Müsəlmanlar
Yetimin malını yemək

Yetimin malını yemək

Sual: Mən eşitmişəm ki, yetimin malını o özü pul qazanana qədər yemək olmaz. Mənim yetim bir dostum var. O da mənim kimi tələbədir. Biz birlikdə gəzəndə o istəyir ki, mənim üçün nəsə alsın və elə olur ki, məni bir şeyə qonaq edir. Hətta bu gün mənə özüm istəməsəm də, borc pul da verdi. Həmin dostum işləmir amma pul sarıdan elə də bir korluğu yoxdur; qohum-əqrəbasından və aldığı təqaüdlərdən gələn pul ona kifayət edir. Qısa olaraq soruşmaq istəyirəm ki, mən onun malını yaxud da məni qonaq etdiyi şeyi yeyə bilərəm?

Cavab: Yetimin malını yemək böyük günahlardandır. Lakin bu, sizin danışdığınız kimi bir hal deyil. Haram buyurulan yetim malı yemək məsələsi atasını itirən uşaqları himayəsinə götürənlərlə (qohum-əqrəba və sairə) əlaqədar bir məsələdir.

Yetim uşağın özünün pulu ola bilər. Amma hələ balaca olduğuna görə həmin pulu düzgün xərcləyə bilməz. Yetim uşağa baxan qohumları (bunlar baba, əmi, dayı, bibi, xala və sairə ola bilər) həmin uşağın malını ancaq onun özünün yaxşılığı üçün istifadə edib xərcləyə bilərlər. Quran ayələrinə əsasən bundan başqa bir xərcləmə qadağandır. Başqa sözlə, yetimə baxan şəxs həmin yetimin malını şəxsi məqsədləri üçün xərcləyə bilməz.

Amma yetimlər rüşd dövrünə, yəni, müstəqil formada iş görə bilmək yaşına gəldikləri vaxt öz malları məsələsində tam səlahiyyətə malik olurlar; necə deyərlər, artıq öz başlarının ağası olurlar. Bu dövrdən etibarən onların malları özlərinə verilir. Onlar da hara və necə istəsələr, xərcləyə bilərlər. Bu məsələyə heç kim qarışa bilməz. Deməli, özləri istəyərək dostlarını bir şeyə qonaq edə bilərlər. Sizin dostunuz da öz istəyərək sizə bir şey alırsa, siz bunu rahatlıqla qəbul edə bilərsiniz. Bu məsələdə hər hansı bir problem yoxdur.

Aşağıdakı ayəyə diqqət yetirsəniz, qadağan edilən yetim malı yemək formasının necə olduğunu daha yaxşı başa düşə bilərsiniz:

Yetimləri evlənmək çağına gələnə qədər himayə edib sınayın; əgər onlarda ağıl-kamal baxımından bir yetkinlik görsəniz, mallarını dərhal özlərinə verin. Böyüyüb mallarını alacaqlar deyib həmin malları israfla və tələm-tələsik əldən verməyin. Varlı olan (vəli) iffətli olmağa çalışsın; yoxsul olan da (ehtiyac və əməyinə) müvafiq olaraq yesin. Onların mallarını özlərinə verdiyiniz vaxt yanlarında şahid tutun. Haqq-hesab soruşan olaraq Allah yetər (Nisa, 4/6).

Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarına ancaq atəş tıxışdırmış olurlar. Onsuz da onlar çılğın alova atılacaqlar (Nisa, 4/10).

Yetimin malına o rüşd dövrünə çatanadək ancaq ən yaxşı surətdə yaxınlaşın (Ənam, 6/152).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.