Sual: Cihad Allah yolunda döyüşmək isə bunu müasir dövrümüzdə necə yerinə yetirmək olar?
Cavab: Cihad; səy göstərmək, var gücü ilə çalışmaq, əzm etmək, bir işə nail olmaq üçün bütün imkanları səfərbər etmək mənasına gələn “cəhd” kəlməsindən əmələ gəlmiş bir termindir. Bu kəlimə bizim dilimizdə də çox işlədilir. Həyatın mənası olaraq Allaha qulluq etmək, Onun qoyduğu ölçülərin şəxsi və ictimai həyatta tətbiq edilməsinə çalışmaqdan başlayaraq, İslamı digər insanlara təbliğə, İslam ölkəsini və müsəlmanları hər cür təhlükə və təcavüzlərə qarşı müdafiəyə hətta lazım olarsa döyüşməyə qədər geniş bir mənanı daşıyan cihad; qəlb, dil, əl və silah kimi bəşəri aksiyaların ortaya qoyulduğu hər vasitə ilə yerinə yetirilə bilməkdədir.[1]
Cihad, geniş mənalı bir termindir. Bu səbəblə bu termini təkcə silahlı mübarizə, döyüş mənasında işlətmək doğru deyildir.Quranda döyüş mənasına gələn kəlimə “qıtal/müqatələ”- kəlməsidir. Cihadın təkcə döyüş mənasına gəlmədiyinin ən böyük dəlili bu ayədir:
“Elə isə kafirlərə itaət etmə və onlara qarşı Quranla böyük bir cihad et.” (Furqan, 25/52.)
Quranla cihad; kafirlərlə mübarizənin Quranla və Qurana uyğun bir qaydada yerinə yetirilməsidir. Buna görə bir müsəlmanın Allah rizası və İslam üçün var gücü ilə çalışması cihad qavramına daxildir. Bir də düşmənlə ediləcək döyüş hər vaxt qarşılaşılabiləcək bir hadisə deyildir. Ancaq insan daim nəfsilə və şeytanla mübarizə halındadır. Elə bu mübarizənin adı cihaddır. Yəni, lazım olanda mal ilə lazım olanda can ilə lazım olanda da dil ilə cihad edilir. Qısaca, Allah üçün nəyi, harada, nə vaxt və nə cür yerinə yetirmək lazımdırsa, onu orada, tam vaxtında və ən yaxşı qaydada yerinə yetirmənin adı cihaddır.
Bu gün müsəlmanlar olaraq ilk vəzifəmiz, Allahın göstərdiyi qaydada yaşamaya və əlimizdən gələnin ən yaxşısını yerinə yetirməyə çalışmaqdır. Bunun yolu da Quranı başa düşmək, yaşamaq və Müsəlmanlar olaraq hamımızın Quranın ətrafında birləşməkdən ibarətdir. Bunu həyata keçirdiyimiz təqdirdə Allah bizə hər sahədə böyük nailiyyətlər bəxş edəcəkdir. Bu Allahın müjdəsidir. Aşağıdakı ayələri düşünüb buna görə hərəkət etmək lazımdır:
“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da yer üzünün hakimi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” (Nur 24/55.)
“Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.” (Muhamməd 47/7.)
“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.” (Bəqərə 2/214.)
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” (Əli İmran 3/103.)
“Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?” “Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.” “(Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.” (Saff 61/10-13.)
Mənbə: Yəhya Şenol, “ Bizə soruşurlar”, Kitab və Hikmət Jurnalı”, Oktyabır- Dekabr 2015, Sayı: 11, s. 98.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Ahmet Özel, “Cihad”, Diyanet İslam Ansiklopedisi, İstanbul, 1993, c: 7, s: 528.