Müsəlmanlar

Cariyələrlə nikahsız olaraq əlaqəyə girmək caizdir?

Sual: Əlimizdəki məallarda (tərcümələrdə), “Əliniz altındakı cariyə ya da əsir qadınlarla nikahlanın” yerinə, “Əliniz altındakı cariyələrlə kifayətlənin.”- yəni, -təfsirlərdə də nikahsız- onlardan faydalanın, mənasında izahatlar verirlər. Bu nə dərəcədə doğrudur?

Cavab: Allahın kəlamını dinin bütün sahələrində öz istək və arzularına uyğun yorumlamaqları ucbatından müsəlmanlar (xüsusilə müasir dövrümüzdə) çox çətin və ağır vəziyyətlərə məruz qalıblar. Bu sahələrdən biri də qadın haqlarıdır.

Allah Təala, Nisə surəsinin 3-cü ayəsində millətindən, titulundan, vəziyyətindən asılı olmayaraq, qadınları “nikahlayın!”– əmrini verməkdədir.[1] Lakin ənənəçi din xadimləri bu əmri cümlə içərisində dəyişərək, “cariyələrlə kifayətlənin”- deyə çevirmişlər. Eyni zamanda əhli şiə, Nisə surəsinin 24-cü ayəsində keçən “أُجُورَهُنَّ” – yəni normal nikahda qəsd edilən “mehir” kəliməsini- “ödəniş” deyə tərcümə edərək, həm mütənin həm də cariyələrlə zinanın qapısını açmışdır. Məsələn, Təbatabai 24-cü ayəsində “أُجُورَهُنَّ” “ödəniş” deyə tərcümə etdiyi bu kəliməyə bir sonrakı yəni 25-ci ayədə “mehir” demişdir.[2] Quranın digər 5 yerində də keçən və özlərinin də mehir deyə tərcümə etdiyi bu kəliməyə təkcə bu ayədə əqidələrinə alət edərək “ödəniş” mənasını vermişlər.[3]

Cariyə və əsir alınan qadınlarla hür qadınlar arasında nikah məsələsində heç bir fərq yoxdur. Əsir bir qadınla nikahsız əlaqəyə girmək Quranda qəti qadağandır.[4] Hür bir qadınla necə nikah yoluyla evlənilirsə, əsir qadınla da eyni qaydada nikah qıyılmaq şərti ilə evlənilir.

Nikah barəsində həm bu qadınların həm də onların vəlisinin icazəsi şərtdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Aralarında ədaləti yerinə yetirməməkdən qorxsanız, bir tək qadını və ya əliniz altında olan cariyəni nikahlaya bilərsiniz. Bu, haqsızlıq etməməyə daha yaxındır.” (Nisə, 4/3.)

[2] Təbatabai, “əl-Mizan”, Nisə surəsinin təfsiri.

[3] Baxın, Nisə 24-25; Maidə 5; Əhzab 50; Mümtəhinə 10; Təlaq 6.

[4] Nisə, 4/24.