Müsəlmanlar

Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur?

Sual: Dırnaqlardakı boya (lak) dəstəmaz almaq və qüsl etməyə mane olur? Bir qadın dırnaqları laklı ola-ola dəstəmaz ala bilər?

Cavab: Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Qadınları bunu dırnaqlarına bəzək və zinət məqsədi ilə vururlar. Əvvəlki alimlərin dövründə belə bir şey olmadığına görə bunun dəstəmaz almağa, yaxud da qüsl etməyə mane olub olmayacağına dair tərəddüdlər meydana gəlib.

Qədim dövrdə qadınlar əllərinə xına yaxır və xına qırıntıları dırnaqların üstündə müəyyən bir təbəqənin yaranmasına səbəb olurdu. Qeyd edək ki, xına yaxmaq adəti indi də davam edir. Dəstəmaz almaqla əlaqədar ayədə Allah Təala belə buyurur:

“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun” (Maidə, 5/6).

Yumaq felinə suyun bədən üzvünün üstündən axıdılması kimi bir tərif verilir. Əbu Hənifə və onun tələbəsi İmam Muhəmmədin fikrincə, yumaq vaxtı bir damcı olsa da, su axmalıdır. Yumaq üçün suyu bədənə yağ, krem və sairə sürtmək kimi sürtmək kifayət deyil. Əbu Yusuf isə bədən üzvünün islanmağını kifayət hesab etmiş və suyun axmağını şərt kimi irəli sürməmişdir. ((İbn Abidin, Haşiyətu rəddil-muxtar, İstanbul, 1984, I cild, s. 96.))

Məlumdur ki, bədən üzvünün üstünə su sürtmək o üzvü yumaq demək deyil. Çünki bu, üzvü yaş əl ilə məsh etmək deməkdir. Halbuki, ayədə buyurulan şey yumaqdır; əksinə, məsh etmək deyil. Xına çox nazik də olsa, dırnağın üstündə bir qat yaradır. O rəng başqa bir formada dırnağın üstündə qala bilməz. Xına palçığının (qarışıq, məhlul) qırıntıları dırnaqların dibində bərk bir təbəqə yaradır. Həmin təbəqə suyun dırnaqlara çatmağına mane olur. Qeyd edilməlidir ki, xına lak kimi deyil. Onun məsamələrindən dırnağa su çata bilər. Lakin bu suyun dırnağın hər tərəfini əhatə etməsi və onun üstündən axıb getməsi mümkün deyil. Belə bir şey üçün su dırnaqla xınanın arasına daxil olmalıdır. Belə olan halda da dırnaqda xına qalmır. Elə isə məlum olur ki, belə bir şey mümkün deyil. Buna görə də xınalı dırnağın ayədə buyurulduğu kimi yuyulması qeyri-mümkündür. Dəstəmaz ayəsinin axırında belə buyurulur:

“Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz” (Maidə, 5/6).

Qadının bəzənməyi qadağan deyil. Buna görə də ondan dəstəmaz aldığı vaxt dırnağındakı xınanı qaşıyıb təmizləməyini tələb etmək ona çətinlik törətmək deməkdir. Fəqihlər bu səbəbi nəzərə almaqla xınanın dəstəmaz almaq və qüsl etməyə maneə təşkil etmədiyini bildiriblər. Hənəfi alimlərinin bu məsələyə dair fikirləri belədir: Xına, birə nəcisi, kir qırıntıları, bədənə sürtülən krem, dırnaqların arasına girən kirlər və sairə kimi şeylər suyun bədən üzvlərinin üstündən axmağına mane olsa da, zərurət ucbatından dəstəmaz almaq və qüsl etməyə mane olmurlar. ((İbn Abidin, Haşiyətu rəddil-muxtar, İstanbul, 1984, I cild, s. 155-156.))

Bu məsələdəki zərurətlə yuxarıda adları çəkilən şeyləri təmizləməyin çətinliyindən irəli gələn zərurət nəzərdə tutulur. Çünki əgər belə şeyləri təmizləmək tələb edilsəydi, insanlar çətin vəziyyətdə qalar və bir çoxunun dəstəmaz alıb namaz qılmağa imkanı olmazdı. Lak da yuxarıda sadalanan maddələrlə eyni kateqoriyaya daxildir. Aydındır ki, dırnaqlara lak vurmağı qadağan edən bir hökm yoxdur və elə buna görə də dəstəmaz və ya qüsldən əvvəl lakın təmizlənməsini şərt kimi irəli sürmək çətinlik törətmək deməkdir. Yuxarıda verilən ayədə deyilir ki, Allah bizə çətinlik yaratmaq yox, əksinə, bizi təmizləmək istəyir. Dırnaqlarında lak olanlar əllərini yuduqları vaxt təmiz hesab edilirlər və bununla yanaşı, Allahın əmri də yerinə yetirilir. Nəticə olaraq deyək ki, dırnaqlara lak vurmaq dəstəmaz almağa və qüsl etməyə mane olmur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.