Sual: İslam dininə əsasən bir qadın bədəninin hansı hissələrini örtməlidir? Bu məsələ haqqında dəlilləri ilə birlikdə məlumat verərdinizmi?
Cavab: Bir qadın aralarında ömürlük evlənmək qadağası olan atasına, babasına, əmi və dayısına, qardaşına, bacı və qardaşlarının oğullarına, öz oğluna, eləcə də oğul və qızlarının oğullarına, ərinin atasına (qayınata) və ərinin başqa qadından olan oğluna və qızının ərinə (kürəkən) saçlarını, boynunu, sinə və qollarını, diz qapağından aşağı baldır və ayaqlarını göstərə bilər. Qadın bu kimi şəxslərin yanında qarın, döş, bel və diz qapağı ilə göbəyinin arasını örtməlidir.
Bir qadın özü ilə arasında ömürlük evlənmək qadağası olmayanların yanında ancaq üz və əllərini açıq saxlaya bilər. Buna əsasən müsəlman bir qadın yad kişilərin yanında üz və əlləri xaricində bütün bədən üzvlərini örtməli olduğu kimi, əmi və dayısının oğlu, xala və bibisinin oğlu və yaxud bacısının əri kimi aralarında qan qohumluğu və ya sihri qohumluq olan kişilərin yanında da ancaq üz və əllərini açıq saxlaya bilər. Müsəlman bir qadının belə etməsi ona vacibdir. Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:
“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.
Qadınların zinətləri saçlara taxılan tac və muncuqlar, qulaqlardakı sırğalar, üzdəki sürmə və boyalar, boyundakı zəncir və medalyonlar, qollardakı bazubənd və bilərziklər, əllərdəki xına, ayaqlardakı xalxal və digər bəzəklərdir. Bu bəzəklərin olduğu yerlərin örtülməsi vacibdir. Lakin nəfəs almaq üçün burunun, danışmaq üçün ağızın, tanınmaq üçün üzün, bir şey tutmaq üçün əlin açıq olmağına ehtiyac var. Bütün bunlar görünən qismlərdən hesab edilir. Buna görə də qadının öz əl və üzünü kişilərin yanında açması haram deyil. Təbbi olaraq zinət əşyaları taxıla bilən üzvlərini də ayədə bir-bir bildirilən yaxınlarına (qohumlarına) göstərə bilər.
Qadınların ayaqlarını (yerə) vurması kişilərin diqqətini cəlb etmək üçün etdikləri bir hərəkətdir. Bu da öz növbəsində yeriş formalarının dəyişdirilməsi ya da ayaqların yerə vurulması ilə zinət əşyalarının səsinin eşidilməsinə səbəb olmaqla baş verir.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.