üzərində olduğum dişi uzunqulaqdan və süd verməyən qoca dəvədən başqa bir şeyimiz yox idi. Gecələr yanımızda olan uşağın aclıqdan ağlamasından yata bilmirdik. Mənim döşümdə də onu əmizdirmək üçün yetərincə süd yox idi. Üzərində olduğum uzunqulaq o qədər yorulub haldan düşmüşdü ki, ləng hərəkət edirdi. Bu da yol yoldaşlarımın narazılığına səbəb olurdu. Məkkəyə çatdıqda süd övladları götürmək üçün müraciət etdik. Bir qadına Muhəmmədi göstərdikdə yetim olduğuna görə onu götürməkdən imtina etdi. Biz də onun yetim olduğunu biləndə götürmək istəmədik. Bizdən başqa hamı uşaq tapdı. Belə olsa, tək geri dönəcəyimizi görüb ərimə dedim: “Vallahi, gedib o yetim uşağı götürəcəm”. O isə dedi: “Bəlkə, Allah ona görə evimizə bərəkət verdi”. Gedib uşağı götürdüm. Onu sırf başqa uşaq tapmadığım üçün götürdüm. Onu qucağıma aldıqdan sonra sinəmə süd gəldi. Onu və yanımdakı uşağı doyunca əmizdirib yatızdırdım, amma bundan əvvəl uşaq gecələr yatmırdı. Sonra dəvəmiz yenidən süd verməyə başladı. Biz həmin gecəni tox və xeyir içərisində keçirdik. Səhər oyandıqda, ərim mənə dedi: “Ey Həlimə, Allaha and olsun ki, sən evimizə mübarək bir qismət gətirdin. Sonra uşağı da uzunqulağın tərkinə alıb yola düşdük. Heyvana heç bir yük təsir etmirdi və sürətlə hərəkət edirdi. Hətta, yoldaşlarım dedilər: “Ey Həlimə, bu, sənin evdən çıxdığın uzunqulaq deyil, bizimlə birgə get, qabağa çıxma!” Mən isə onun həmin heyvan olduğunu bildirəndə mənə “yox, onda nə isə başqa bir şey var” dedilər.

Gəlib Bəni Səd qəbiləsindəki evimizə çatdıq. Həmin yerdən daha quraq olan bir yer tanımırdım. Evə gələndə qoyunların sinələrinin südlə dolu olduğunu gördüm. Çox yaxşı süd verməyə başladılar. Bizə gələn qonaqlar öz çobanlarına deyirdilər ki, “ayıb olsun sizə! Əbu Zueybin qızının çobanı kimi olun!” Bizim heyvanların verdiyi südü heç kəsin heyvanı vermirdi. Allah bizə götürdüyümüz uşağın iki il müddətində bizdə qalması ilə bolluq və bərəkət bəxş etdi. Uşaq yaşından daha iri və qabiliyyətli görünürdü. Biz onu əldə etdiyimiz bərəkətə və sevincə görə anasına qaytarmaq istəmirdik. Uşağı anasına təhvil verməmişdən əvvəl, Məkkədə vəba xəstəliyinin yayılmasını deyərək, bizdə qalmasını xahiş etdik. ((İbn Hişam 1/162-164; “Tarix ət-Təbəri” 2/158-159; İbn Hibban “əl-İhsan” 8/82-84; İbn Səd 1/111. Bu barədə olan rəvayətlərin hamısı müxtəlif ləfzlərdə olmasına baxmayaraq İbn İshaq tərəfindən qeyd olunmuşdur.)) Nəticədə buna nail olduq.

Sinəsinin yarılması

Rəsulullah (s) yenidən Bəni Sədə qayıdır. İbn İshaqın rəvayətinə görə ((İbn Hişam, 1/164-165; Tarix ət-Təbəri, 2/160.)) geri dönüşündən bir ay sonra, digər təhqiqatçıların rəvayətinə görə isə ((Bax; İbn Səd 1/112. Məsudi “Muravvac əz-Zəhəbi” 2/271 Əbu Nəim “Dələil ən-Nubuvva” 1/161-162. İbn Abbas isə bu hadisənin beş yaşı olan vaxta təsadüf etdiyini bildirir.)) Muhəmməd (s) dörd yaşında sinəsi yarılmışdı. Müslim Ənəsdən rəvayət edir ki, Cəbrayıl Rəsulullah (s) uşaqlarla oynayarkən onun yanına gəlmiş, sinəsini yarmış, qəlbini çıxarmış və demişdi: “Bu, şeytanı sənə yaxın qoymamaq üçündür.” Sonra qızıl qabda zəm-zəm suyu ilə yumuş və yerinə qoymuşdu. Bunu görən uşaqlar onu tez süd anasının yanına aparmışdılar. Əvvəlcə onlar uşağın öldüyünü zənn etmişdilər. Belə ki, onun rəngi tamamilə dəyişmişdi. Ənəs deyir ki, mən onun sinəsindəki yarığın əlamətini görmüşəm. ((“Səhih Muslim”, İman kitabı 1/147, hədis; 261.))

Anasına qayıdışı

Həlimə bu hadisədən sonra çox qorxur və uşağı anasına geri qaytarır. Rəsulullah (s) altı yaşına çatana kimi anası ilə birlikdə yaşayır.

Əminə vəfat etmiş ərinin xatirəsini yad etmək üçün Yəsribə onun qəbrini ziyarətə gedir. Yetim oğlu Muhəmməd (s) və xidmətçisi Ummu Eymanla birlikdə Məkkədən çıxır və təxminən beş yüz kilometr məsafə qət edir, orada bir ay qaldıqdan sonra geri dönür. Qayıdarkən yolda xəstəliyə tutulur. Xəstəliyi sürətlə inkişaf etməsi səbəbilə tez bir zamanda Məkkə ilə Mədinə arasında Əbva adlanan yerdə vəfat edir. ((İbn Hişam, 1/168, “Təlqihul Fuhum” səh. 7.))

Babasının himayəsində

Abdulmuttalib uşağı götürüb Məkkəyə gətirir. Ürəyi şəfqətlə dolu olan babanın bəla ardınca başqa bir bəlaya mübtəla olan körpə uşağa rəhmi gəlir və onu öz himayəsinə alır. Nəinki onu tək buraxmır, əksinə övladları ilə eyni saxlayır və onlardan ayırmır. Hətta, övladlarından üstün tutur. İbn Hişam deyir ki, “Kəbənin yanında Abdulmuttalib üçün bir taxt salınmışdı. Övladları atalarına hörmət olaraq yalnız taxtın ətrafında oturar, taxtın üzərinə çıxmırdılar. Bir gün balaca Muhəmməd (s) taxtın üzərinə çıxır. Bunu görən əmiləri onu taxtın üstündən götürmək istədikdə Abdulmuttalib onlara deyir: “Oğlumu rahat buraxın! Vallahi, onda bir iş var.” Sonra uşaqla birlikdə taxtın üzərinə əyləşdi, əliylə onun kürəyini sığalladı və onun etdiklərinə baxıb gülümsündü. ((İbn Hişam, 1/168.))

Abdulmuttalib Rəsulullahın (s) səkkiz yaş, iki ay, on günündə Məkkədə vəfat etdi. Rəvayət olunur ki, vəfat etməmişdən qabaq nəvəsinə himayəni oğlu Əbu Talibə vəsiyyət etmişdi. ((İbn Hişam 1/169 “Təlqihul Fuhum” səh; 7.))

Əmisinin himayəsində

Əbu Talib qardaşı oğlunu mükəmməl şəkildə öz himayəsinə götürdü. Onu övladları ilə birgə böyütdü və onlardan seçmədi. Kiçik olmasına baxmayaraq ona böyük hörmət və qiymət qoydu. Qırx il ərzində onu himayəsindən çıxartmadı. Hətta, Ona görə dost və düşmən qazandı. Bütün bunlar barəsində yeri gəldikcə söhbət açacağıq.

Onun kəramətinə buludlar yığışır

İbn Əsakir Cəlhuma bin Urfutanın belə dediyini rəvayət edir: “Məkkəyə gəldiyimdə çox quraqlıq idi. Qureyş dedi: Ey Əbu Talib, hər yeri quraqlıq basıb, camaat da bundan əziyyət çəkir. Gedək, yağmur duasına çıxaq. Əbu Talib özü ilə birlikdə balaca körpəni də aparır. O, (s) sanki, günəş idi – parlaq və nurlu. Göydə bir dənə də bulud yox idi. Bir az keçdikdən sonra buludlar Məkkənin üstünə yığıldı. Bol-bol yağış yağdı. Torpaqlar yumşaldı, münbitləşdi. Əbu Talib bu sözləri deyəndə həmin ana işarə edirdi: “Bir yetimin kəramətinə buludlar yığışdı, torpaqlar canlandı.” ((Şeyx Abdullah “Peyğəmbərin müxtəsər həyatı” səh; 15-16 Heysəmi “Məcməuz-zəvaid” Peyğəmbərliyin əlamətləri kitabı 8/222. ))

Orijinaldan tərcümə edən: Tural Sadıqlı

Mənbə: din.az (25/01/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.