Sual: Quran təhrif edilə bilərmi?
Cavab: Təhrif məsələsini doğru başa düşmək üçün Qurandakı ayələri yaxşı incələmək lazımdır. Çünki, söhbət Allahın kitabından gedirsə, bu sahədə söz demək də Allaha düşür.
Əvvəlki kitabların pozulduğunu və bu gün bu kitabların hökmü qalmadığını iddia edənlər, Quranda İsrailoğulları barədə “onlar ayələri təhrif edərlər” ifadələrini dəlil gətirirlər. Əlaqədar ayələri incələdiyimiz zaman görəcəyik ki, Quranda “təhrif” kəlməsi, mətnin təhrif edilməsinə və itməsinə deyil, kəlimələrdəki mənanın itməsinə işarət etməkdədir. Bu ayələrdən biri belədir:
“Onlar (Kitabda olan) kəlmələrin mənasının yerlərini dəyişdirərək təhrif edərlər. Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.” (Maidə, 5/13).
Burada diqqət edilməsi lazım olan nöqtə, təhrif kəlməsiylə qəsd edilən şeyin, kəlimənin dəyişdirilməsi və ya pozulması deyil, mənasının başqa yerlərə çəkilməsidir. Bunun bir nümunəsini Allah Quranda belə göstərir:
“Yəhudilərdən bəziləri kəlmələrin mənalarının yerini dəyişərək, dillərini əyərək və dinə tənə vuraraq: ‘Eşitdik və bərk sarıldıq/asi olduq!’, Sənə ‘eşit!” demək həddimizə deyil, ama eşit!/eşitməzsən eşit!” bir də “bizə çoban ol!”– deyirlər. Əgər onlar: ‘Eşitdik və itaət etdik!’, ‘eşit!’, ‘bizə nəzər yetir!’– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar.” (Nisə, 4/46)
Ayələrdən başa düşüldüyü kimi təhrif sözü, kəlmənin və ya mətnin özünü deyil, onun ifadə etdiyi mənalarından kənara çıxarmaq üçün işlədilir. Bu yöndə Yəhudilərin Quranı təhrif etməyə çalışdıqları da bildirilir:
“Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü (Quranı) eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.” (Bəqərə, 2/75.)
Yuxarıdakı ayədə ifadə edildiyi kimi, İsrailoğulları Qurana qulaq asır, sonra ayələrin mənasını əyib insanlarda Quran əleyhinə səhv düşüncələrin yaranmasına şərait yaradırlar. Beləliklə, Quranla Tövrat arasındaki təsdiq yönünü də pozmağı hədəfləyirlər. Deməli təhrif, mətni dəyişdirmək deyil, deyiləni başqa səmtə yönləndirməkdir.
Bu gün də məallar üzərindən Quran ciddi bir təhrifə məruz qalmaqdadır. Mətndə olmayan şeyləri varmış kimi, olan şeyləri də yoxmuş kimi məallarda təqdim edilməkdədir. İnsanlar da bunu Allahın sözü zənn etməkdədir. Buna da bir misal verərsək, məsələn:
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 33/59.)
Bir çox məallarda “tanınmaması” deyə çevrilən kəlimənin orijinalı “tanınması” şəklindədir. Ancaq məal verən adam, Allahın dediyinin əksinə məna vermişdir. Belə ki, Quranın təhrif dediyi tam da budur.
Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/7230.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.