Sual: Mən əhli-beyt aşiqi bir şiəyəm. Peyğəmbərimiz və 12 imamın yolu ilə gedirəm. Sünnilər isə imaməti qəbul etmir və bunu imanın şərti olaraq görmürlər. Bu nə dərəcədə doğrudur?
Cavab: Əhli beyt haqqında məlumatı bu linkdən ala bilərsiniz: http://www.muselmanlar.com/fitvalar/6393.html
Şiə, lüğəttə “Qrup, firqə, tərəfdar, zümrə,”- deməkdir. Dini termində isə, özlərini “peyğəmbər nəslinin tərəfdarları, onların yolundan gedənlər” olaraq görənlərə verilən addır.
Bütün məzhəblər özlərinə götürdüyü ad və şəxslərlə fəxr edir, bunları tərif etmək və özlərinin doğru yolda olduqlarını göstərmək üçün rəvayətlər uydurur və əsrlərdir müsəlmanları din adına istismar edirlər.
Əvvəlcə bunu qeyd etməliyik ki; Allah bizə müsəlman adını vermişdir. Başqa adlarla yad edilməmizdən xoşlanmaz. Quranda bu barədə belə məlumat verilir: “…O sizə və sizdən əvvəlkilərə müsəlman adını verdi.” (Həcc 22/78).
Allahın sevmədiyi və Quranda tənqid edilən şeylərdən biri də məzhəb ayrıseçkiliyidir.
Allah Təala, müxtəlif adlara, məzhəblərə ayrılıb, keçmişləri ilə qürurlanan yəhudi və xristianlardan bizə misal verməkdədir. Çünki onlar özlərini İbrahimin yolunda olduğunu, İbrahimin isə yəhudilərə görə yəhudi, xristianlara görə isə xristian olduğunu göstərməkdə idilər. Halbuki Allah Təala, hər iki tərəfin iddiasını yalanlayaraq, İbrahim əleyhissəlamın nə yəhudi nə də xristian olmadığını, əksinə, müsəlman olduğunu bildirməkdədir: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi.” (Ali İmran 3/67).
Allah Təala bizim də fərqli firqələrə ayrılmamağımızı; yəni nə sünni nə də şiə olmağımızı istəməməkdədir. Hətta şiəlik etməyimizi heç istəməməkdədir! Bu sözümüz şiə olanların xoşuna gəlməyə bilər, ancaq bu həqiqətin Quranda olduğunu qəbul etmək məcburiyyətindədirlər. Şiə və şiəlik, Saffat surəsinin 83-cü ayəsi xaricində heç bir ayədə müsbət qeyd edilməz:
إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا
“Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü…” (Qəsas 28/4)
ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا
“Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq.” (Məryəm 19/69).
مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir.” (Rum 30/32).
Ərəb dilini bilən və xüsusilə də şiə olduqları üçün öyünənlərə ayədə ifadə edilən وَكَانُوا شِيَعًا ibarəsinə fikir vermələrini istəyirik. İmamlar peyğəmbər nəslindən olduqları üçün sevilməli və hörmət göstərilməlidir. Ancaq onların imamətini imanın şərtindən saymaq dinimizdə yoxdur. Bütün bunlar sonradan siyasi münaqişələrdən ortaya çıxan məsələlərdir. Allah tərəfindən Quranda bildirildiyi kimi bizim həqiqi dində olmağımız; imamətə ya da sünnətə inanmağımızla, yəni nə şiə nə də sünni olmağımızla deyil, müsəlmanlığımızla ölçülməkdədir. Bu səbəblə sünni də şiə də sünniliyi və şiəliyi buraxıb müsəlman olmaq və bu addan başqa bir ad qəbul etməmək məcburiyyətindədirlər. Bu cür ayrıcalığı edənlərə Quran belə deyir:
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur.” (Ənam 159.)
Allah Təala, baxın kimi tərif edir və hansı addan xoşlanır:
(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! (Füssilət 41/33.)
Suala cavab verdi: Aydın Mülayim.
Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı video linklərinə müraciət etsinlər:
http://www.muselmanlar.com/elanlar-xeberler/6240.html
http://www.muselmanlar.com/elanlar-xeberler/6361.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.