Sual: Bildiyiniz kimi özlərini əhl-i beyt tərəfdarı göstərənlər Aşura günü şəhid olan imam Hüseynə yas saxlayırlar. Qan çıxarır, başlarını yarır və cürbəcür hoqqalardan çıxırlar. Belə şeylərə xoş baxmayanları da sanki əhli beyt tərəfdarı deyilmiş kimi şərləyirlər. Sizcə onların bu cür mərasim keçirmələri doğrudurmu?
Cavab: Əzadarlıq yəni əza, özünə cəfa vermək, işkəncə etmək kimi bir çox mənalara gəlir. Hüseyn əleyhissəlamın Kərbəlada xəyanətə məruz qalıb, Yezidin əsgərləri tərəfindən şəhid edildikdən sonra bu xəyanətlərinə peşman olan və ona köməyə gəlməyən bəzi müsəlmanlar, özlərini qınamaya və bunun intiqamını almaq məqsədiylə mərasimlər düzənlədilər. Sonrakı illər bu faciəni yad etmək üçün bir araya gəlib, mərsiyələr düzənlədilər. İndiyə kimi də bu adət davam edir.
Əhli beyt, özünə müsəlmanam deyən hər bir müsəlmanın canı ciyəridir.[1] Onun zalım Yezid tərəfindən şəhid edilməsinə üzülməyən müsəlman olmaz. Bu hadisədən ibrət almaq və dərs çıxarmaq lazımdır. Üstəlik bu hadisəni yad edənlərin, xatırlayanların ağlaması və üzülməsi normaldır. Lakin belə bir faciəni istismar edənlərin, həddi aşaraq özlərini al-qana boyayanların nə dinimizlə nə də imam Hüseynlə bir əlaqəsi yoxdur. Bu insanlar, fitnəkar din xadimlərinin qurbanlarına çevrilmişlər. Din xadimləri, belə hərəkətlərlə böyük savablar əldə ediləcəyini və Hüseyn əleyhissəlamın sadiq nökərlərinə çevriləcəklərini təlqin edirlər. Bunlar özlərinin yolunda olmayanları əhli beytin düşməni və Yezidin dəstəsində yer alanlar olaraq görürlər.
Qısacası, onların bu hərəkəti nə Quranı Kərimdə nə də peyğəmbərimizin hədislərində yer almayan bir bidətdir.[2] Xüsusiylə də müsəlmanlar arasında fitnəni və düşmənçiliyi alovlandırır.
Quranda və hədislərdə ifadə edildiyi kimi, tarixdə necə peyğəmbərlər Allah yolunda cəfa çəkdi, işkəncə gördü, doğrandı və şəhid oldu. Heç bir peyğəmbər əcdadları üçün belə şeylər etmədi. Çünki hər biri axirətdə öz əməllərinin qarşılığını görəcəkdir. Rəbbimizin buyurduğu kimi: “Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.” (Bəqərə, 2/134).
Buna bənzər məlumat almaq üçün aşağıdakı linkə tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Şura-23; Əhzab, 6.
[2] Din adına uydurulan inanc və hərəkətlər.