Müsəlmanlar

Quranda şeir yazmaq və şairlər barədə nə deyilir?

Sual: Qurani-Kərim şerə necə baxır? Bu kitabda şer yazmaq və şairləri pisləyən bir ayə var? Peyğəmbərin hədislərindən hər hansı biri şairləri pisləyirmi?

Cavab: İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeiri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

“Şeirin bir hissəsi hikmətdir”. ((Buxari, Ədəb, 90.))

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şeir demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şeirlərə özü də qulaq asmışdır.

Amma şeir neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şeirlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

“O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. (Şüəra, 26/224-226)

Özlərini “Sələfi” olaraq görənlər, ayələri buraya qədərini və şeirlə əlaqəli digər mənfi rəvayətləri əsas alaraq şeirə və şairliyə xoş baxmamışlar. Halbuki növbəti ayədə İslama və əxlaqa zidd şeir deməyən ya da yazmayan şairlər istisna təşkil etməkdə və onlar tərif edilməkdədir:

“Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər”. (Şüəra, 26/227)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.