Müsəlmanlar

İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi

Sual: İslam dininə əsasən qövm, millət, ümmət, qövmiyyətçilik, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi və bu məfhumların ictimai-siyasi həyatdakı yeri nədən ibarətdir? Bu məsələlər İslam dini baxımından necə qiymətləndirilir?

Cavab: Qövm dil və mədəniyyət birliyi və müştərək maraqları olan insan cəmiyyəti deməkdir.

Qövmiyyətçilik nümayəndəsi olduğu qövmə bağlılıq və ona arxa durmaq, onu dəstəkləmək mənası verir.

Millət eyni torpaqlarda yaşayan, eyni köklərə malik olan, müştərək tarix, mədəniyyət və adət-ənənələri olan və əksər hallarda eyni dildə danışan insan cəmiyyətidir.

Millətçilik milli maraq və mənafeləri həmin milləti təşkil edən siniflərin və icmaların, yaxud da digər millətlərin mənafelərindən üstün tutan siyasi düşüncədir.

Ümmət isə aralarında din bağlılığı, necə deyərlər, dindaşlıq olan cəmiyyət deməkdir.

Ümmətçilik isə öz növbəsində dini yaxınlıq və bağlılığı digər bağlılıqlardan üstün tutmaq mənası daşıyır.

Əgər bu anlayış və düşüncələrin hər biri öz sərhədləri daxilində qalarsa, bu, yaxşıdır. Məsələnin mənfi və pis cəhəti ifrata varmaqdır. Bir şəxsin öz ata-anası və qohum-əqrəbasını sevməsi və onların qeydinə qalması təqdirəlayiq bir hal olduğu kimi, öz xalq və millətini sevməsi və xalqının maraq və mənafeləri üçün çalışması da eyni dərəcədə təqdirəlayiq haldır. Qohum-əqrəbanı sevmək onların pis davranışlarını da dəstəkləmək, yaxud da qohum-əqrəbanın başqalarına etdiyi zülm və haqsızlığa göz yummaq demək deyil. Bu məsələdə belə bir tələb yoxdur. Millətçi olmaq da belədir; belə ki, millətini sevmək çox gözəl bir şey olsa da, öz millətinin nümayəndələrinin etdikləri və ya edə biləcəkləri haqsızlıq və zülmü dəstəkləmək demək deyil. Ümumiyyətlə belə bir şey lazım gəlmir.

İslam ümmətinə mənsub olmaq fərdin qarşısında Allahın əmr və qadağalarını, eləcə də peyğəmbərin (s. a. v.) qoyduğu prinsipləri üstün tutmaq və bu istiqamətdə cəhd etmək tələbi qoyur. Millətçiliyin normal və məqbul sərhədlər daxilində olmaqla İslamla ziddiyyət təşkil edən bir cəhəti yoxdur. Amma əgər varsa, bu o deməkdir ki, bu məsələdə ifrata varılıb.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.