Sual: Quranda “Ruhban” kəliməsi ilə qəsd edilənlər kimlərdir?
Cavab: Ruhban, “qorxmaq”, “çəkinmək” mənalarına gələn r-h-b kökündən törəmiş bir kəlmədir. “Allahdan qorxan”, “Ondan çəkinən” mənasında “Rahib” kəlməsinin cəmidir. Buna görə Ruhban; “Allahdan qorxan və Ondan çəkinənlər”, “Allah rizasını qazanmaq üçün dünyanı tərk edənlər” olaraq tanınır.
Təfsir kitablarında ruhban ilə ümumi mənada “Allahdan qorxanlar”, “özlərini ibadətə adamış şəxslər”, “İsa əleyhissəlamın dəvətini qəbul edən və onun şəriətinə tabe olanlar”; xüsusi mənada isə “xristian din xadimləri”nin qəsd edildiyi bildirilir.
Xristianlıqda rahiblər, insanların Allahla olan əlaqələrində günahları Kilsə adına əfv etmək səlahiyyətinə sahib olan, sədəqələr və qurbanlar təqdim etmək üzrə təyin edilmiş şəxslərdir. Türkcə bunlar papaz, keşiş olaraq ifadə edilir. Xristianlığın anladığı və belə bir anlayışla meydana gələn dini təşkilatların İslamda yeri yoxdur. (Bax: Hədid, 57/27.)
Bizə görə, ruhban sinifi təkcə Xristianlığa məxsus olmayıb hər dinin özünə məxsus ruhbanı (Rəbbindən çəkinəni) ola bilər. (Bəqərə, 2/40.)
İnsanların əksəriyyəti Allahdan qorxduğuna inandıqları və “din xadimi” olaraq qəbul etdikləri bu şəxslərə din adına, Allah adına bəzi səlahiyyətlər verir və beləliklə yoldan çıxırlar. Bu cür şəxslər barədə Allah Təala belə buyurmuşdur:
“Əhbarlarını (alimlərini) və ruhbanlarını (din xadimlərini) Allahla öz aralarına qoyub rəbb etdilər. Məryəm oğlu Məsihi də. Halbuki, onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa ilah yoxdur. Allah, onların şərik qoşduqlarından uzaqdır.” (Tövbə, 9/31.)
Mənbə: Aydın Mülayim, “Quranda Din Adamları”, Süleymaniyə Vəqfi Nəşri, İstanbul, 2016, s. 61-62.