Müsəlmanlar

Haram nədir və hansı növləri var?

Sual: Haram nədir? Hansı növləri var?

Cavab: Haram edilməsi dini cəhətdən qadağan hesab olunan hər hansı bir şeydir. İçki içmək, qumar oynamaq, zina etmək, başqasının malını haqsız yerə yemək kimi.

Dini ədəbiyyatda haram olan şeylərə muharrəmat da deyilir. Haram bir işi görməyənlər savab, görənlər isə günah qazanırlar. Bəzi hallarda bunun dünyəvi cəzası da var. Məsələn, zina edənə 100 dəyənək vurulur, oğrunun əli kəsilir.

Haramlar lieynihi haram, liğeyrihi haram qisimlərinə bölündüyü kimi, harami-qəti harami-zənni hissələrinə də ayrılırlar.

Lieynihi haram özündə olan bir pislik və ziyana görə qadağan olunmuş şeyə deyilir. Ölü heyvan əti yemək, içki içmək, qumar oynamaq, zina etmək, oğurluq etmək və nahaq yerə adam öldürmək kimi.

Bunları heç bir mükəlləf edə bilməz. Bu vasitə ilə heç bir hüquqi nəticə əldə etmək olmaz. Bu cür şeylər hər hansı bir müqavilənin obyekti olubsa, həmin müqavilə etibarsız hesab edilir. Ölü heyvan ətinin və şərabın alış-satışı həyata keçirilə bilməz. Qumar oynamaq və oğurluq etmək yolu ilə ələ keçirilən mallar əgər durursa, eynilə, yoxsa bunların əvəzi sahibinə geri qaytarılmalıdır. Zina ilə nə nəsəb (nəsil), nə də miras sübuta yetir. Zəruri hallarda lieynihi haramın əhatəsinə daxil olan şeylərdən bəzilərini etmək olar. Misal üçün, aclıqdan öləcəklərindən qorxanlar ölü heyvan ətini yeyə bilərlər. Boğazına ilişmiş bir şeyi aradan qaldırmaq üçün içməyə başqa bir şey tapmayan şəxs şərab içib həmin şeyi aradan qaldıra bilərlər. lakin bunların miqdarı zərurət miqdarı ilə məhduddur.

Liğeyrihi haram özündə haramlıq olmayan, lakin başqa bir səbəbə görə haram olan şeyə deyilir. Məsələn, başqasının malını nahaq yerə yemək və Cümə namazı vaxtı azan oxunarkən al-ver etmək kimi. Başqasına aid olan bir almanı yeməyimizin haram olması, həmin almanın özündən deyil, almanın yiyəsinin onu yeməyimiz üçün bizə icazə verməmiş olmasından irəli gəlir. Cümə namazı vaxtı azan oxunarkən edilən al-ver başqa vaxtlarda edilən al-verdən fərqləndiyinə görə haram deyil; əksinə, onun haramlığı Allah Təalanın həmin vaxtda al-ver etməyi qadağan etməsinə əsaslanır.

Harami-qəti dini bir dəlilin açıq-aydın və qəti ifadəsi ilə sübuta yetirilən, yəni, Qurani-Kərimin və ya peyğəmbərimizə aid olduğu qəti surətdə müəyyən olan bir hədisin açıq ifadəsi ilə müəyyənləşdirilmiş haramdır. Bunlar içki içmək, zina etmək, ata-anaya qarşı üsyankarlıq etmək, qadınların aralarında ömürlük evlənmə qadağası olmayan kişilərin qabağında məhrəm yerlərini aşması kimi şeylərdir. Haramın bu növünü inkar etmək insanın dindən kənarlaşıb kafirə çevrilməsinə səbəb olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.