Sual: Sehr (əfsun, cadu) nədir?
Cavab: Sehr əsl səbəbi gizli olduğuna görə olduğu kimi deyil, başqa cür təsəvvür və təxəyyül edilən göz bağlamaq, şarlatanlıq, hiyləkarlıq və oyunbazlıq deməkdir. Xalq arasında sehr sözünün yerinə əfsunlamaq, cadu-piti etmək və əl-ayaq bağlamaq kimi ifadələr də işlədilir. Sehr düzgün olan bir şeyi səhv, səhvi düzgün, xəyalı həqiqət və həqiqəti xəyal kimi qəbul etməyə gətirib çıxartdığına görə pis bir şeydir. Misal üçün, Həzrəti Musanın əsası möcüzə olaraq böyük bir ilana çevrildiyi vaxt narahat olan Firon sehrbazları köməyə çağırmış, onlar da insanları aldadıb qorxutmuş (Əraf, 7/116), atdıqları ip və çomaqları elə göstərmişdilər ki, guya onlar qaçırlar (Taha, 20/66).
Bəzi təfsir kitablarında qeyd edildiyinə görə o vaxtlar sehrbazlar qoyun bağırsaqlarına civə doldururmuşlar. Bu bağırsaqlar üstdən tutulduğu vaxt çomaq, ortadan tutulduğu vaxt da ip kimi görünürmüş. Sehrbazlar bir gün həmin bağırsaqları qızmar qumların üstünə atdılar və istidən qızıb hərəkət edən civə bağırsaqların ilan kimi qıvrılmasına səbəb oldu. İlanlara baxmağa gələn insanlar belə bir mənzərəyə şahid olduqlarına görə qorxuya düşdülər və elə zənn etdilər ki, bağırsaqlar qaçışan ilanlardır. Həzrəti Musa əsasını atdığı vaxt da əsa sehrbazların ilanlarını uddu. Sehrbazlar bunun bir sehr olmadığını hamıdan əvvəl başa düşüb səcdəyə döşəndilər və beləliklə, Musa peyğəmbərə inandılar (Əraf, 7/120).
Təbiətdə bizim bilmədiyimiz bir çox qanun var. Bəzi şəxslər bu qanunların bir qismini öyrənib başqalarına təsir göstərirlər. Məsələn, televizorun nə olduğunu bilməyən insanları onun vasitəsilə təsir altına almaq mümkündür. Burada bir məsələni də qeyd etmək lazımdır ki, insanların sehr üçün istifadə etdikləri metodlar yeni ixtiralar və kəşflər vasitəsilə dəyişə bilər.
Cinlər vasitəsilə də sehrbazlıq etmək mümkündür. Məsələn, bir cindar öz yanına gələn bir şəxslə əlaqədar olan məlumatları onunla münasibəti olan başqa bir cindən alıb həmin şəxsə bildirdiyi vaxt onu öz təsir dairəsinə alır. Buna görə də: “Mən hələ heç bir şey deməmiş mənə adımı, nə işlə məşğul olduğumu, dostlarımla necə münasibətdə olduğumu və bunlara oxşar şeylərin hamısını bildirdi”, – deməklə onu fövqəltəbii bir şəxs kimi qəbul edən və beləliklə, onun təsirinə düşən insanlara tez-tez rast gəlmək olur.
Sehrbazlar, başqa sözlə, cadugərlər gördükləri işin əsl mahiyətini gizlədib özlərini fövqəltəbii güclərə malik olan şəxsiyyətlər kimi göstərir və bu yolla insanları öz maraqları üçün təsir altında saxlamağa çalışırlar. Bu, haram və günahdır. Onlar Allahın vermədiyi bir gücün özlərində olduğunu və Allahın səlahiyyətlərinin bir qisminə malik olduqlarını göstərdiklərinə görə eyni zamanda şirkə də düşürlər.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.