Müsəlmanlar
Əda əhliyyəti hansı hallarda aradan qalxır?

Əda əhliyyəti hansı hallarda aradan qalxır?

Sual: Əda əhliyyətini (hüquq və həyat qabiliyyəti) aradan qaldıran faktorlar hansılardır? Ağır xroniki psixi və ruh xəstəsi olan bir şəxsin əda əhliyyətindən danışmaq mümkündür?

Cavab: Əhliyyət sözünün mənası əlverişli olmaq, uyğun olmaq deməkdir. Əhliyyət fiqh (İslam hüququ) terminologiyasında iki yerə bölünür:

1. Vücub əhliyyəti: Bu, haqq və hüquqlara malik ola bilmək və borclar (öhdəliklər) altına daxil ola bilmək deməkdir. Əhliyyətin bu növünün əsasını diri olmaq, həyatda olmaq xüsusiyyəti təşkil edir. Buna görə də hər insan həyatının başlanğıcından sonuna qədər vücub əhliyyətinə malikdir. Yaş və əqli hallara baxılmadan belə qəbul olunur ki, vücub əhliyyəti hər insan üçün zəruri olaraq vardır.

2. Əda əhliyyəti: Şəxsin hüquqi baxımdan mötəbər (qüvvədə) sayılan formada hərəkətlər həyata keçirməsi deməkdir. Əhliyyətin bu növünün əsasını isə vücub əhliyyətində olduğu kimi həyatda olmaq xüsusiyyəti deyil, təmyiz gücünün mövcud olması təşkil edir. Belə olan halda, ana bətnindəki uşaq haqqında və təmyiz dövrünə (bu 7 yaşdır) çatmamış kiçiklər üçün əda əhliyyətindən danışmaq mümkün deyil.

Əhliyyəti azaldan (daraldan) və ya aradan qaldıran hallar bunlardır:

Cünun (əqli xəstəlik, dəlilik): Bu, insanın ağlını və hüquq qabiliyyətini yox edən haldır. Bu halın vücub əhliyyətinə heç bir təsiri yoxdur. Lakin əda əhliyyətini aradan qaldırır. Bu şəxslərə ibadət etmək vacib deyil. Bunların heç bir hüquqi fəaliyyəti qüvvədə olmur və etibarlılıq kəsb etmir.

Bunun xaricində əhliyyəti daraldan və yaxud aradan qaldıran hallar ətəh (ağıl zəifliyi, əqli qüsur), səfeh (xərcləmələrdə tədbirsiz davranmaq), sükr (sərxoşluq) və ikrahdır (bir şəxsə hədə-qorxu gəlməklə hüquqi baxımdan yerinə yetirməklə məsul olmadığı bir işi görməyə məcbur etmək). ((Zəkiyuddin Şaban, İslam hüquq elminin əsasları, Üsulu-fiqh, tərcümə edən İbrahim Kafi Dönməz, Türkiyə Diyanet Vakfı Yayınları, Ankara, 1996, s. 295-306.))

Ağır xroniki psixi və ruhi xəstə olan şəxslər əgər bu hallarını növbəli bir tutma formasında keçirirlərsə, həmin tutma vaxtı əda əhliyyətindən məhrum olurlar. Başqa vaxtlarda isə digər insanlar kimi tam əhliyyətə malikdirlər. Lakin həmişə bu haldadırlarsa, əda əhliyyətindən məhrum hesab olunurlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.