Sual: Bəzi dini icma və camaatlarda nəzərə çarpan bir sıra inanış və anlayışlar var. Məsələn, bəziləri deyirlər ki, mənim şeyxim peyğəmbər tərəfindən təyin edilib. Belə icmalarda şeyxin və yaxud başçının şəkli ilə rabitə yaratmaq kimi şeylərə rast gəlmək olar. Elə adamlar da var ki, şeyx haqqında mübahisə etmək olmaz, şeyx səhv etməz. Müşahidələr göstərir ki, bəzi insanlar ancaq və ancaq Allahdan nəsə istəmək və kömək diləmək lazım olduğu halda, türbə və məqbərələrdə dəfn olunmuş ölülərdən kömək diləyir, orada dilək tutur və şeyxlərdən qurtuluş və kömək gözləyirlər. Bu cür misalları çoxaltmaq da mümkündür. İslam dini baxımından bu cür inanış və anlayışları ümumi surətdə necə qiymətləndirmək olar? Belə şeylər nədən irəli gəlir və qaynağı nədir?
Cavab: Hər hansı bir şəxsin peyğəmbər (ə. s.) tərəfindən təyin olunması məsələsindən söhbət belə gedə bilməz. İlk xəlifəni belə təyin etməyən peyğəmbər hər hansı bir şəxsi şeyx kimi təyin etməz. Peyğəmbər bu dünyadan köçmüş və bizə Quran və öz sünnəsini qoyub getmişdir. Buna tabe olanlar haqq yolda, olmayanlar nahaq yoldadırlar.
Şeyxin şəkli ilə əlaqə qurmaq kimi şeylər şəriətin ən ağır qadağanlarındandır. Bütpərəstlik belə başlayıb. Çünki rabitə məfhumuna bir ürək bağı və bir sevgi vasitəsi kimi deyil, aşağıdakı kimi tərif verirlər:
“Rabitə bir müridin mürşidi-kamilinin ruhaniyyəti ilə birlikdə onun surətini qəlb gözünün qabağına gətirib xəyal etməsi və qəlbi ilə ondan kömək diləməsindən ibarətdir”. Burada meydana belə bir sual çıxır: Bəs Allahla bəndəsinin arasında şeyxin ruhaniyyəti nə axtarır? Şeyx öz müridlərinin nə üçün Allahın ayələrini deyil, özünü düşünməklərini tələb edir? Yoxsa o, Allahın dinini öz əlində bir alət, başqa sözlə, vasitə kimi tutub insanları özünə tabe olmağa çağırır?
Deyirlər ki, şeyx haqqında mübahisə etmək olmaz, şeyx səhv etməz. Hətta peyğəmbərin belə xəta etdiyinə dair Quran ayəsi olduğu halda, şeyxin səhv etmədiyini demək Qurana açıq-aşkar ziddir. Halbuki, Allah Mühəmməd peyğəmbərin (ə. s.) bizim kimi bir insan olduğunu Qurani-Kərimin bir çox ayəsində açıq-aydın surətdə vurğulayıb:
De ki, mən başqa deyil, sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin ilahınız sadəcə olaraq bir ilahdır (Kəhf, 18/110).
Peyğəmbərləri onlara deyib ki, biz sizin kimi bir bəşərdən (insandan) başqa bir şey deyilik (İbrahim, 14/11).
Ölülərdən dilək diləmək və yaxud şeyxlərin mənəvi köməyini istəmək
Ölülərdən nəsə diləmək ancaq və ancaq müşriklərin gördükləri bir işdir. Bizim ölülərə bir xeyrimiz dəyə bilər amma onların bizim üçün edə biləcəkləri bir şey yoxdur.
Şeyxlərin mənəvi köməyi, bizə müəllimlik edib öyrədəcəkləri düzgün məlumatlar və verəcəkləri öyüd-nəsihətlər xaricində olmur. Dara düşən insanlar: “Ya filankəs, ya filan”, – deyə bəzi şeyxləri və din böyüklərini köməyə çağırırlar. Bu isə Qurani-Kərimin bir çox ayəsinə ziddir:
Darda qalmış insan çağırdığı vaxt köməyinə kim yetişir? Kim çətinliyi aradan qaldırır? Sizi yer üzünün hakimləri edən kimdir? Məgər Allahla birlikdə başqa bir tanrımı var?! Siz nə qədər az düşünürsünüz! (Nəml, 27/62).
Allahın hər şeyə gücü çatır, amma biz acizik. Deməli, biz bütün istək və diləklərimizi Allahdan istəməliyik. Çünki Allah tərəfindən təsdiq edilməyən istək başqa bir varlıq tərəfindən yerinə yetirilə bilməz. Elə Allahdan başqa tanrı tutmaq inancı da bəzi məsələlərdə kömək görmək ehtiyacından irəli gəlir. Buna görə də Qurani-Kərim bu cür şeyləri şirk hesab edir. Bir ayədə belə deyilir:
Bəlkə, özlərinə köməyi dəyər deyib Allahdan başqa tanrılar tutdular. Amma onların kömək etməyə gücləri çatmaz. Halbuki, özləri onlar üçün hazır əsgərdirlər (Yasin, 36/74-75).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.