Sual: Biz ailəvi şəkildə Almaniyada yaşayırıq. Bizim 9 yaşında bir qızımız var. Alman məktəblərində üzgüçülük dərsi məcburi dərsdir, başqa sözlə, biz öz qızımızı həmin dərsdən heç cür uzaq tuta bilmirik. Burada yaşayan digər müsəlmanların vəziyyəti də belədir. Bizim dinimizə əsasən qızımız neçə yaşına qədər üzgüçülük dərsinə gedə bilər? Bu məsələni təfərrüatlı formada izah etsəniz, çox sevinərik. Əvvəlcədən təşəkkürlər.
Biz sizin sualınızla əlaqədar olaraq Almaniyada yerləşən bir İslam elmləri institutundan aşağıdakı məlumatları aldıq. Həmin institutun direktoru Ali Özgür Özdil qardaşımızın bizə göndərdiyi yazı belədir:
Alman məktəblərində üzgüçülük və ya idman dərsi
Ümumi izah
“Almaniyadakı təhsil sistemini başa düşmək üçün 16 əyalətdən ibarət olan əyalət sistemini qavramaq lazımdır. Hər bir əyalət bir-birindən fərqli hərəkət etmək hüququna malik olub məsələn, üzgüçülük və ya idman (bədən tərbiyəsi) dərsi barədə də fərqli qərarlar verə bilir. Misal üçün, Baverya və Baden-Württemberq əyaləti ibtidai təhsildən sonra qız və oğlan şagirdlərini üzgüçülük və ya idman dərsində ayırır. Bu qərar qız şagirdlərin oğlanların qarşısında zəif iştirakının qarşısını almaq məqsədilə qəbul olunur. Əlavə olaraq bunu da qeyd etmək lazımdır: Heç bir qanun qız və oğlan şagirdlərə ortaq (birlikdə) dərs keçməyə məcbur etmir.
Müsəlman şagirdlər
Əgər valideynlər tərəfindən tələb edilir və məktəb bu tələbi yerinə yetirə bilirsə, məsələn, lazımi sayda müəllim, kifayət qədər vaxt və yer varsa, üzgüçülük və ya idman dərsində qız və oğlan şagirdlərin bir-birindən ayrılması, başqa sözlə, onlara həmin dərslərin ayrılıqda keçirilməsi mümkündür. Bu məsələ ilə əlaqədar bütün əyalətlərə şamil edilən 1993-cü ildə qəbul olunmuş məhkəmə qərarı var (Bundesverwaltungsgerichtsurteil 25.8.1993 – 6 C 891 zu OVG Münster, 15.11.1991 – 19 a 2198/91). Amma bu qərar ancaq həddi-büluğa çatmış şagirdlər üçün qüvvədədir; başqa sözlə, yalnız onlara şamil edilir. İbtidai təhsil dövründəki şagirdlər isə (ümumən) həddi-büluğ çağına çatmadıqlarına görə 2005-ci ildə qəbul edilən başqa bir məhkəmə qərarına (VG Düsseldorf, Aktenzeichen 18 K 74/05) əsasən dərslərdə iştirak etməlidirlər. Bu, məcburi hesab edilir.
Bu məsələyə münasibətimiz
Əgər müsəlman bir ana və yaxud ata bizdən bu məsələdə köməklik istəsə, biz onlara hər şeydən əvvəl mövcud məhkəmə qərarları barədə məlumat verir və bildiririk ki, məktəblər dövlət müəssisəsi, müəllimlər də dövlət məmurudurlar və onlar hər şeydən öncə bu qərarlara tabedirlər. Əgər uşaq hələ ibtidai sinif şagirdidirsə, dərslərdə iştirak etməli olduğunu və məhkəmə önündə udma imkanının olmadığını ifadə edirik. Amma əgər orta təhsil mərhələsi və ya litsey tələbəsidirsə (həddi-büluğ çağına çatıbsa), ya dərsin qız və oğlanlara ayrı keçilməsinə dair müraciət etmələrini, əks təqdirdə 1993-cü ilin məhkəmə qərarına əsasən tələbənin dərsdən azad edilmə hüququna malik olduğunu bildiririk. Burada diqqət yetirilməli olan məsələ isə (məsələn qız) şagirdin şort və sairə kimi qısa bir geyim geyinərək oğlan şagirdlərin qarşısına çıxmaqdan utandığını və buna görə də vicdan əzabı çəkdiyini sübut etməkdir. Lakin bu, ibtidai məktəb şagirdləri üçün qüvvədə deyil”.
Siz də həmin məsələdə bu yazıda ifadə edildiyi kimi davrana bilərsiniz.
QEYD: Yuxarıdakı yazının bizə gəlib çatmasını təmin edən Şimali Almaniya İslam Cəmiyyətinin (BİG) sədri möhtərəm Ramazan Uçara təşəkkür edirik.